Baş səhifə / Cəmiyyət / Zirəddin Rzayev: “Qəbulum 5 yox, 100 mindir”

Zirəddin Rzayev: “Qəbulum 5 yox, 100 mindir”

Bir neçə gün öncə Rusiyanın I Kanalında yayımlanan Boris Sobolevin proqramında azərbaycanlı ekstrasens Zirəddin Rzayevlə bağlı qalmaqallı məqam yaşanıb. Müəllif onun parapsixoloji özəlliklərini şübhə altına alan fikrilər səsləndirməklə yanaşı, onun insanları fantastik qiymətlərə qəbul etdiyini yazıb.

Moderator24.com xəbər verir ki, musavat.com-a açıqlama verən Zirəddin Rzayev səslənən məqamlara aydınlıq gətirib:

– ORT-dəki proqramda Boris Sobalev haqqımda yalan informasiyalar verməklə yanaşı, dediklərim montaj zamanı təhrif edərək seyrçiyə tamamilə başqa kontekstdə təqdim etdi. Baxanda təəccüb elədim. Verilən suallar, verdiyim cavablar tamamilə başqaydı, efirə gedənlər başqa. Ən çox da gizli kamera ilə çəkilən, yəni çəkiliş salonunda kənar görüntülərdən istifadə etmişdilər. Belə qeyri-professionalizm təəssüf doğurur.

– Rusiya mediası sizin “mən özümdəm başqa görücü tanımıram” cümlənizi çox hallandırır. Gerçəkdən bu fikirdəsiniz?

– Bəli, proqramda da, ondan öncəki müsahibələrimdə də belə bir fikir səsləndirmişəm və indi də onun arxasında dururam. Kim özünə güvənirsə, güclərimizi sınayaq. Bu gün qlobal miqyasda proqnozları kim verir? Məcbur olub təvazökarlıqdan uzaq sözlər deyirəm… İslandiyada vulkan püskürəndən 6 ay öncə söyləmişdim ki, Avropada böyük tüstü görürəm. Bu sözü deyəndə məni qınadılar ki, Avropa böyük məkandır, konkret haranı nəzərdə tutursan? Amma 6 ay sonra proqnozlarımı qeyri-ciddi qəbul edənlər məndən üzr istədilər. Yadınıza gəlirsə, bütün Qərbi Avropanı o zamanı tüstü bürümüşdü və hava nəqliyyatı iflic olmuşdu.

– Siyasətçilərlə yaxşı münasibətiniz olduğunu bilirik. Amma siyasi proqnozlarınız nəyə görəsə azdır…

– Aydındır ki, bu proqnozlar müəyyən dairələrin maraqlarına uyğun olmur. Ancaq təhlükə, narahatlıq görsəm, təəssübünü çəkdiyim cəmiyyətlərə, siyasilərə xəbər çatdırıram. Bu mənim missiyamdır. Özü də siyasətdən tamamilə uzaq düşdüyümü deyə bilmərəm. Rusiyalı jurnalistlərin də bu haqda suallarına tez-tez cavab verməli oluram. Azərbaycanda 2008-ci ildə məndən 4 siyasi məhbus haqqında soruşmuşdular, onlardan ikisinin qısa zamanda azadlığa çıxacağını demişdim. Az sonra onlar əfv fərmanı ilə azadlığa çıxdılar. Mübariz İbrahimovun nəşinin qaytarılması mümkün olmurdu, yadınıza gəlirsə. Onda da demişdim ki, 10 gün içərisində Azərbaycan şəhidin nəşini ala biləcək. Bu proqnozum da doğruldu. 2018-ci ildə İranda baş verən terror aktını da öncədən görüb xəbər vermişdim. 2017-ci ilin mediasında bu proqnozum var. Biz elə bir əsrdə yaşayırıq ki, kimin nə dediyini mediada axtarıb tapmaq bir neçə saniyədə mümkün olur. Ona görə də kimin şübhəsi varsa, buyurub baxa bilər. Bu yaxınlarda Dağıstanda bir azyaşlının qətli ilə bağlı respublika səviyyəsində axtarış gedirdi. Mən onun harada basdırıldığını dedim. Anası meyiti görəndə inanmamışdı, qəbul etmirdi, israr elədim ki, odur. 2 ay sonra məhkəmə-tibb ekspertizası dediklərimi sübut etdi.

– Gerçəkdən də bu xidmətləri fantastik qiymətlərə görürsünüz? İddia edildiyi kimi 5 min avroya?

– Birincisi, onu deyim ki, müalicə ilə heç zaman məşğul olmamışam. Çünki müalicə həddən artıq çox zaman tələb edir, bu, mənim imkanlarım xaricindədir. Yalnız ehtiyac yarandıqda doğmalarımı, qohumlarımı, dostlarımı heç bir maddi təmənna ummadan müalicə edirəm. Psixoterapiyadır, psixoloji konsultasiyadır, bunlar mənim birbaşa işimdir. Amma müalicə 5 min avrodan başlayır fikri gülünc və heç bir məntiqə sığmayan iddiadır. Rusiyada yaşayıram və burada milli valyuta rubldur, ödənişləri də rublla alıram. Heç kim narahat olmasın, yardım üçün gələnlərin heç birini valyutadəyişmə məntəqəsinə göndərib rublu avroya çevirməsini tələb eləmirəm. Rusiyalı aparıcı məni xalqın gözündən salmaq və yalnız zənginlərlə işləməyimlə bağlı tamamilə saxta təəssürat yaratmaq üçün bu mənasız tryukdan istifadə edib. Yaxşı ki, qızıl, brilyantla ödəniş aldığımı demədi… Qapım yardıma ehtiyacı olan hər kəsə açıqdır. Çevrəmdəki insanların hamısı bunu bilir. Qaldı qəbul qiymətlərimə, indilik bu 100 mindir. Rublla. Bunun gizlətmirəm. Ola bilər, bu kimə görəsə fantastik rəqəmdir, kimə görəsə, bir naharın qiyməti. Mən heç kimin qolunu-qıçını qırıb yanıma gəlməyə məcbur etmirəm. Bu, insanların şəxsi seçimidir. Onu da deyim ki, Azərbaycan parametrləri ilə götürsək, bu bir ortabab müğənninin toyda yarım saat oxumasının ödənişindən dəfələrlə azdır. Amma mən müğənni deyiləm. Məclislərdə xoş əhval-ruhiyyə ilə pul qazanmıram, üstümə dərd-qəm tökülür, problemlərin çıxılmaz duruma saldığı insanlarla işləyirəm. Bu mənada bizim sahə çox çətindir. Bəzən insanlar bir təsirli filmə baxır, ya bir əsər oxuyur, uzun müddət onun təsirindən çıxa bilmir. Biz gündə neçə belə təsirli hekayə ilə üzləşirik. Sağlamlığımızı, əsəblərimizi xərcləyirik, bunun qiyməti necə aşağı ola bilər? Bu haqda xəbər yayan telekanal və xəbəri tirajlayan media orqanları niyə zəng edib klinikadan xidmət qiymətlərini öyrənməyiblər? Axı, biz qapalı qurum deyilik. Sosial şəbəkələrdə fəalıq, hər yerdə telefon nömrələrimiz var. Göründüyü kimi məqsədlidir…

– Zirəddin, evinizdə olmuşam, ailənizlə tanışam, amma sizdən möhkəm incimişəm – niyə bu vaxta qədər məni iqamətgahınıza dəvət etməmisiz?

– (Gülür) Çox yerində ironiyadır… Hərdən haqqımda o qədər yalanlar uydururlar, az qalıram özüm də inanım – birdən olar, bəziləri kimi yadımdan çıxar… Yaxın dostlara evimin qapısı açıqdır, bilirsiz. Moskvada Dublinskaya küçəsində 1 otaqlı mənzilim var. İqamətgah, 5 mənzil… cəfəngiyatdır. Varsa, hansı ünvandadır? Bunu yazan jurnalistlər nədən “evimi”, “küçəmi” çəkib göstərmədilər? Ali təhsilli tibb işçisiyəm. Öz sahəm üzrə xəstəxanada çalışıram, pasiyentlərimi də orada qəbul edirəm. Təəccübləndiyim həm də odur ki, Azərbaycan mediası da bu saxta xəbərləri yoxlanmamış tirajlayır…

– Azərbaycanda müəllim işləmisizmi? Yazılarda belə bir iddia da gördüm…

– Müəllimlik müqəddəs peşədir. İlk ali təhsilimi ibtidai təhsilin pedoqogika və metodikası üzrə almışam. Ondan sonra psixologiya, ardınca da tibbi psixologiya üzrə ali təhsil aldım. Eyni zamanda Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirdim. Yəni Allahın mənə verdiyi yetənəyi elmlə təkmilləşdirmək üçün hər zaman çalışmışam. Amma Azərbaycanda müəllim işləməmişəm. Ölkəmdə, ya da dünyanın istənilən bir yerinə müəllim işləsəydim və bundan sonra işləsəm, bundan ancaq böyük qürur duyaram. Müəllimliyi kinayə obyektinə çevirənlər çox cılız, aciz və məzlum insanlardırlar. Çünki dünyada prezidenti də, həkimi də, alimi də, mahir bir sənətçini də, kamil insanı da o pilləyə qaldıran müəllimdir, ustaddır, mürşüddür. Maraqlıdır ki, Boris digər ekstarsenslərdən danışarkən onların sinifdə qaldığından həvəslə söz açdı və mənim ali təhsillərim haqqında susdu. Bu qərəz deyil, nədir? Bir zamanlar prezident Corc Buşa ayaqqabısını atan şəxs ABŞ-da məşhurlaşdı, reklama çəkildi, ciddi pullar qazandı. İndi bu jurnalist də mənə çamur atmaqla məşhurlaşmağa çalışır. Burda başqa səbəb yoxdur. İllərdir radio proqramlarda, ayda bir dəfə RuTV-də insanlara pulsuz məsləhətləri verirəm, amma bunları deyən yoxdur…

– Sizin Rusiya mediası, ünlü jurnalistlərlə ciddi əlaqələriniz var. Məsələn, siz ORT-nin simalarından biri Andrey Malaxovun verilişinə dəfələrlə ekspert kimi dəvət edilmisiz. Onlar sizə təkzib üçün şərait yaratmağı təklif etməyiblər?

– Yaxın günlərdə telekanallardan birinin tok-şou proqramına dəvət almışam. Yəqin ki, bütün deyilənlərə orda da cavab verəcəm. Heç kim unutmasın, yalan ayaq tutur, yerimir…

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …