Baş səhifə / Cəmiyyət / “Kimdi bizi adam yerinə qoyan?!…” – Ölümlə rəqs edən Bakı süpürgəçiləri (FOTO)

“Kimdi bizi adam yerinə qoyan?!…” – Ölümlə rəqs edən Bakı süpürgəçiləri (FOTO)

“…250 manat maaş alıram. Əlbəttə, işimiz çox təhlükəlidir. Amma əvvəlcədən dilimizdən iltizam yazdırıb qol çəkdiriblər ki, əgər nəsə olsa, özümüz məsuliyyət daşıyırıq”

Bunu 20 ilə yaxındır ki, Binəqədi rayonunun əsas küçələrindən birini-Cəfər Xəndan küçəsini süpürən Xanım xala deyir. Xanım xalanı-əlində süpürgəsi ilə hər gün küçəyə atılan hər cür zir-zibili yığıb-yığışdıran bu əliqabarlı, zəhmətkeş yaşlı qadını çoxları tanıyır. Deyir ki, peşəsi təhlükəlidir, amma çörək pulu üçün işləməyə məcburdur.

Bu günlərdə Xanım xala kimi hər gün həyatlarını sürətlə şütüyən maşınların altında qalıb əzilmək təhlükəsi qarşısında riskə atıb paytaxt küçələrini süpürən süpürgəçilər qəfildən ictimai diqqət cəlb edib. Səbəb isə martın 26-da onlardan birinin Heydər Əliyev prospektində, Sabunçu körpüsünün üzərində “Kamaz”la vurularaq öldürülməsi, meyitinin fotosunun sosial şəbəkələrdə yayılmasıdır.

Və Bakıda növbəti dəfə süpürgəçi qadının faciəli ölümü belə haqlı suallara səbəb olub: on milyonlarla dollar xərclənib alınan xüsusi texnikası olduğu halda Bakı şəhər İcra Hakimiyyəti, onun Mənzil-Kommunal Təsərrüfatı Departamenti niyə küçələri “Kamaz” vurub öldürən Cəmilə Salahova kimi süpürgəçi qadınlara süpürdür?

“Maşın vurdu, o vaxtdan belimdə fəqərə yırtığı əmələ gəldi…”

Virtualaz.org ictimai rezonans doğuran bu hadisədən sonra Bakının intensiv hərəkət olan bəzi küçə və prospektlərini süpürən belə süpürgəçilərlə elə iş başında söhbətləşib.

Xanım xala deyir ki, hər gün təhlükə ilə üzləşsə də işləməyib nə etsin, axı başqa işi, sənəti, qazanc yeri yoxdur: “Yaşlı adamam məni bu yaşdan sonra heç kim işə götürməz. 65 yaşım var, 18 ildir bu işdə işləyirəm. Dəfələrlə belə hadisələrlə rastlaşmışam, tanıdığım süpürgəçiləri maşın vurub, amma ölməyiblər. Elə öz başıma da gəlib. Bir dəfə yaşlı kişi maşınla gəlib məni vurdu. Elə o vaxtdan da belimdə fəqərə yırtığı əmələ gəldi. İllərdir onun əziyyətini çəkirəm”.

Amma süpürgəçi qadın işlədiyi “JEK”in rəhbərliyindən narazılıq eləmir. Deyir ki, işləməsə evi dolandıra bilməz: “Evdə ancaq mən işləyirəm. Böyük oğlum var, iş tapa bilmir. Özü də xəcalət çəkir, amma nə etsin… Heç əslində mənim yaşıma uyğun deyil burada işləmək. Amma nə edim, bir yerdə işləməsəm dolana bilmərik axı. Bizə iclaslarda həmişə məsləhət görürlər ki, özünüzü qoruyun, tələsməyin. Daha nə desinlər? Haqqına danışmaq lazımdır, axı bizim geyimimizi, xalatımızı, əlcəyimizi, süpürgəmizi rəhbərlik verir…”

Ziya Bünyadov prospektini süpürən süpürgəçi Zərintac Quliyeva isə hətta ali təhsilli mühasibdir. Deyir bir müddət Şirvandakı zavodlardan birində mühasib kimi çalışıb. Amma sonra Bakıya köçüblər, özünə uyğun iş tapa bilmədiyinə görə məcbur olub “JEK”də fəhləlik edir.

“Oğlum 7-ci, ya da 8-ci sinifdə oxumalıdır, amma…”

“Kirayə qalırıq, yoldaşımın da gözdən əlildir deyə, işləyə bilmir. Evin bütün ağırlığı çiynimdədir. 3 uşaq böyüdürəm, imkansızlıqdan heç biri məktəbə getmir. Çünki aldığım pulun çox hissəsini kirayəyə verirəm, qalanı yavan çörəyimizə ancaq çatır. Oğlum 7, ya da 8-ci sinifdə oxumalıdır, onu məktəbə qoya bilməmişəm, qızlarım da həmçinin. 220 manat maaş alıram, onun 150 manatı kirayəyə gedir. Zərərli işdə işlədiyimizə görə ayda əlavə 30-50 manat da “süd pulu” verilməlidir, onu da versələr dolanarıq”- deyə həmsöhbətimiz gileylənir.

Amma müsahibimizin işi ağır olsa da narazılıq eləmir. Tək istəyi budur ki, rəhbərlik onlarla insan kimi davransın və çəkdikləri zəhmətə görə normal pul alsınlar.

“Kimdi bizi adam yerinə qoyan?”

Zərintac Quliyeva deyir: “Hökumətə, prezidentimizə müraciət edirik, bizə kömək eləsinlər. Biz heç istəmirik yolları texnika təmizləsin. Bəs bu yolları maşınlarla təmizləsələr biz nə yeyəcəyik? Biz bura çörək qazanmağa gəlmişik. Amma halal pulumuzu versinlər, başqa heç nə istəmirik. Briqadirimiz maşınla keçir, baxır, əgər yolda bir kağız, sellofan torba olsa, gözümüzü çıxarır. Biz insanıq ki?! Kimdi bizi adam yerinə qoyan?”

Ziya Bünyadov prospektini süpürən 50 yaşlı digər süpürgəçi qadın (işdən çıxara biləcəklərini nəzərə alıb adını yazmırıq) isə deyir ki, onlara çatacaq mükafatı briqadirləri mənimsəyir “Mükafat 3-4 aydan bir verilir, heç onu da tam ala bilmirik. Əslində “süd pulu” almalıyıq, çünki tozun-torpağın içərisində işləyirik. Amma onu müdriyyətimiz özü alıb yeyir. Binəqədi Rayon İcra Hakimiyyəti də onlarla əlbirdir. Mən şikayət etmək üçün gedəndə dedilər “sən kimsən ki?!” Haqqımı müdafiə elədiyimiə görə adımı “dəli” qoyublar. Bəyəm bu saat bizdə dəlilik əlaməti görürsünüz?”, – deyə həmsöhbətimiz sual edir.

Qadın deyir ki, evdə ondan başqa həyat yoldaşı da işləyir, amma ailənin qazancı dolanmağa bəs eləmir.

“Dəfələrlə iş yoldaşlarımız arasında avtomobillə vurulanlar olub. Ölən də olub, şikəst qalan da. Elə bir dəfə mənim özümü yerdən zibil götürən yerdə az qaldı maşın vursun. Bizə bəzi kağızlara qol çəkdirirlər, heç bilmirik nədir. İxtiyarımız çatmır ki, nə olduğunu soruşaq. Soruşanda üstümüzə qışqırırlar”-süpürgəçi deyir.

Hərənin öz qisməti…

Heydər Əliyev prospektini təmizləyən süpürgəçilər isə artıq işlərini görüb dincəlirdilər. Amma görünür süpürgələrini itirməmək üçün jurnalistlərə problemlərini danışmağa çəkinirlər.

“Burada heç bir təhlükəli iş yoxdur. İndiyə kimi hələ heç vaxt bizi maşınla vuran olmayıb. Dünənki hadisə də yəqin yol çətin olduğuna görə baş verib. Hərənin öz qisməti var, nə yazılıbsa o da olacaq. Çörəyimiz buradan çıxır, işləməliyik”, – onlardan biri, Xumar adlı süpürgəçi bildirir.

Hər gün maşınla vurulmaq təhlükəsi qarşısında, açıq havada, tozda-küləkdə, günün, yağışın altında işləyən bu qadınlar kənardan bir-birlərinə necə də bənzəyir. Yaşlarının neçə olmasına baxmayaraq onların sanki hamısı yaşlıdır, elə problemləri də təxminən eynidir…

Bakı şəhər İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə isə bu qadınların əməyini yüngülləşdirmək, onları heç olmasa təhlükəli yollarda işləməyə məcbur etməmək üçün nə düşündükləri haqda suallar ünvanlaya bilmədik. Sadəcə olaraq Departamentdən telefon zənglərimizə cavab verən tapılmadı…

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …