Baş səhifə / Flaş / “ABŞ Qarabağda müharibəni başlatmaq istəyir” – rus politoloq

“ABŞ Qarabağda müharibəni başlatmaq istəyir” – rus politoloq

Qarabağla bağlı daha bir müharibə xəbərdarlığı media vasitəsilə tirajlanıb. Rusiyalı politoloq, Yaxın Şərq və Cənubi Qafqazda siyasi PR və kütləvi kommunikasiyalar sahəsində mütəxəssis Denis Korkodinov deyib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması riski yüksəkdir.

Onun sözlərinə görə, Ağ Evin Moskvaya qarşı sanksiya siyasətini inkişaf etdirməyə çalışdığını nəzərə alsaq, Vaşinqton Rusiyaya qarşı təzyiqləri artırmaq üçün istənilən regional münaqişə ocaqlarından istifadə edə bilər. “Qeyd etmək lazımdır ki, ABŞ artıq çoxdandır Cənubi Qafqazdan Moskvaya təzyiq yaratmaq üçün istifadə edir. Məsələn, İnquşetiya və Kabardin-Balkar. İndi Azərbaycanla Ermənistan arasında münasibətlər elə gərgin xarakter alıb ki, istənilən qığılcım açıq silahlı qarşıdurmaya gətirib çıxara bilər”, – ekspert axar.az-a açıqlamasında bildirib.

Korkodinov əminliklə bildirib ki, ABŞ bu faktordan Rusiyaya qarşı yeni müharibə başlatmaq üçün istifadə edə bilər.

Rusiyalı ekspertin fikirləri mübahisə üçün açıqdır. Belə ki, elə ötən həftə ABŞ prezidenti Donald Tramp baş nazir təyin edilməsi münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda tezliklə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağına ümid etdiyini bildirmişdi. Hətta sətiraltı eyham vurmuşdu ki, Ermənistanın inkişafı Qarabağ tənzimlənməsindən keçir.

Denis Korkodinov

Hər kəsə aydındır ki, işğal şəraitində hansısa anlaşma mümkün deyil, Azərbaycan torpaqlarının ilhaqı ilə barışmayacaq. Deməli, dünyanın superdövlətinin rəhbəri də İrəvana mesaj verir ki, torpaqları dinc yolla qaytarmağın alternativi yoxdur. Bundan əvvəl ABŞ diplomatı Con Bolton Ermənistanı tarixi şablonlardan əl çəkməyə çağırmışdı. Bu şablonlar isə “soyqırım”, “Böyük Ermənistan” və sairdir. Deməli, Ağ Evin siyasətində savaşı tətikləyən elementlər görünmür. Əksinə, Vaşinqtona İranla bağlı planlarının fonunda bölgədə sabitlik daha çox gərəkdir.

Maraqlıdır ki, Rusiya mediası Trampın Paşinyana təbrikindəki bəzi məqamları Kremlin marağına uyğun şərh etməkdədir. Publika.az xəbər verir ki, Rusiya KİV-i Trampın məktubunda deyilən sözlərin əslində Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədinin olduğunu iddia edirlər. Qeyd olunur ki, ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qarabağda müharibəni başlatmaq istəyir. Rusiya bir neçə media orqanı bu tezislə çıxış edir. Rusiya KİV-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan kəşfiyyat-analitik mərkəzinin proqnozunu xatırladır. 2018-ci ilin dekabrında “Stratfor” proqnozlaşdırırdı ki, ABŞ 2019-cu ildə Rusiya sərhədlərində sabitliyi pozacaq. Zərbə üç istiqamətdən endirilə bilər: Ukrayna: burada Kiyevə hərbi dəstək artırıla və Qara dənizdə hərbi bazalar yaradıla bilər. Mərkəzi Asiya: Əfqanıstandan postsovet ölkələrinə terrorçular göndərilə bilər. Və nəhayət, Cənubi Qafqaz.

“Stratfor” ABŞ-ın Ermənistanı Rusiyanın əlindən almaq planları haqqında yazır. Rusiyalı analitiklər hesab edirlər ki, ABŞ Qarabağda müharibəni yeniləməklə bağlı planlarını hələ ki gizli saxlayır. Denis Korodinov da hesab edir ki, Qarabağda müharibə təkcə Rusiyanın cənub sərhədlərində xaos yaratmayacaq, həmçinin regionda ikitərəfli münasibətləri də korlayacaq.

2016-cı ilin aprel döyüşləri sübut etdi ki, Qarabağla bağlı status-kvo vəziyyəti heç də əbədi sülh demək deyil və hər an vəziyyət dəyişə, bölgə alova qərq ola bilər. Bu mənada sözsüz ki, status-kvonun qalması da təhlükəli perspektiv vəd edir. Elə erməni ekspertlərin son zamanlar Azərbaycanın yaz aylarında hücuma keçəcəyi barədə həyəcanlı xəbərlər yayması da səbəbsiz deyil. Erməni tərəfi Azərbaycanın mövqeyini, həmçinin hərbi hazırlıqlarını nəzərə alıb bu qənaətə gəlirlər.

Düzdür, Paris görüşündə xarici işlər nazirləri xalqların sülhə hazırlanması ilə bağlı anlaşma əldə ediblər. Ancaq torpaqların işğalda qalması şəraitində sülhün mümkünsüzlüyünü böyük dövlətlər də, münaqişə tərəfləri də yaxşı bilir. Deməli, 2019-cu il sülh təşəbbüsləri ilə paralel olaraq savaş təhlükəsi ilə də yaddaqalan ola bilər. Üstəlik, erməni tərəfin destruktiv hərəkətləri gərginliyin artmasına rəvac verən amillərdəndir. Yəni Rusiya ekspertləri gərginlik yaradan işğalçı, yaxud onları dəstəkləyən çevrələr barədə də münasibət bildirsələr, yaxşı olardı.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində və ya müharibəsində maraqlı olduğunu düşünmür: “Tam əksinə. Gəlin təsəvvür edək ki, Qarabağda müharibə başlayacaq. Bu, nə dərəcədə Amerikanın maraqlarına cavab verir? Azərbaycan bölgədə ABŞ-ın əsas strateji tərəfdaşlarındandır, buradan boru xətləri, enerji layihələri keçir. Bu layihələrin hamısında ABŞ-ın maraqları var. Müharibə olsa, bütün bu layihələrə təhlükə yaranacaq”.

Odur ki, E.Şahinoğlu müharibəni istəyən və tətikləyən qüvvələrin tam əks qütbdə mövcudluğuna inanır: “Fikrimcə, Rusiyada elə güclər var ki, Azərbaycanın öz enerji resurslarını Avropaya çatdırmasını istəmir. Onlar bəlkə də müharibədə, yaxud bölgənin qarışmasında maraqlı ola bilər. Ancaq ABŞ-ın müharibədə maraqlı olduğunu əsla düşünmürəm, bir daha təkrar edirəm ki, bu, Amerikanın regional maraqlarına mənfi təsir edə bilər”.

*****

Az öncə Daşnaksütyun partiyası öz qurultayını Azərbaycanın işğal edilmiş ərazilərində keçirib və bununla Ermənistandakı inqilabın onlara yad olduğunu və Qarabağdakı “hakimiyyətə” dəstəyini nümayiş etdirib. Eyni zamanda 30 ölkədən gəlmiş 100-dən çox daşnak Qarabağa toplanmaqla Paşinyan hökumətini güzəştlərdən imtinaya vadar etmək istəyir.

Bu arada terrorçu “Sasna çrer” Partiyasının rəhbəri Jirayr Sefilyan Qarabağda “hakimiyyət” dəyişikliyinin vaxtının çatması haqqında çağırış edib. O, “Özbaşınalığa son qoymağın vaxtı çatdı, Qarabağda dəyişikliklər olmalıdır, biz ümid edirik ki, İrəvan hakimiyyəti bu məsələdə bizi dəstəkləyəcək” deyə bildirib. S.Artsruni qeyd edib ki, bu, təhlükəli nəticələrə gətirib çıxara bilər.

Göründüyü kimi, ermənilər indi də Azərbaycan torpaqlarında “inqilab” etmək istəyirlər, bu da reaksiyasız qala bilməz.

Eyni zamanda bəzi ekspertlər Paşinyanın hökuməti qurmasının ardınca sərbəst şəkildə Qarabağ məsələsi ilə məşğul olacağını zənn etmirlər. Politoloq Fikrət Sadıqov bildirib ki, Nikol Paşinyanın vəziyyəti bundan sonra mürəkkəb və acınacaqlı olacaq: “Nikol Paşinyan hakimiyyətə gələndə bir çox vədlər verdi və çalışdı Ermənistan cəmiyyətini inandırsın ki, bir sıra məsələlər yaxın gələcəkdə öz həllini tapacaq. Sosial-iqtisadi problemlər, qonşularla bütün problemlərin həlli, Dağlıq Qarabağla bağlı bir sıra yeni ideyalar, təşəbbüslər və s. Lakin cəmiyyət görür ki, heç bir irəliləyiş, dəyişiklik yoxdur. Təbii ki, Qarabağ klanı da bu sabitlikdən səmərəli şəkildə istifadə edir. Doğrudur, Qarabağ klanı hazırda o qədər də gücə sahib bir tərəf deyil. Nəzərə alsaq ki, onlar növbədənkənar parlament seçkiləri zamanı heç 5 faiz də səs toplaya bilməmişdilər. Bu, o demək deyil ki, Qarabağ klanı yaxın gələcəkdə Paşinyanı devirəcək. Amma hər halda, Paşinyanın nüfuzuna zərbə dəyir.

Paşinyan və onun ətrafını gözdən salır. Çünki Qarabağ klanı Paşinyanı tənqid hədəfinə qoyublar. Paşinyandan tələb edirlər ki, vədlərinə əməl etsin. Ondan özünü qəhrəman kimi aparmamasını istəyirlər” (Publika.az). Ekspert deyib ki, Paşinyan hələ ki heç hökumətin siyasi prioritetlərini belə cızmayıb: “Yeni hökumətin hələ proqramı yoxdur. Hökumət nədən başlayacaq, nə ilə məşğul olacaq. Hansı yollarla gedəcək, xarici siyasətdə hansı addımlar atılacaq? Bunların heç biri yoxdur. Düşünürəm ki, Qarabağ klanının zəngin təcrübəsi var və bu təcrübədən yararlanacaq. Onlar əllərindən gələni edir ki, Paşinyanı gözdən salsınlar. Cəmiyyətdə də ona qarşı narazılıq sezilir. Əgər Paşinyan konkret istiqamət götürməsə, bəzi problemlərin həllini tapmasa, onun vəziyyəti mürəkkəb və acınacaqlı olacaq”.

İşğalçıların və separatçıların davranışları isə Paris anlaşması ilə davan-dabana ziddir. Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan ad-soyadlı məxluq başda olmaqla, bir qrup separatçı məmur Laçın rayonunun Sonasar kəndində müşavirə keçirib. Moderator.az xəbər verir ki, müşavirədə işğal altındakı Azərbaycan kəndində yeni məktəb tikintisi, kəndə su çəkilişi, internetlə təminat məsələləri müzakirə olunub. Separatçı erməni məmurlar Hoçaz kəndində yeni evlə təmin olunmuş çoxuşaqlı erməni ailəsini də yoluxub və həmin kənddəki erməniləşdirilərək təmir edilmiş alban kilsəsini də ziyarət ediblər. Q.Martirosyan “Aqavno” adlandırılımış Zabux çayı üzərindəki kiçik su elektrik stansiyasına, eləcə də Laçın rayon mərkəzi yaxınlığındakı dəmir-beton konstruksiyaları istehsal edən “Koçar-şin” şirkətinə də baş çəkib və Hoçaz çayı üzərində yeni SES-in tikintisi ilə maraqlanıb. Bütün bunlar torpaqların əbədi zəbtinə hesablanıb və Bakı təbii ki, məsələyə öz sərt reaksiyasını verəcək.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …