Baş səhifə / Cəmiyyət / “Aprel müharibəsinə səbəb Ermənistanın diplomatik müstəvidəki oyunbazlığı oldu”

“Aprel müharibəsinə səbəb Ermənistanın diplomatik müstəvidəki oyunbazlığı oldu”

Tofiq Abbasov: “Diplomatiyamızı aprel uğurlarını siyasi müstəviyə daşımamaqda ittiham etmək doğru deyil”

Bu gün aprel müharibəsinin başlamasından iki il ötür. Bu iki il ərzində Aprel müharibəsi ilə bağlı bir sıra mülahizələr irəli sürülüb ki, bunlardan da biri Azərbaycan diplomatiyasının Azərbaycan ordusunun uğurlarını davam etdirə bilməməsi ilə bağlıdır. Maraqlıdır, Azərbaycan diplomatiyasının aprel müharibəsinin hərbi nəticələrini siyasi müstəviyə daşıya bilməməsi, bu uğurları genişləndirməyi bacarmadığı ilə bağlı iddialar nə dərəcədə obyektivdir? Diplomatiyamızı bu məsələdə ittiham etmək üçün kifayət qədər əsas varmı?

Moderator.az -a açıqlama verən politoloq Tofiq Abbasov deyilənlərlə razılaşmadığını vurğuladı:
“Azərbaycan diplomatiyasını bu məsələdə ittiham etmək doğru deyil. Baxın, aprel döyüşləri – mini müharibə hansı səbəbdən baş verdi? Necə oldu ki, belə bir müharibə baş verdi? Buna səbəb Ermənistanın diplomatik müstəvidə oyunbazlıq etməsi oldu.

Ermənistan münaqişə bölgəsinin demilitarizasiyasını istəmir. Ermənistan düşünür ki, bu ərazidən ordu çıxsa, o zaman məcburi köçkünlərin ora qayıdışı mümkün ola bilər. Diplomatik danışıqlar güclü impuls ala bilər. Madrid prinsiplərinin reallaşması baş verə bilər və s. Təsadüfi deyil ki, Madrid prinsiplərində erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilkin tələb kimi qoyulub. Buna görə də Ermənistan hər vasitə ilə diplomatik danışıqları iflic vəziyyətinə salmağa çalışır. Aprel döyüşlərini qaçılmaz edən bu oldu. Buna görə də hərbi uğurların diplomatiyamız tərəfindən davam etdirilmədiyini söyləmək doğru deyil.

Unutmaq olmaz ki, Ermənistanın güclü havadarları var. Minsk qrupunun üç həmsədr ölkəsinin hər birində erməni məsələsi daxili gündəlikdə möhkəm yer alıb. Bu yaxınlarda ABŞ yenidən Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış etdi. Amma orada Azərbaycan haqqında heç nə deyilmirdi.

Azərbaycan diplomatiyası bəyan edib ki, Ermənistan problemin sülh yolu ilə həllini təmin etməsə, o zaman Azərbaycan aprel ssenarisinin yenidən təkrarlanmasının qarşısını ala bilməyəcək. Azərbaycan diplomatiyası Ermənistan diplomatiyasının abırsızlığını daim dünyaya çatdırıb və bu gün çatdırmaqdadır. Bu səbəbdən də diplomatiyamızla bağlı səsləndirilən bu kimi ittihamları əsaslı hesab etmirəm”.

Seymur Əliyev

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …