Baş səhifə / Cəmiyyət / “Rusiya qırmızı cizgini keçməklə dostluq imkanlarını ortadan qaldırdı”

“Rusiya qırmızı cizgini keçməklə dostluq imkanlarını ortadan qaldırdı”

Elxan Şahinoğlu: “Kreml Ukraynadakı oktyabr seçkilərinə daha çox diqqət yetirəcək”

Cari ilin 31 mart tarixində Ukraynada prezident seçkiləri keçiriləcək.

Rusiya bu seçkilərin nəticəsinə təsir göstərməyə cəhd edə bilərmi? Bu seçkilərin nəticəsinin Ukrayna-Rusiya münasibətlərinə hansısa dərəcədə təsir etməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın Ukraynadakı parlament seçkilərinə daha çox diqqət yetirəcəyini vurğuladı:

“Bu il Ukraynada iki taleyüklü seçki var. Bunların biri martda keçirilən prezident, ikincisi isə oktyabr ayında keçiriləcək parlament seçkiləridir. Prezident seçkisində Rusiyann xüsusi olaraq namizədi yoxdur. Sadəcə müxalifət namizədlərindən biri Boyko Rusiyaya meyillidir. Hansı ki, onun seçilmək şansı elə də yüksək deyil.

Rusiya Krımı ilhaq edib, Donbas separatçılarına dəstək verib. Bu baxımdan özünə hörmət edən heç bir namizəd ruspərəst ola bilməz. Rusiyanı birbaşa müdafiə edə bilməz. Hətta Boyko da Rusiyaya nə qədər meyl etsə də, Ukraynanın təhlükəsizlik maraqlarını nəzərə almaq məcburiyyətindədir.

Rusiya prezident seçkilərində istədiyi nəticəni əldə edə bilməyəcək.

Rusiya Ukraynadakı siyasi sistemi özü üçün təhlükə hesab edir. İstəyir ki, Ukraynada elə bir hakimiyyət formalaşsın ki, keçmişdə olduğu kimi, Rusiya ilə yaxın münasibətdə maraqlı olsun. Lakin bu, mümkün deyil. Rusiya qırmızı cizgini keçib. Buna görə də Ukrayna heç vaxt Rusiya ilə dostluq edə bilməz. Krımın ilhaqı Ukraynanı elə bir vəziyyətə gətirdi ki, hətta gələcəkdə hansısa ruspərəst şəxs belə Ukrayna rəhbərliyinə gəlsə, deyə bilməyəcək ki, Krımı Rusiyaya bağışlayırıq, yaxud Rusiya Krım məsələsində haqlıdır.

Hesab edirəm ki, Rusiya əsas diqqəti oktyabr seçkilərinə yönəldəcək. Öz adamlarını parlamentdə yerləşdirməyə çalışacaq. Buna nail olarsa, o zaman Rusiyanın Ukrayna siyasi sistemindəki rolu artacaq”.

Seymur ƏLİYEV

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …