Baş səhifə / Dünya / “Rusiya barıt çəlləyidir – Putinin “fitil”ini kim atacaq?..”

“Rusiya barıt çəlləyidir – Putinin “fitil”ini kim atacaq?..”

Rusiyanın Znak.com nəşri məşhur politoloq Liliya Şevtsovadan müsahibə götürüb. Müsahibə Rusiyanı gözləyən təhlükələr barədədir. Azərbaycan cəmiyyəti Rusiyada baş verən hadisələrin tarixən birbaşa ölkəmizə təsir etdiyini yaxşı bilir, ona görə də şimal qonşumuzdakı mövcud vəziyyətin perspektivini rus politoloqlarının dilindən eşitməyi daha məqsədəuyğun hesab edir.

Moderator.az bunu nəzərə alaraq müsahibənin diqqətəlayiq hissələrini təqdim edir.

– Putin 2024-ə kimi qala biləcəkmi? Son günün bir nömrəli başlıqları Venesuelada baş verən çevriliş cəhdi haqqındadır. Rusiyada da Venesueladakı kimi bir şey ola bilərmi? Putinə elitadan və bürokratiyadan təhlükə varmı? Qərbdən təzyiq səbəbiylə Rusiya “küncə sıxılmış heyvana” çevrilə bilərmi?

– Rusiya üçün “2024 problemi” real şəkildə mövcuddur. Problem ondadır ki, elita tamhakimiyyətliliyi qeyri müəyyən gələcək üçün necə təmin edəcəyini və xalqı bununla razılaşmağa necə məcbur edəcəyini bilmir. Hakimiyyətin bütün dərdi-səri budur. Cəmiyyətin də bütün fkri ondadır ki, hakimiyyət bunu necə edəcək. Rusiya intellektual və siyasi iflic vəziyyətindədir. Hər kəs gözləyir. Həm də bu gözləmə artıq xoşagəlməz bir şeyin baş verəcəyinin qaçılmaz olması hissi ilə rənglənib. Bununla yanaşı, həm iqtisadiyyatın, həm də sosial həyatın deqradatsiyası elə sürətlə gedir ki, bu “X anı”nda Rusiya barıt çəlləyi vəziyyətində ola bilər. Və hər şey ondan asılı olacaq ki, çəlləyə fitili kim yaxınlaşdıracaq və kim də partlayışdan sonra dağıntıları araşdırmağa başlayacaq.

– Necə düşünürsünüz, əgər Putin qalmağa çalışacaqsa, bunu necə edəcək?

– Putin açıq şəkildə yorulub və laqeyd olub. Nazirlər Kabinetinin toplantılarında onun kağızı üzündən necə oxumağına baxmaq kifayət edir və hiss olunur ki, hamı onun canını boğazına yığıb və ikrah doğururlar. O, xokkey oynadığı zaman ilhamlanır. Amma eyni zamanda başa düşür ki, tərk edə bilməz. Çünki o, sistemin qanununu bilir. Gedəcəksən,- o zaman baş verən hər şey üçün cəza alacaqsan. Hətta olmayan işə görə də. Paradoks budur ki, Putin qalırsa, bəlkə daha yaxşıdır. O, Kremldə nə qədər çox olacaqsa, sistemin özündən narazılıq daha da artacaq. Axı, rejim dəyişikliyi Kremlin başqa bir sahibi ilə avtoritar rejimin ömrünü uzada bilər, yeni ümidlər yaradar. Amma, onlar da tezliklə tüstü kimi yox olacaq. Vaxt gələcək, növbəti onillikdə Putin, əlbəttə, gedəcək. Ancaq onun gedişinin anını və hansı yolla gedəcəyini tapmaq – boş vaxt sərf etməkdir. Bu, millət üçün alçaldıcıdır, çünki öz ləyaqətli varlığının qayğısına qala bilməməyini sübut edir. Axı bu falçılıq , bizim hamımızı bir adamın taleyindən asılı edir, hansı ki, onun özü də taleyinin necə olacağını bilmir. Bununla belə, Kremlə sərf edir ki, biz məhz bu barədə düşünək: ” gedəcək-getməyəcək”- və başqa məsələləri üzərimizə götürməyək. Biz, həqiqətən, sistem dəyişikliyinə hazırlaşmırıq. Biz, liderin dəyişməsinə hazırlaşırıq. Belə ki, bizim bu gün taleyimiz elə gətirib ki, yarımtəcrid vəziyyətdə və inkişaf etmiş böyük dövlətlərin ətrafından kənarda yaşayırıq. Həyat qapının o üzündədir … Rusiya tarixinin mürəkkəb bir mərhələsinə girib. Avtoritarizmin tarixi dövrü bitdi. Özü də, çoxdan bitdi. Amma biz bundan sakit şəkildə çıxmağın yolunu tapa bilmədik. Hakimiyyət sisteminin və iqtisadiyyatın aşınmış vəziyyətində çıxış yolu axtarmaq ağrılı olacaq. Buna hazırlaşmaq lazımdır. Və özünüzə də, ətrafınızdakı dünyaya ayıq şəkildə baxın”.

Tərcümə etdi: İlham İsmayıl

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …