Baş səhifə / Cəmiyyət / “Ermənilərin əks-hücuma keçərək İmişliyədək gəlib çıxmaq planları vardı”

“Ermənilərin əks-hücuma keçərək İmişliyədək gəlib çıxmaq planları vardı”

“Ermənistan ordusundan üstün olsaq da, hücumu davam etdirmək üçün daxili imkanlarımız çox məhdud idi, anbarlar boşalmışdı…”

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş müdafiə naziri general-leytenant Vaqarşak Arutyunyan (1999-2000) 1994-cü ilin mayında imzalanmış atəşkəs müqaviləsi (məhşur Bişkek protokolu) ərəfəsində Azərbaycan ordusunun Ermənistan ordusundan güclü olduğunu etiraf edib. İşğalçı ölkənin keçmiş müdafiə naziri, jurnalistlərin “Ermənistan ordusu atəşkəsdən öncə hücumu davam etdirə bilərdimi?” sualına cavab olaraq həmin dövrdə Ermənistan üçün atəşkəsin zəruri olduğunu söyləyib: İndi erməni cəmiyyətində deyirlər ki, bu, pis sənəd olub, onları tam təslim olmağa vadar etmək lazım idi. Bu, gerçəkliyə uyğun deyil. Azərbaycanın tam təslim olması üçün biz Bakıya girməli idik…

Ümumilikdə düşmən tərəfin kapitilyasiyası üçün onun ordusunu tamamilə məhv etmək gərəkdir. Ancaq atəşkəs haqda sənədin imzalanması anında Azərbaycan ordusu say və texnika baxımından erməni hərbi birləşmələrindən üstünlüyünü qoruyub saxlayırdı”

Erməni generalın cavablarından bu cür suallar meydana çıxır:”Bəs 1994-cü ilin aprel-may aylarında düşməndən güclü olan Azərbaycan ordusu hücum əməliyyatlarını davam etdirərək Ermənistan hərbi birləşmələrinin torpaqlarımızdan çıxarılmasına nail ola bilərdimi? Hansı amillər Azərbaycan rəhbərliyini atəşkəsə getməyə vadar etdi?”
Həmin suallarla müraciət etdiyimiz məhşur Horadiz əməliyyatının qəhrəmanı, polkovnik Şair Ramaldanov Moderator.az-a açıqlamasında bunları söylədi:

“Hesab edirəm ki, 1994-cü ilin mayında imzalanmış atəşkəs müqaviləsi vaxtında və düzgün qəbul edilmiş bir qərar idi. Doğrudur, həmin dövrdə Azərbaycan ordusu canlı qüvvə və texnika sarıdan Ermənistan ordusundan üstün idi. Ancaq bir neçə gerçək amil bizə döyüş əməliyyatlarını davam etdirməyə imkan vermirdi. Əvvəla, atəşkəs ərəfəsində Azərbaycan ordusunun döyüş təminatı çox aşağı səviyyədə idi, anbarlar boşalmışdı. 1993-cü ilin payızınadək anbarlarda olan silah-sursatlar döyüşlərdə yerli-yersiz, necə gəldi, istifadə olunmuşdu.Və bizə hər ölkə silah-sursat satmırdı. Satsa da, çox baha qiymətə satırdı. Bu cür məhdudiyyətlər var idi…

Sizə bir epizodu xatırladım. Mən Horadiz əməliyyatlarından sonra hərbi hissə komandiri kimi Müdafiə Nazirliyinə artilleriya mərmilərinin çatışmazlığı ilə bağlı müraciət edəndə cavab verdilər ki, biz bir ədəd artilleriya mərmisini İrandan 248 dollara alırıq. Yəni, demək istəyirəm ki, o dövrdə Azərbaycanın iqtisadi və maliyyə resursları da genişmiqyaslı hücum əməliyyatları aparmağa imkan vermirdi”.

Polkovnik sözügedən dövrdə Azərbaycanda daxili ictimai-siyasi durumun da çox gərgin olduğunu dilə gətirdi:
“Eyni zamanda 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbəriyinə qayıdışının və onun dövlətçiliyimizi qorumasının hansı ağır şərtlər altında baş verdiyi məlumdur. Ölkədə daxili ictimai-siyasi vəziyyət hələ də mürəkkəb olaraq qalırdı. Bundan xarici ölkələr də yararlana bilərdi.

Digər tərəfdən, 1-ci Qarabağ savaşında Ermənistan dövləti və ordusu zəif olsa da, onun arxasında Rusiyanın dayanma faktoru gerçək idi…

Düzdü, atəşkəsdən bir neçə ay öncə biz komandiri olduğum briqadanın iştirakıyla 22 məntəqənin azadlığı ilə nəticələnən uğurlu Horadiz əməliyyatının şahidi olduq. Ancaq bundan sonra həmin əraziyə göndərilmiş 4 hərbi hissədən heç biri heç bir döyüş nailiyyəti əldə edə bilmədi. Çünki düşmən o istiqamətdə güclü müdafiə mövqeləri qurmuşdu. Və ermənilərin əks-hücuma keçərək İmişliyədək gəlib çıxmaq planları vardı. Yəni, belə planları quran düşmən hansısa gücə arxalanırdı. Buna rəğmən silah-sursat, texnika gücünə yox, yalnız Azərbaycan əsgərlərinin cəsarət və qeyrəti sayəsində həmin hücumların qarşısı alındı. Ermənilər yalnız bir gündə 500 nəfər itki vermişdi…”

Tanınmış döyüş komandiri gerçək hadisələrin şahidi olmuş bir hərbçi kimi də atəşkəs haqqında qərarı yüksək qiymətləndirdiyini bildirdi.

“Həmin vaxt bilirsiz ki, digər istiqamətlərdə, o cümlədən Tərtər istiqamətində də ermənilər güclü hücuma keçirdi və Azərbaycan döyüşçüləri qəhrəmanlıqla müdafiə olunurdular…

Belə bir şəraitdə Ermənistan tərəfinin böyük itkiləriylə bağlı ölkə daxilində yaranmış güclü etirazlar və Azərbaycanın ordisunda və daxilindəki təsvir etdiyimiz gerçək vəziyyət hər iki tərəf üçün atəşkəsi zəruri edirdi. Və o zaman Azərbaycan rəhbərliyiyinin atəşkəs barədə verdiyi qərar çox müdrik bir qərar oldu.

Mən, o dövrdə döyüşlərdə iştirak etmiş bir komandir kimi də həmin qərarı yüksək dəyərləndirirəm. Məhz atəşkəs razılaşması sayəsində son ilər ərzində Azərbaycanıın iqtisadiyyatı da inkişaf etdi. Ordusu isə Cənubi Qafqazın ən güclü ordusuna çevrildi…”-deyə polkovnik vurğuladı.

Sultan Laçın

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …