Baş səhifə / Cəmiyyət / İlham Əliyev: “Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər”

İlham Əliyev: “Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər”

Keçən il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır.

Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib:

“Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılır və orada iş yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq – həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, – bütün dövlət qurumlarına artıq bildirilib, – iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır.

Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir.

Özünüməşğulluq proqramının icrası böyük ümidlər verir. Bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Hər il ən azı 7 min ailə, baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər.

Ailə Biznesinə Asan Dəstək – “ABAD” mərkəzləri yaradılır. Bu da çox müsbət haldır. Mən bu mərkəzlərin açılışında olmuşam və bu, “ASAN xidmət”in bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini mütləq göstərir və göstərəcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu il 5 mərkəzin açılması nəzərdə tutulur.

Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …