Baş səhifə / Cəmiyyət / İlham Şaban: “Venesuela maraqlı olmalıdır ki, neftini ABŞ bazarına satsın”

İlham Şaban: “Venesuela maraqlı olmalıdır ki, neftini ABŞ bazarına satsın”

“Amerika heç bir ölkənin neftindən asılı deyil”

İndi hər kəs bu sualı ünvanlayır ki, Venesuela niyə qarışdı və bu prosesdə ABŞ-ın rolu nə qədərdir? Bir çoxları Latın Amerikasının neftlə zəngin ölkəsində qan su yerinə axmasını məhz qara qızıla görə olması ilə izah edirlər.

Yeri gəlmişkən, ABŞ yanvarın 30-da Venesuelanın PDVSA (Petroleos de Venezuela Sociedad Anonima) dövlət neft-qaz şirkətinə sanksiya tətbiq edib. Nəticədə şirkətin ABŞ-dakı 7 milyard dollarlıq aktivi və daha 11 milyard dollarlıq hələ daxil olmamış gəliri bloklanıb.

“ABŞ tərəfindən Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiya tətbiq olunması bütün çevriliş cəhdlərinin arxasında neft amilinin durduğuna dəlalət edir”.

Bunu Venesuelanın xarici işlər naziri Xorge Arreas bildirib. “Vaşinqton nümayəndələri Venesuelada dövlət çevrilişi cəhdinin yeganə və həqiqi məqsədinin neft olduğuna dair konkret və təkzibolunmaz dəlilləri… həyasızlıqla bütün dünyaya nümayiş etdirdilər”, – nazir vurğulayıb.

Bu arada isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun dəftərçəsindəki gizli qeyd dünya mediasını qarışdırıb. Jurnalistlər dəftərçədə yazılmış “5 min əsgər Kolumbiyaya» qeydi ilə bağlı qızğın müzakirələrə başlayıblar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Boltonun bloknotundakı yazı Venesueladakı vəziyyətin müzakirəsinə həsr olunmuş mətbuat konfransından sonra peyda olub.

Onun sözlərinə görə, Venesuelada vəziyyətin destabilizasiyası Kolumbiya ərazisindən həyata keçirilir. Venesuela prezidenti Nikolas Maduro isə yanvarın 30-da deyib ki, ölkə müxalifəti ilə danışıqlara və üçüncü ölkələrin vasitəçiliyinə hazırdır.

Bu halda ABŞ üçün Venesuelanı əhəmiyyətli edən nədir? Gerçəkdənmi Venesuelanı ABŞ qarışdırır? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında dedi ki, söhbət heç də Amerikanın Venesuela neftini ələ keçirməsindən getmir: “Venesuela dünyada ən çox neft ehtiyatına malik dövlətdir. Amma Amerika heç bir ölkənin neftindən asılı deyil. ABŞ şirkətləri aldığı neftin pulunu yerindəcə ödəyir.

İstəyir İndoneziyada, istəyir Çində bu neft çıxsın, hamı Amerikaya neftini satmaq üçün növbədədir. Təkcə neftini yox, digər məhsullarını da ABŞ-a satmaq üçün ölkələr sıraya düzülüblər. Çünki böyük bazardır, pullu bazardır. Ona görə Venesuelaya maraqlı olmalıdır ki, ölkənin 70 faiz neftini Amerika bazarına satsın”.

İ.Şabanın sözlərinə görə, Amerika üçün Venesuelanın əhəmiyyəti daha çox siyasi faktorlarla bağlıdır:

“Venesuela böyük resursa malik ölkədir. Orada 90-cı illərdə solçular hakimiyyətə gəldi və kapitalizmi rədd etdilər, nailiyyətlər havaya sovruldu.

Bir milyondan artıq insan sığınacaq üçün qonşu ölkələrə üz tutub, inflyasiya gedib, orta aylıq əmək haqqı 12 dollardır. Bu da siyasi menecmentin idarəçiliyinin yarıtmazlığıdır ki, neft ixracı ən aşağı səviyyəyə düşüb. Halbuki o boyda ölkə dünyaya töhfəsini verə bilərdi”.

Ekspert bildirir ki, Venesueladakı iqtidar tutduğu ideoloji xəttə görə Amerikanı düşmən gözündə görür: “Özünü Rusiyanın hərbi platsdarmına çevirib. Belə bir yanaşma var ki, nə olursa ”Amerikanın bu işdə əli var” deyə, ona təhlükə mənbəyi kimi baxırlar. Atatürkün gözəl sözü var – “Cahan barış, dünyada barış, məmləkətdə barış”. Dünyada iqtisadi vəziyyət yaxşı olmasa, sənin özündə yaxşı ola bilməz.

Çaves iqtisadiyyatda milliləşdirmə siyasəti apardı, Qərbin neft şirkətlərini çıxardı, kompensasiyalarını ödədi, Çin və Rusiyanı saxladı. Artıq həmsərhəd ölkələr Venesueladan qaçqın qəbul etmirlər və müharibə vəziyyəti ola bilər. Çünki neft gəlirləri güc strukturlarına xərclənib. Ona görə də Amerika bu ölkədə tamamilə ictimai-siyasi quruluşu dəyişmək istəyir”.

İ.Şaban qeyd etdi ki, Venesuela nefti ən çətin çıxarıla bilən və qatılaşan neftdir: “Dünya bazarında neftin qiyməti 60 dollardır, Venesuelanın 4-5 növ nefti var, ortalama dünya bazarında qiyməti 30-40 dollar arasındadır. Çünki onların neftini hasil etmək üçün daha çox enerji sərf olunur, qiyməti aşağı verilir”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …