Baş səhifə / Cəmiyyət / İlham Əliyev: “Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və olmayacaq”

İlham Əliyev: “Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və olmayacaq”

Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb.

Bu sözləri Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib:

“Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb.

Bununla paralel olaraq, bizim iqtisadi gücümüz, hərbi gücümüz artır. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır.

İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …