Baş səhifə / Cəmiyyət / “Gərək Xankəndində ermənilər məni güllələyəydi…”-Kamran Bağırov

“Gərək Xankəndində ermənilər məni güllələyəydi…”-Kamran Bağırov

“Murad Babayevin kabinetinə girəndə gördüm ki, 4-5 gün öncə “AzTV”-də tənqid etdiyim Kamran Bağırov əyləşib…”

Tanınmış ictimai-siyasi xadim, sabiq deputat Maksim Musayev keçmiş daxili işlər naziri Tahir Əliyevin Moderator.az –da təqdim olunmuş “Kamran Bağırovla Əli Kərimov rəhmətə gedəndə öz aramızda pul yığdıq…” başlıqlı açıqlamasıyla (bax:http://www.moderator.az/news/257721.html) bağlı əməkdaşımızla telefon söhbətində sabiq respublika rəhbəri ilə öz aralarında baş vermiş maraqlı bir olayı nəql edib:

“Bunu ilk dəfədir, sizə danışıram. Təxminən 1997-1998-ci illər olardı. Rəhmətlik Heydər Əliyevi tövsiyəsi ilə mütəmadi olaraq fəal deputatlardan biri “AzTV” efirində yayımlanan Qarabağ haqda verilişdə çıxış etməli idi. Bir axşam da mən çıxış edəsi oldum. Qarabağda separatçılığın başladığı ilk illərdə Azərbaycana rəhbərlik etmiş şəxsləri, o cümlədən Kamran Bağırovu qətiyyətsiz siyasət yürütməkdə suçladım. Bildirdim ki, o, birinci katib kimi 1988-ci ilin fevralında ilk mitinqlər başlayanda kəskin mövqe tutub erməni separatçılarını yerində oturtmalıydı…

Həmin çıxışdan təxminən bir həftə sonra Bakı Dəmiryol vağzalınıın yanından keçirdim… Rəhmətlik sabiq baş prokuror Murad Babayevlə qonşu idik. O dövrdə Bakı şəhər Nəqliyyat prokuroru işləyirdi. Xeyli vaxtdı, görüşə bilmirdik. Dedim, dönüm iş otağına, görüm işləri necədi. Köməkçisinə xəbər edən kimi Murad müəllim özü dəhlizə çıxıb məni qarşıladı və cəld qoluma girib dedi: “Maksim müəllim, elə yaxşı gəlmisən, gəl bəri, keç otağa…” Kabinetə daxil olanda bir anlıq diksindim – içəridə Kamran Bağırov əyləşmişdi. Murad Babayev ona dedi ki, Kamran müəllim, baxın, “əsərin qəhrəmanı” özü gəlib. Düzü, bir az özümü itirdim, pərt kimi oldum(Axı rəhmətlik həm də 1980-ci illərdə siyasi büroya üzv olmağımda, deputat seçilməyimdə obyektiv, prinsipial münasibəti ilə mənə dəstək olmuşdu)… Ancaq Kamran Bağırovdan gözlənilməz münasibət gördüm. Cəmi 4-5 gün öncə televiziyada ona qarşı tənqidi çıxış etməyimə baxmayaraq Kamran müəllim mənimlə heç nə olmamış kimi mehriban görüşdü. O, üzünü Murad Babayevə tutub dedi: “Murad, Maksim televiziyada məni çox düz olaraq tənqid edib. Əvvəla, tənqid olmasa, ölkə irəli getməz. İkinci də hələ o, yumşaq tənqid etdi biz rəhbərlərin o vaxtkı siyasətini… Çox doğru dedi, gərək biz o vaxt Moskvanın göstərişlərinə baxmayıb erməni separatçılığına qarşı qəti mövqe tutaydıq, onları yerində oturdaydıq. Gərək mən 1988-ci ilin fevralında Xankəndində elə çıxış edəydim, elə qəti mövqe tutaydım ki, ermənilər lap məni güllələydilər. Bəlkə də onda məsələ bu dərəcədə böyüməz, torpaqlar işğal olunmazdı. Və mənim Vətən, xalq uğrunda şəhid olmuş rəhbər kimi Xankəndində heykəlim ucaldılar, sizlər də gəlib o heykəlin qarşısına gül qoyardınız…”

Keçmiş ölkə rəhbərinin bu çıxışı məni elə təsirləndirdi ki, AzTV-də onun haqqında dediyim sözlərə görə bir növ peşiman oldum… Murad müəllimin kabinetində xeyli oturduq, çay içdik, ötüb-keçənlərdən söhbət etdik… Sonda ayrılanda Kamran müəllim məni qucaqlayıb dedi: “Maksim, bir daha deyirəm, sən o günkü çıxışına görə qətiyyən peşman olma. Dediyim kimi, hələ az tənqid etdin bizi. Özü də mən səni o sovet dövründən tanıyıram, sən obyektiv adamsan…”

Maksim müəllim “Kamran Bağırovun maddii vəziyyəti doğrudanmı ağır idi” sualına cavabında da şahidi olduğu maraqlı və təsirli bir epizodu xatırlayıb:

“Bunu da ilk dəfədir sizə danışıram. Yaqub Məmmədovun və Tahir Əliyevin Kamran Bağırovun ömrünün son illərində maddi durumunun ağır olması haqqında söylədikləri də doğrudur… Bunu mən bir dəfə keçmiş 1-ci katiblə təsadüfən bir mağazada rastlaşdıqda öyrəndim. 1990-cı illərdə Hökumət Evinin arxasında bir kitab evi vardı, orada köhnə, amma nadir kitablar da satılar və qəbul edilərdi. Mən də mütəmadi orda olar, maraqlandığım kitabları alardım. Bir dəfə də həmin kitab dükanına daxil olanda gördüm ki, satıcı bir nəfərə pul sayıb verir. Bir az yaxınlaşanda gördüm ki, bu, Kamran Bağırovdur. Məni görəndə özünü görməzliyə vurub bir az aralıdan keçib çıxdı. Maraq məni bürüdü. Satıcıya yaxınlaşdım ki, xeyirdimi, Kamran müəllim nə yaxşı bura gəlib. Satıcı cavab verdi ki, əslində Kamran müəllim mənə bunu heç kəsə deməməyi söyləyib, amma sizi yaxşı tanıdığım üçün deyirəm: “Keçmiş 1-ci katib evində, şəxsi kitabxanasında olan qiymətli kitablarından bəzilərini gətirib bizə satır… Sonra da o pulla gedib aptekdən dərmanlarını alır… Satıcı bunları anladandan sonra başa düşdüm ki, rəhmətlik utandığından mənə salam verməmiş çıxıb…”

Xatırladaq ki, 31 il öncə məhz bu günlərdə Xankəndində separatçı ermənilərin ilk mitinqləri başlayanda Azərbaycan SSR KP MK-nın Birinci katibi Kamran Bağırov oraya yollanmış, ermənilər qarşısında çıxış edərək onları yola gətirməyə çalışmış, lakin heç bir nəticə alınmamışdır. Üstəlik, Moskvadan -Qorbaçovun erməni köməkşisi Şahnazarovun göstərişi ilə Azərbaycan hüquq-mühafizə orqanları icazəsiz mitinq keçirərək asayişi pozan separatçılara qarşı heç bir tədbir görməyib…

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …