Baş səhifə / Cəmiyyət / “Azərbaycan Ermənistana HÜCUMA BAŞLAMIŞDI…”- “Türkiyənin də dəstəyi ilə Naxçıvana dəhliz açılmalı idi…”

“Azərbaycan Ermənistana HÜCUMA BAŞLAMIŞDI…”- “Türkiyənin də dəstəyi ilə Naxçıvana dəhliz açılmalı idi…”

İlham Hüseyn:”Əbülfəz Elçibəyin göstərişi ilə əməliyyat dayandırıldı…”

“Türkiyənin 2000-ə yaxın əsgəri Naxçıvan istiqamətində cəmlənmişdi…”

Bu gün Milli Ordumuzun işğalçı Ermənistan istiqamətində hücum əməliyyatı keçirməsi qeyri-real, beynəlxalq qanunlar baxımından müşkül görünsə də, əslində 25-26 ildir ki, hüquqi-tarixi torpaqlarımızın 20 faizinin məhz bu oyuncaq terrorçu dövlət tərəfindən işğal altında saxlanması bu haqqı bizə verir. Nəinki Ermənistanla sərhəd bölgələrimizdəki, eləcə də işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlarımızın ərazilərindən mütəmadi olaraq hərbi mövqelərimizlə bərabər dinc insanlarımızı, uşaq, qadın və qocalarımızı atəşə tutub qətlə yetirən faktiki olaraq işğalçı Ermənistan ordusu deyilmi?.. Odur ki, Azərbaycan ərazisindəki qanunsuz hərbi birləşmələrlə paralel olaraq həmin separatçı-terrorçu qüvvələrə birbaşa dəstək verən Ermənistan ordusuna qarşı əməliyyat keçirməyə də kifayət qədər haqq və hüququmuz var…

Və artıq bunu gizlətmək lazım deyil… 1993-cü ilin yazında Kəlbəcərin işğalından az sonra Azərbaycanın böyük problemlər içində yeni yaranan silahlı qüvvələri qədim Zəngəzur torpaqları istiqamətində, müvəqqəti də olsa, qələbə ilə nəticələnmiş bir hücum əməliyyatı keçirib…
Öncə onu deyək ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra minbir çətinliklərlə qurulmağa başlanan Milli Ordumuzun torpaqlarımızın işğal edildiyi 1991-1994-cü illərdəki tarixi yalnız uğursuz əməliyyatlarla yazılmayıb. Minlərlə qazi və şəhid oğul-qızlarımızın cəsarət və igidliyi sayəsində, müvəqqəti də olsa, qələbə ilə nəticələnən neçə-neçə uğurlu əməliyyatlarımız olub…

1992-ci il aprelin 10-dakı Marağa əməliyyatı, 1992-ci ilin yayından başlanan və Dağlıq Qarabağın, Laçın rayonunun ərazisinin əksər hissəsinin azad edilməsiylə nəticələnmiş hücum əməliyyatları və s. nədənsə kölgədə qalıb, unudulub… Belə əməliyyatlardan biri də barəsində danışacağımız -10-11 aprel 1993-cü ildə Zəngilan rayonundakı silahlı qüvvələrimizin Ermənistanın Qafan rayonu istiqamətində keçirdiyi və təxminən 7 tarixi kəndimizdən işğalçı-terrorçu erməni hərbi birləşmələrinin qovulub çıxardılması ilə nəticələnən və yaddaşlarda “Mehri əməliyyatı” kimi də qalan döyüş olub… Xatırladaq ki, həmin əməliyyatdan 4 ay öncə 1992-ci ilin dekabrında Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədini pozaraq Zəngilan rayonunun 11-12 kəndini işğal etmişdi…

1992-ci ildə Milli Ordumuza çağırılmış ilk əsgərlərdən olan və “Vənədli taboru”nun kəşfiyyat tağımında döyüşmüş Novruz Qəriboğlu Məmmədzadə Moderator24.com -un əməkdaşıyla söhbətində Azərbaycan ordusunun Zəngəzur istiqamətindəki sözügedən uğurlu əməliyyatı haqda bunları nəql etdi:

“Təəssüf ki, respublika rəhbərliyinin göstərişi ilə əməliyyat dayandırıldı…”

“10 aprel 1993-cü il tarixdə “865-ci” Zəngilan alayı, Zəngilan rayonu Daxili İşlər İdarəsinin əməkdaşları, Daxili Qoşunların bir taborunun əsgər və zabitləri Ermənistanın Qafan rayonunun Hənd, Sav, Şıxavız, Kilsə və s. kəndlərini hücum əməliyyatıyla azad etdilər(Qeyd edək ki, 1989-cu ildən bəri Zəngilanla yanaşı, Qubadının Azərbaycan kəndləri həmin istiqamətlərdən mütəmadi olaraq atəşə tutulurdu-S.L.). Həmin kəndlərin alınması ilə Zəngilan rayonunun 10 dekabr 1992-ci ildə işğal olunmuş kəndləri də azad edilməli idi. Ancaq təəssüf ki, respublika rəhbərliyinin göstərişi ilə əməliyyat dayandırıldı. Ordu geri çəkilməli oldu.

 


…O döyüşdən qənimət olaraq erməni tankı da gətirmişdik… O döyüşdə şəhid olanları şəxsən tanıyırdım. Nadir artilleriyaçı idi, “qrad Nadir” kimi tanıyırdı hər kəs onu. Qorxmaz məndən bir yaş böyük idi, Zəngilan şəhərində bir böyümüşdük. Sərvan da məndən bir yaş böyük idi, eyni məktəbdə oxumuşduq, məktəbin futbol komandasında top qovmuşduq.

Vənədli-Aladin kəndindən dayım Zülfüqarın oğlu Elşən də şəhid olmuşdu. Elşənlə yaşıd və qardaş idik…”

“Həmin döyüşdə bir qolumu itirdim…”

“Mehri əməliyyatı”nın daha bir iştirakçısı, “qrad”çı Səfiyev Fərhad adlı digər zəngilanlı döyüşçü isə bunları xatırlayır:
“10 aprel 1993-cü ildə Qafan istiqamətindəki hücumda Zəngilanın Nəcəflər kəndindən polis Mehralıyev Müşfiq Əjdər oğlu şəhid oldu. Sabahı, yəni 11 aprel 1992- ci ildə yenə o ərazidə döyüşlər davam edirdi. Əsasən ağır texnikadan, tankdan atırdılar. Səhər –səhər idi. Biz mövqelərimizi atəşə tutan erməni tankını vurmağa çalışırdıq. Bizim “qrad” tankı məhv etmək üçün Kollu və Şatarız kəndlərinin üst tərəfində mövqe tutub atəş açırdı. Başqa mövqelərə də atəş açırdıq. Nişangah verənimizin “tank bir yerdə durmur, ehtyatlı olun” sözlərini tez-tez eşidirdik. Kilsədən çıxan tank düz üzərimizə atəş açdı. Nadir, Məhərrəm, mən və Əbil ağır yaralandıq. Malatkeşindən olan Elburus isə bir az aralı olduğu üçün yaralanmadı. Bizi xəstəxanaya gətirdilər Nadir və Məhərrəm vətən yolunda şəhid oldular… Mənsə bir qolumu itirdim…”

İlham Hüseyn:“Kəlbəcərin işğalından sonra ölkədə böyük ruh düşkünlüyü yaranmışdı…”

“Mehri əməliyyat”ının gedişatı, mahiyyəti və dayandırılma səbəbləri haqda oxuculara daha ətraflı məlumat vermək üçün 1993-cü ilin yanvarından Zəngilan rayonun İH başçısı və işğal günlərində Ərazi Müdafiə Qərargahının sədri olmuş İlham Hüseyndən 2014-cü ildə “Həftə içi” qəzeti üçün aldığımız müsahibənin mövzu ilə bağlı məqamlarını da təqdim etməyi lazım bildik:

“-İlham bəy, 1993-cü ilin aprelində ermənilərin kəndlərimizi işğal etməsinə cavab olaraq Zəngilandan Qafan-Mehri istiqamətində uğurlu bir əməliyyat keçirilmişdi. Hətta Naxçıvana dəhliz açılmasına az qalırdı… Azərbaycan rəhbərliyi ölkə üçün beynəlxalq səviyyədə kifayət qədər risk yaradan bu əməliyyata necə oldu ki, icazə verdi?

– Bilirsiz, Kəlbəcərin işğalından sonra xalqda böyük ruh düşkünlüyü yaranmışdı. Amma bundan sonra Türkiyənin 2000-ə yaxın hərbçisi Naxçıvan istiqamətində cəmləşmişdi. Və Türkiyənin də iştirak edəcəyi böyük bir əməliyyat düşünülmüşdü. Yəni Türkiyənin müharibəyə qoşulması barədə müəyyən razılaşma var idi.

“Alp Arslan Türkeş Fransada Ter-Petrosyanla gizli görüş keçirmişdi…”

Yadınızdadırsa, mərhum Alp Arslan Türkeş Fransada Ermənistan prezidenti L.Ter-Petrosyanla gizli görüşmüşdü… Artıq Ermənistandan Naxçıvana dəhliz açılması planı gündəmdə idi. Bununla Naxçıvanın blokadası da aradan qalxacaqdı. Eyni zamanda, xalqın əhvali-ruhiyyəsini qaldırmaq, həm də Zəngilanın işğal edilmiş kəndlərini azad etmək gərək idi. Odur ki, uğurlu bir əməliyyat keçirilməsinə icazə verildi. Nəticədə Ermənistanın 7 kəndini aldıq. 100-ə yaxın erməni yaraqlısını məhv etdik, bir neçə girov götürdük. Düşmənin xeyli hərbi sursatını, zirehli texnikasını və s. ələ keçirdik. O cümlədən, Ermənistandakı Rusiya ordusuna məxsus iki “T-72” tankını da qənimət kimi götüdük. Bu minvalla ermənilərə gözlənilməz zərbə vurduq…

“Ermənistan dünyaya car çəkdi ki, Azərbaycan bizimlə deyil, Dağlıq Qarabağla müharibə aparır… Rusiya və Amerika Bakıya təzyiq göstərdi…”

– Bəs bu cür uğurla gedən “Mehri əməliyyatı” niyə yarımçıq dayandırıldı?

– Ermənistan dərhal dünyaya car çəkdi ki, guya Azərbaycanla Ermənistan deyil, Dağlıq Qarabağ müharibə aparır, Azərbaycan isə Ermənistan ərazisini işğal edir. Nəticədə Rusiya və Amerika bölgədə böyük müharibənin başlayacağını hiss edərək, məsələyə qarışıb rəsmi Bakıya təzyiq göstərdi. Biz də o vaxtkı dövlət başçısı Əbülfəz Elçibəyin göstərişi ilə əməliyyatı yarımçıq dayandırmağa məcbur olduq…

– Ermənistana hücum nə qədər davam etdi?

– 1993-cü il aprelin 10-u səhər 5-də başlayan əməliyyatın nəzərdə tutulmuş birinci mərhələsini biz cəmi 6 saat ərzində uğurla tamamladıq. Təəssüf ki, elə həmin gün saat 1-də hücumun dayandırılması barədə komanda gəldi…

“Artıq Qafan şəhəri də xeyli nəzarətimizdə idi…”

– Milli Ordumuz Ermənistanın, əslində Qərbi Azərbaycanın içərisinə neçə km irəliləyə bilmişdi?

– Təxminən Ermənistanla sərhədin 100 km-i boyunca 30-40, bəzi yerlərdə hətta 50 km irəliləmişdik. Artıq Saf yüksəkliyini almışdıq və Mehri yaxınlığındakı Şişgərdi də götürmək üzrə idik. Qafan şəhəri də xeyli dərəcədə nəzarətimiz altında idi. Plana görə birinci gün sol cinah, yəni Çəkədindən Sava qədər ərazilər, ikinci gün isə sağ cinah – Həyərə – Üyənis-Ağavurt adlanan ərazilər alınmalı idi. Üçüncü gün isə Süsənli dağını alıb, Qafana girməli idik…

“Türkiyənin müharibəyə qoşulması baş tutsaydı…”

– Bəs Zəngilandan başlayan əməliyyata Naxçıvandan da dəstək olacağı gözlənilirdimi?

– Təbii ki, əgər Türkiyənin müharibəyə qoşulması baş tutsaydı, Naxçıvandan da Ermənistan ərazisinə hücum olacaqdı…”

P.S. “Mehri əməliyyat”ında bilavasitə iştirak etmiş komandir və döyüşçülərin, eləcə də həmin vaxt Azərbaycanın siyasi və hərbi rəhbərliyində olmuş şəxslərin mövzu barədə şərh və açıqlamalarına yer verməyə hazırıq…”

Sultan Laçın

Buna da bax...

Lukaşenko: “Dedim beş rayonu qaytarın, lazım olsa Qarabağa qoşun yeridəcəyik”

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı Rusiya və Belarusun …