Baş səhifə / Cəmiyyət / “Eşq sevdiyin üçün bir az da susmaq deməkdir, Allahın səsini duyan oldumu heç…”

“Eşq sevdiyin üçün bir az da susmaq deməkdir, Allahın səsini duyan oldumu heç…”

Yer üzünü ahəngə səsləyən, “ahəngyol” elminin yaradıcısı, tanınmış alim, şair Əhməd Qəşəmoğlunun 70 illiyinə…

Əhməd Qəşəmoğlu bir ciddi alim kimi ölkəmizdə və bi çox xarici elm mərkəzlərində geniş tanınır. Mən bir ədəbiyyatşünas kimi, bu gün onun poeziyasından, bir şeirindən danışmaq istəyirəm. Məncə, elə bu şeir onun yaradıcılığı və ahəngyol elmi barədə xeyli məlumat verir.

Hansı yana getsə də, hansı uzaqları seçsə də eşqin sərhədlərindən çıxa bilməz eşq aşiqi. Başqa aləmlərin olduğuna inanan insan dünyanı elə həzin sevər ki… hər ağacını, hər gülünü,hər böcəyini, hər otunu, yarpağını, buludunu, rüzgarını eyni eşqlə sevər, eyni gözlə baxar, eyni anda sevər, təsnifləri bir rəngə salar, ahəng rənginə. Düzər onları sıraya, başına sığal çəkər – baxışlarıyla, sonra əlləri ilə onların sırasını dəyişdirər, qarmaqarış edər, amma onların başı üzərindən bir də sığal gəzdirər, o fərqlilikləri ahəngə salar, onların yerini görər, onları yerinə qoyar, onları tək qoymağayacağına söz verər, onlarsız da qala bilməyəcəyini deyər onlara, ölə özünə də…

Dünyanın nizam-tərəzisi bəşəriyyətdən əvvəl qurulub. Bəşəriyyət üçün qurulub. İnsanların bu nizam-tərəzini pozmaq cəhdlərinə qarşı duruş gətirmək üçün, dünya özünübərpa haqqını özündə saxlayır, bu sirri insana vermir. Dünyaya, Yaradana asi düşən insan! Sənmi dünyanı, Allahı yaratmısan, yoxsa dünya, Allah səni…İtaət möhtəşəm qüvvədir. Eşq sevdiyin üçün bir az da susmaq deməkdir. Allahın səsini duyan oldumu heç… Ən böyük silahı qızılgülün qönçəsi deyilmi, ahu-zar edən bülbül bağçada divanə ötmürmü… Bu səsdə ən böyük səssizliyi duyan, eşqdən o yana mənanı kəşf edən zahiddir, qəlbdən idraka yetişib eşqi dərk edən abiddir, ruhanidir, pirdir, şairdir Əhməd Qəşəmoğlu.
Haqq dünyası hansı dünyadır? Bu dünyada haqqa ərməyən, yetişməyən o dünyada haqqa qovuşdumu? Nəfs şeytandandır, hər an insanı yoldan çıxarmağa hazırdır, amma insanın aid olduğu bir aləm var, Uca Dərgah var, yerini təsbit etmək mümküm deyil, əgər insanın öz qəlbi o əlaqədə, o təmasda, o ağılda deyilsə.”Ağıllı qəlb”, ağla malik qəlb” deyir Dostoyevski, “ağıllı hiss” deyir Tolstoy, “könül dünyası” deyir Mövlanə. Bəs Əhməd Qəşəmoglu nə deyir bu dünyaya, nəyi qoyub nəyi axtarır, getdiyi incə və uzun yolda tək addımlamaq istəmir üstəlik, özünə dost, qardaş axtarır… Dünyanın gözəlliyini paylaşmaq itəyir, ahəngi yaradan onu hamı üçün yaradıb axı…Bilənlərə salam olsun!
Əhməd Qəşəmoğlu bipolyar dünyada ağı qaradan seçə bilsə də, dünyanı iki rəngə bölməkdən uzaqdır. O, bu rənglərin öz içində də şübhə və təbəddülatların varlığına, onların canlı orqanizm kimi yaşamasına, inkişafı və süqutuna, məhvinə, yox oluşuna və yeni təzahürlərinin sirrinə vaqif olmaq istəyir – son məramına yetişmək üçün. Dünyanın Ahəng qanununn formulunu tapmaq üçün. “Şairlər əbədiyyətin yer üzündə elçiləridir” kəlamı buna işarədir. Əbədiyyət isə filosofların düşüncə hədəfidir. Bəzən şair söz demək üçün bu dünyadan başqa dünyaya keçir, uca Aləmin onu götürdüyü yerlərdən, fəzalardan dünyaya baxır. O zaman “sübhün sübhündə” söz demək istəyi yaranır… Bu adda təkrarlanan sözlər belə eyni məna daşımır. Sübhün sübhü – qaranlıqdır, qaranlıqdan toranlığa, ordan da aydınlığa gedən yoldur, zamandır, məqamdır, özündən sübhü doğandır.

Doğulmaq və dirilmək – yoxluqdan və boşluqdan Ahəng yoluna çıxmaqdır. Buralardan çıxıb gedən lirik qəhrəmanın ruhu da tanımadığı, amma ona doğma bir məkana düşür. Burda zaman dəqiqəyə, saniyəyə, əsrə, günə bölünmür, burda zaman statikdir(amma durğun deyil), əbədidir, bu zamanın içindən keçib gedən nə varsa – fanilikdən qurtulmaq istəyidir…Yer üzündə yaşamağa alışmış insan bir gün İlahidən, Səmadan gəldiyinə şübhə edər, bu şübhədən zikrin doğacağını özü bilməsə də, insanlardan uzaqlaşıb tənhaya çəkilər və şeirdəki qəhrəman kimi, meşədə, bir talada, bir ağac kötüyünün üstündə oturub səs arayar, ün gözləyər. Və uca Aləm onu alar ağuşuna, sahiblənər ona pənah gətirən aciz quluna, sarar könül yarasını…

Əhməd Qəşəmoğlunun “sübhün sübhündə” şeirində Allahla, İlahi eşqlə qarşılaşma məkanının təsviri Dostoyevskinin “Kəndli Marey” hekayəsində və İsa Muğannanın xatirələrində bəhs etdikləri təsvirlərlə üst-üstə düşür. Meşədən talaya canavardan qorxaraq qaçıb canını qurtarmaq istəyən doqquz yaşlı Fyodor otuz ildən sonra, məhbəsdə işıq axtaranda, şübhələrdən qurtulub Allahı zikr edəndə, kəndli Mareyin sevgi dolu təbəssümünü, palçıqlı barmaqları ilə onun qorxudan əsən dodaqlarına təsəlli sığalını xatırlayır, qorxularını götürən səsini eşidir. “Sakitləş, İsa xatirinə…” – bu söz sözdən əvvəl səs idi. O meşədə, o talada Allahdan başqa heç kim Mareyi görmürdü, Marey ağanın oğluna qarşı niyə mərhəmətli davransın ki… Demək ki, Allahı başı üzərində görürdü, onun dünyasında yaşayırdı qəlbi, ondan belə nəvazişli və mərhəmətli idi. Bu inam Dostoyevskinin də saran yaralarına məlhəm qənaəti idi.

İsa Muğanna uşaq vaxtı evdən qaçıb meşədə gizlənməyi, yarpaqların pıçıltısıını, quşların səsini dinləməyi çox sevərmiş. Günlərlə meşədə qalıb çox xöşbəxt olduğunu qeyd edən yazıçının bütün yaradıcılığı quş dilini bilən insan axtarışında, ün, Ağ Səs duyan qəlb, görən könül axtarışına həsr olundu. Hər iki böyük yazıçını bədii təfəkkürünün alt qatında sabitləşən, onların yaradıcılıq istiqamətini təyin edən işıq, eşq, günəş, cənnət arayışı fəlsəfəsi Əhməd Qəşəmoğlunun da poetik düşüncəsinin əsasını təşkil edir, onu Ahəng yolu konsepsiyasını müəyyənləşdirir.

Meşədə, bir talada, pöhrələyən kötüyün üzərində əyləşərək dünya içində dünyaları axtarmağı, bu dünyalarda yerini tapmaq istəyi şeirin lirik qəhrəmanının dünyanın Ahəng sirrini çözmək istəyinə bağlıdır. “Mən özüm özümdə itmişəm indi “, – deyən şair ilk öncə öz nümunəsində düynanın xilas yolunu axtarır, öz xilas təcrübəsində Ahəngi – Allahın dəsti-xəttini, Allahda isə özünü tapa bilməyin gözəlliyini, şərəfini doya-doya yaşayır. O, cismani, maddi “mən”ində yox olduqca, başqa bir “Mən”də böyüyür, çoxalır. İlahi nəsnədə nəfəslənib bütün təbiətin nəfəsinə, ətrinə qovuşur və sonsuz məkanlarda uçuş əldə eldə edir, mələyə dönüş deyək buna.

Meşənin içində talada, pöhrələrinə inandığı kötüyün(bu da simvolik səciyyə daşıyan obrazdır, əlbəttə: kötük – zaman, pöhrə isə – inam) üstündə oturub işıqların pıçıltısını, göy üzünün gülümsəməsini görən yolçu öz sədəqəsini almış olur. Təmənna gözləməyən Allah Onun eşqini duyan hər bir kəsə yeni yaddaş verir. Onun yerdəki yaddaşını silir, onun qəlbini və zikrini yeni, ağappaq səhifədən başlayır – onu uşağa çevirir. İncildə bir çox ayələrdə “uşaqlar kimi” olun kəlamı səslənir. Aləmin nuruna boyanmaq, işıq selinə, işıq sürətinə qarışıb, dünyaları, aləmləri gəzmək, adi gözlə görülməyən bənövşəyi şüaları görmək şükür məqamına yetişməkdir, şükr etməyi nəsib edən Allaha salam verməkdir. Allahla görüşə gələn insan! Gəlişin mübarək! Fəth olunan qəlbinə sağlıq! Yenilməyin qələbəndir! Artıq yer üzünə geri dönsən də, qorxusu yoxdur. Axirət səni cəhalətdən qoruyacaq. Get, yolun açıq olsun! Özünlə apardığın eşq odunu bir ahınla, bir nəfəsinlə verə bilərsən insanlara: yol, haqq, Allah, əhd ….Yol – haqq, Allah – əhd…Yol, haqq, Allah – əhd.. Huu, ərənlər, huuu…
…ah!!!!!!!!! nə gözəl, ağappaq işıq
qaynayır çay kimi, fəvvarə kimi…
göylərin daha da dərinlyində
mən özüm özümdə itmişəm indi…

Bu şeirdə bir də bədii haşiyələmə üslubundan istifadə olunmuşdur, lakin adi mətnlərdən fərqli olaraq, burda haşiyələmə bir müstəvidən digərinə üfüqi keçidi ifadə etmir, burda vertikal inkişaf xətti var, bu, ruhun hərəkətidir, hər hansı bir hadisənin başlandığı yerdə bitməsi ilə bağlı deyil. Yerdən göyə ucalan ruh, qəlb yenidən və fərqli məzmunda zühur edən dünyayla qarşılaşır, İlahi Aləmi görür. “Yer üzü” adlı köynəyindən silkinib çıxmış insan qurbağa dərisini yandırmış nağıl qəhrəmanı kimi, özünü tam, dolğun, əzəli gözəlliyində dərk edir.

İnsanın Allahı görmək məqamı yerlə, dinamika, fizika ilə bağlı deyil, mexaniki prosses deyil, göylə, statika, metafizika, qeyri-səlist düşüncə ilə bağlıdır.

Kəmalə Umudova
Bakı Slavyan Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …