Baş səhifə / Cəmiyyət / Südün tərkibində olan kazein maddəsi xərçəng yaradır?-Ekspertlər müzakirə etdi…

Südün tərkibində olan kazein maddəsi xərçəng yaradır?-Ekspertlər müzakirə etdi…

Amerikalı biokimyaçı T.Colin Cambel içindəki kazein maddəsinin kanserogen olduğunu ifadə edərək südün istahlak etdiyimiz ən zərərli qidalardan biri olduğunu iddia edib. Alim bu araşdırmasıyla süd ticarətiylə məşğul olan iş adamlarının də təpkisinə məruz qalıb. Onun iddiasına görə südün tərkibində olan kazein maddəsi xərçənglə əlaqədar ən qüvvətli maddələrdən biridir. O, kazeninin mədəndə çox yavaş parçalandığını və bu zaman bədənin müxtəlif yerlərinə zərər verdiyini bildirib. Bununla yanaşı, südün tərkibində olan kalsiumun sümüklərimizə mənfi təsir edərək sümük əriməsinə səbəb olmasıdır.

Məsələylə bağlı ekspertlərin də fikrini öyrənməyə çalışdıq. Professor Adil Qeybulla açıqlamasında araşdırmanın əsaslı ola biləcəyini dedi:

“Hər halda kazeinin kanserogen olmasıyla bağlı bu faktı ilk dəfədir ki, eşidirəm və yəqin ki, tədqiqatların nəticəsidir. Ola bilər onun aralıq və parçalanma məhsulları hansısa sərbəst radikallar əmələ gətirsin və yaxud kansoragen effekti yaratsın. Bu haqda detallı bir şey deyə bilmərəm, bunu araşdırmaq lazımdır. Düşünürəm ki, uzun müddət kazein və qidalar qəbul olunursa, orqanizm buna uyğunlaşır və həmin maddələrin orqanizmlə mübadiləsini həyata keçirəcək sistem var. Bu baxımdan da alimin araşdırması yenilikdir və bunu araşdırmaq lazımdır. İkinci tərəfdən ortaya atılmış bu cür fikirlərin vətəndaş hüququ qazanması müəyyən sınaqlardan keçməlidir, yəni deyilən hansısa fikir birdən-birə qəbul olunmur. İstər dərman preparatlarının, istərsə də qida maddələrinin belə bir xüsusiyyəti təşkil olunursa, ayrı-ayrı klinikalar bununla bağlı ümumi məxrəcə gəlirlər və Ümumdünya Səhiyyə Təşkilatı həmin klinakaların rəyinə əsasən qərar verir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da kazein maddəsi haqda məlumatlı olduğunu bildirdi:

“Kazein maddəsi ilə bağlı illərdir ki, həyəcan təbili çalıram. Bunu bilmək istəyənlər heyvanı sağan adamların ayaqqabısının üstünə baxsalar, görə bilərlər. Ayaqqabının üstünə qır kimi yapışan o maddə kirəç kimidir. Bununla bağlı elə bir tədqiqat işim yoxdur, amma kazeinin necə bir maddə olduğundan xəbərim var.

Qaldı ki, süd məhsullarıyla bağlı ən uğurlu iş onların şüşə qablarda qablaşdırılmasıdır. Bunu beş il öncə bir istehsalçı etdi. O, südü şüşə qabda bazara çıxararaq üstünə dörd gün istifadə müddəti qoymuşdu. Buna görə mən çox sevindim. Südə dörd günlük yararlılıq müddəti qoyulmasına görə istehsalçı böyük risk etmiş oldu. Belə süd məhsulları canlı yaxşı südlərdir. Lakin aylarla üstündə yararlıq müddəti olan süd və süd məhsulları var. Məsələn, İrandan gətirilən xamanın bir il yararlıq müddəti var. Əlbəttə, bunlar kimyalaşmış süd məhsullarıdır”.

Qida Təhlükəsizliyi üzrə ekspert İsa Əliyev isə açıqlamasında alimin araşdırmasını cəfəngiyyat adlandırdı:

“Alimin araşdırmasıyla tanış oldum və bu tamamilə cəfəngiyyatdır. Çünki südün içində olan kazein maddəsi bir proteindir və onun xərçəng səbəb olması elm aləmində sübut edilməyib. Belə bir araşdırmanın elm aləmi tərəfindən təsdiq edilməsi lazımdır. Kazein proteini indiyə kimi insan səhhəti üçün yararlı sayılıb. Südün tərkibində olan laktoza maddəsi var və bu bəzi insanlara mənfi təsir edir. Onun üçün də Avropa bazarlarında südün laktozasız olmasıyla bağlı məlumat verilir. O da sırf allergiya xəstəliyi olan insanlar üçündür. Süd çox yararlı qidadır və insan səhhəti üçün faydalıdır. Südün tərkibində A, B, B1, B2, B3, B6, B12 vitaminlərini misal göstərmək olar ki, bunlar da insan orqanizmi üçün zəruri olan vitaminlərdir”.

Vasif Əlihüseyn

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …