Baş səhifə / Xüsusi / “Oğlumun şəhid olmasından sonra əlsiz-ayaqsız adam kimiyəm…”

“Oğlumun şəhid olmasından sonra əlsiz-ayaqsız adam kimiyəm…”

Bu gün 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Mahir Mirzəyevin doğum gündür. Şəhidimizin doğum günü hər il Nərimanov Rayon İcra Hakimiyyətinin Gənclər Təşkilatı tərəfindən böyük təntənəylə qeyd edilir.

Şəhidimizin atası Sabir Mirzəyev Moderator24.com-a açıqlamasında bu gün də belə bir tədbirin baş tutduğunu bildirdi və gözünün ağı-qarası tək oğul övladını itirməyin çətinliklərindən danışdı:

“Bu gün Mahirin 26 yaşı tamam olur. Onun doğum günləri şəhid olandan bu günə kimi hər il Nərimanov İcra Hakimiyyəti tərəfindən böyük təntənə ilə qeyd olunur. Biz indi Mahirin məzarını ziyarət etdik. Sonra isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində onun adıyla bağlı keçirilən idman yarışlarında qalib olan idmançılar mükafatlandırılacaq. Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 18 məktəb komandası tərkibində 180 nəfər məktəbli iştirak edib”.

Şəhid atası Mahirsiz keçən günləri haqda isə bunları deyib:

“Mahirsiz əlsiz-ayaqsız adam necədirsə, eləyəm. Bir gözümüz kədərli, biri isə sevinclidir. Dözməyə çalışırıq. Bizə təsəlli verən isə onun adının yaşadılmasıdır. Əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Mahir 2011-ci ildə Azərbaycan İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2015-ci ildə universiteti bitirdikdən sonra Qafqaz Universitetinin menecment fakültəsinin magistr pilləsinə qəbul edilib. Hərbi xidmətə yollanan Mahir əsgərlikdən sonra təhsilini davam etdirməyi planlaşdırırdı. Amma aprel döyüşləri zamanı o, qəhrəmancasına şəhid oldu. Aprelin 9-da şəhidimiz böyük izdihamla Mehdiabadda yerləşən qəbiristanlıqda dənf edilib. Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. Mahir həmçinin digər aprel şəhidimiz Fəxrəddin Qurbanlının yaxın qohumudur.

Vasif Əlihüseyn

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …