Baş səhifə / Siyasət / Türkiyəni çətinə salan taktiki gediş: Türk düşmənləri birləşir…

Türkiyəni çətinə salan taktiki gediş: Türk düşmənləri birləşir…

Elxan Şahinoğlu: “PKK və Əsəd rejimi İdlib ətrafında birgə əməliyyatlara maraq göstərir”

Suriyadakı PKK qüvvələrinin Əsəd rejimi ilə əməkdaşlığa başladığı, İdlib bölgəsində birgə hərbi əməliyyatlar planlaşdırdığı ilə bağlı məlumatlar yayılmaqdadır.

Maraqlıdır, PKK və Əsəd rejiminin anti-türk əməkdaşlığı ilə bağlı deyilənlər doğrudursa, bu, Türkiyənin İdlib və onun ətrafında daha irimiqyaslı hərbi əməliyaytlar aparmasına səbəb ola bilərmi? Ümumiyyətlə, Əsəd rejiminin terror təşkilatı ilə əməkdaşlığı Türkiyənin Suriyada hərbi mövcudluğunu qoruyub saxlamağa məcbur edə bilərmi?

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu baş verənlərin bölgədə vəziyyəti daha da mürəkkəbləşdirəcəyini vurğuladı:

“Türkiyə illərlə terrorla mübarizə aparır. Əsədin atası Hafiz Əsədin dövründə PKK Suriyada çox rahat fəaliyyət göstərirdi. PKK-nın lideri də məhz Suriyada gizlənirdi. 1998-ci ildə Türkiyə Suriyaya bununla bağlı ultimatum da verdi. Bundan sonra PKK liderini ölkədən çıxardılar. Suriyadakı vətəndaş müharibəsi illərində isə PYD və YPG “müstəqillik uğrunda” mübarizəyə başladılar. Bu, isə təbii ki, Əsədin narazılığına səbəb oldu.

Indiki məqamda həm Əsəd rejimi, həm də PKK Türkiyəni özünə düşmən sayır. Indi bu düşmənlər taktiki birliyə gedirlər. Bu birlik nə qədər davam edəcək, bunu söyləmək çətindir. Çünki terrorçu təşkilata etibar etmək mümkün deyil. Sabah onalr Suriyanın özünə qarşı çevrilə bilər. Bu gün Türkiyəyə qarşı hücumlar təşkil edən terror təşkilatı sabah Suriyanın özünü parçalamağa çalışa bilər. Hazırda isə onlar İdlib ətrafında birgə hərbi əməliyyatlara maraq göstərirlər. Bu isə o deməkdir ki, Türkiyənin işi daha da mürəkkəbləşəcək.

Türkiyə bir çox cəbhədə – Aralıq dənizində, Suriya-İraq sərhəddində və s. düşmənlərlə üz-üzədir. Rusiya guya tərəfdaş olsa da, İdlib və Liviyada atəşkəsə riayət etmir. Türkiyə hər tərəfdən təhlükələrlə üz-üzədir. Lakin onun başqa alternativi də yoxdur. Türkiyə öz maraqlarını qorumaq üçün hərbi fəallığını artırmağa məcburdur. Odur ki, yaxın gələcəkdə Türkiyənin İdlib və ətrafında daha irimiqyaslı hərbi əməliyyatlar keçirməsi tamamilə mümkün və proqnozlaşdırılandır”.

Seymur ƏLİYEV

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …