Baş səhifə / Cəmiyyət / “Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa…”

“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa…”

Heydər Əliyev Elçibəyin ÜMUMMİLLİ BİRLİK haqda sualına necə cavab verdi?..

“Əgər sözdə “birlik” deyir, əməldə onu təmin etmir, yerinə yetirmirsə, mən xüsusən vəzifəli şəxsləri nəzərdə tuturam, deməli, o sözlərin heç bir təsiri ola bilməz…”

Azərbaycanda ümummilli birlik son onilliklərdə xalqın ən aktual problemlərindəndir. Xüsusən 30 ilə yaxındır işğal altında qalan Qarabağ torpaqlarını azad etmək üçün bir yumruq kimi birləşmək bizə hava, su kimi lazımdır. Nə yazıqlar ki, son illər bəziləri dildə həmrəylikdən, birlikdə danışsa da, əməldə saxtakarlıqla, tayfabazlıq, qohumbazlıqla, rüşvət və korrupsiya ilə məşğul olaraq xalqın bu gününə və gələcəyinə sağalmaz zərbələr vurur…

Bu mövzuda araşdırma apararkən Azərbaycanın eks-prezidenti Heydər Əliyevin hələ 1990-cı ilin avqustunda Naxçıvanda yaşayarkən həmin vaxt AXC sədri olan digər sabiq prezident Əbülfəz Əliyevin(Elçibəy) tanınmış jurnalist Azər Abdulla vasitəsilə birlik haqda ünvanladığı suala ibrətamiz cavablarına rast gəldik:

“Əbülfəz Əliyev (AXC-nin sədri, Ordubad rayonu):
-Son vaxtlar hamı birlikdən danışır. Bunların hamısı söz olaraq qalır. Bəs bu “birliyi” siz necə təsəvvür edirsiniz?” sualını belə cavablandırıb:

Heydər Əliyev:

-Mən sözdə deyil, əməldə olan həqiqi birlikdən danışıram. Mən “birlik” deyəndə belə başa düşürəm ki, indiki Azərbaycan xalqının başının üstünü qara buludlar alıbdır. Gərək bütün Azərbaycan xalqı biri-birinin arasında olan dedi-qodunu, ədavəti, incikliyi və başqa şeyləri unudub, əl-ələ verib öz xalqının suverenliyini, öz ərazisini, öz xalqının mənafeyini qorusun. Bax, birlik deyən adam gərək öz şəxsi mənafeyindən əl çəksin, gərək xalqın aqibəti haqqında düşünsün. Əgər sözdə “birlik” deyir, əməldə onu təmin etmir, yerinə yetirmirsə, mən xüsusən vəzifəli şəxsləri nəzərdə tuturam, deməli, o sözlərin heç bir təsiri ola bilməz. Mən hesab edirəm ki, əgər respublikanın rəhbərləri indi birliyə dəvət edirlərsə, bunlar gərək birliyi təmin etsinlər. Birliyi ayrı-ayrı adamlar təmin edə bilməz. Əgər bu tərəfdən birlik deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa, xalqın arzuları yerinə yetirilmirsə, onda onların birlik haqda danışdıqları boş və mənasız şeylərdir. Onda xalq da onlara inanmayacaq, birlik də təmin olunmayacaq…”

“Onlar qəmli idi…”, Azər Abdulla, Bakı, 2007-ci il, səh. 168-169.

Təqdim etdi: Sultan Laçın

Modeator.az

Buna da bax...

“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı…”- Əməkdar artist əsəbiləşdi…

Xəbər verdiyimiz kimi Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olan İlqarə Toska yazar Günel Musanın “Müğənni …