Baş səhifə / Cəmiyyət / “Azərbaycan yaranacaq fürsəti dəyərləndirmək üçün hazır olmalıdır”

“Azərbaycan yaranacaq fürsəti dəyərləndirmək üçün hazır olmalıdır”

Ötən gün Ermənistandakı olaylar pik nöqtəsinə çatdı. Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Serj Sarkisyan istefa verdi. Ardınca Nikol Paşinyan azad edildi və hökumət buraxıldı. Nikol Paşinyan son hadisələri erməni xalqının qələbəsi adlandırdı.

Ermənistanda baş verən olaylar Azərbaycanda da yaxından izlənilir. Buna görə Ermənistandakı hadisələri ermənişünas alimdən soruşmamaq eyib olardı.

Azərbaycan Ermənistanda baş verənlərdən sevinməli, yoxsa əndişələnməlimi? Bu olaylar Qarabağı Azərbaycana uzaqlaşdıracaq, yoxsa yaxınlaşdıracaq?

Moderator.az bu sualları Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıya ünvanlayıb.

Qafar Çaxmaqlı bildirib ki, Azərbaycan öz torpaqlarını azad etməsi üçün hərb yolunu seçməlidir:

“Ermənistanda Serj Sarkisyanın istefası ilə nəticələnən xalq etirazları indi bu ölkədə qələbə kimi qeyd edilir. Bundan sonrakı mərhələdə baş naziri müvəqqəti əvəz edən Karen Karapetyanla yeni müvəqqəti hökümətin tərkibi müzakirə ediləcək və ehtimal ki, yeni erkən seçimlər üçün qərar alınacaq. Sarkisyanın Respublikaçılar Partiyasının mənsubu olan şəxslər, o cümlədən parlament çoxluğunu Ermənistan cəmiyyətinin digər bir təbəqəsi əvəz edəcək. Bu dəyişikliklər zənnimcə Ermənistanı düşdüyü siyasi böhrandan çıxarmaqda çətinlik çəkəcək. Sistem dəyişikliyinə gedilərsə bu çox zaman alacaq.

Rusiya faktoru hələ də bu ölkədə lliberal dəyişiklər etmək üçün əngəldir və yeni oluşacaq hökümət Rusiya ilə hesablaşmaq zorundadır. Qərbin, xüsusən Amerikanın bu dəyişikliklərdən yararlanma təşəbbüsləri ona gətirib çıxaracaq ki, cəmiyyət yenidən qütbləşəcək. Nəzərə alsaq ki, bu dəfəki üsyanda Erməni diasporu çox aktiv rol oynadı, Ermənistanın Qərbə tərəf çəkilməsi təşəbbüsləri yenə də olacaq. Siyasi, hərbi və ekonomik anlamda Ermənistanda radikal dəyişikliklər olmasa onun bu böhrandan çıxması mümkün deyil. Qərblə Rusiya arasında Ermənistan uğrunda mübarizənin yeni mərhələsi başlanmışdır-deyə bilərik. Bunların Azərbaycan üçün hansı təsirləri ola bilər? Sarkisyan bilindiyi kimi Qarabağ canisidir və müharibə partiyasının təmsilçisi idi. Və Qarabağ danışıqlarına da bu gözlə baxırdı, yəni biz qan töküb Qarabağı almışıq, onu Azərbaycana vermərik. Minsk qrupunun apardığı danışıqlar prosesində də bu siyasəti dəyişməz olaraq yürütdü. Yeni hakimiyyət nə edəcək. Sanmıram ki, bu məsələdə hansısa “güzəştlər” olsun. Çünki Erməni cəmiyyəti irqçi cəmiyyətdir və Qarabağ məsələsində də tutduqları mövqe bəllidir. Bu gün 24 apreldə xalqın İrəvandan Sərdarabada qondarma “Erməni soyqırımı” abidəsinə kütləvi yürüşü olacaq. Yeni yaradılacaq hökümətin də istər “Erməni məsələsi” olsun, istərsə də Qarabağ problemi- məsələlərə 24 aprel gözü ilə baxılacaq. Ehtimal ki, yeni hakimiyyət Qarabağ məsələsində həmin siyasəti davam etdirəcək. Dünənki mitinqdə də bu şüarlar səsələndirilirdi:”Azad, müstəqil Artsax” bu o deməkdir ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək siyasətini davam etdirməlidir. Ermənistanda istər Paşinyan olsun, istərsə də digər bir erməni, onlara Qarabağın bizim olduğunu başa salmaq lazımdır. Onu da demək lazımdır ki, Ermənistanda mümkün xaos durumu da söz konusu ola bilər və Azərbaycan yaranacaq fürsəti dəyərləndirmək üçün hazır olmalıdır.”

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …