Baş səhifə / Cəmiyyət / Şəhid gizirimizin atasından Şabranın icra başçısını bitirəcək İTTİHAM

Şəhid gizirimizin atasından Şabranın icra başçısını bitirəcək İTTİHAM

Bu gün ötən il dekabrın 13-də cəbhə bölgəsində qəhrəmancasına şəhid olan gizirimiz Füzuli Süleyman oğlu Salahovun doğum günüdür. Şəhidimizin atası Süleyman Salahov Moderator.az -a açıqlamasında bildirib ki, bu gün Füzulinin 40 yaşı tamam olur.

“Çox sağ olun ki, biz şəhid ailələrini yada salırsınız. Füzulinin 40 yaşı tamam olur. Bununla bağlı artıq yaxınlarımız bizdədirlər. Bir azdan məzarının ziyarəti olacaq. Bir şəhid atası kimi mənim üçün oğul itirmək çox çətindir. Bir təsəlli yerim var, o da oğlumun vətən uğrunda şəhid olmasıdır”.

Əməkdaşımız şəhid atasının problemləri ilə də maraqlanıb. Şəhid atası sadaladığı problemlərin həll olunmasını xahiş edib:

“Dünən mədəniyyət şöbəsindən və icra hakimiyyətindən qonaqlarımız oldu. Mən istəyirdim ki, Füzulinin doğum günündə onun ailəsinə mənzil verilsin. Amma bunu etmədilər. Məzarının üstünə gül əkmişəm. Mal-heyvan hamısını dağıdıb. Çünki məzarın ətrafı dəmir barmaqlıqlarla bağlanmalıdır. Bunun üçün isə maddi imkanım yoxdur. İcra hakimiyyətinə müraciət etmişəm, deyirlər ki, bizim maddi imkanımız yoxdur. Kəndin içində istədim ki, şəklini vursunlar, bunu da etmədilər. Mənim oğlum iyirmi il vətən qoruyub. Ona qarşı laqeyd münasibət bəsləmək olmaz. O, şəhid olana qədər mənim oğlum idi, indi isə o, vətənin oğludur”.

Xatırladaq ki, gizir Füzuli Süleyman oğlu Salahov 1979-cu il aprelin 28-də Şabranın Gəndob kəndində anadan olub. 2017-ci il dekabrın 13-də cəbhə bölgəsində düşmənin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Şəhidimizin iki övladı yadigaq qalıb. Ölümündən sonra şəhid Füzuli Salahov “Hərbi xidmətdə fərqlənməyə görə” ikinci dərəcəli medalı ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn

Moderator.az

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …