Baş səhifə / Cəmiyyət / “Karo məni əlindəki zəncirlə vururdu, başqa ermənilər isə üstümə tüpürüb, söyürdülər…”

“Karo məni əlindəki zəncirlə vururdu, başqa ermənilər isə üstümə tüpürüb, söyürdülər…”

Bir müddət öncə Dürdanə Ağayevanın müəllifi olduğu “Erməni zindanında səkkiz gün” adlı türk dilində kitabını oxumuşdum. Bu cəfakeş xanımın başına gələn müsibətlərin əks olunduğu məqamları hissə-hissə saytımızda da oxuculara təqdim etdik.

Xocalı rayonundan olan Dürdanə xanım fevralın 25-dən 26-na keçən gecə ermənilərə qardaşı Elşadla birlikdə əsir düşür. Sonradan Dürdanə xanım səkkiz günlük əsirlik həyatını qələmə alır. Qərara gəldim ki, müəlliflə görüşüb bu haqda söhbət edək. Bir müddət sonra Dürdanə xanımla görüşmək mənə nəsib oldu. Ötən gün onunla görüşmək üçün Buzovna qəsəbəsindəki evində qonaq olduq və həm kitabı, həm də əsirlik həyatı haqda söhbət etdik.

Yazının birinci hissəsini bu linkə tıklamaqla oxuya bilərsiniz: (http://www.moderator.az/news/223649.html ).

“Bir gün Karo mənə dedi ki, evinizi görmək istəyirsən? Qorxumdan cavab verə bilmirdim. Amma nəsə dilləndim. Dedim ki, hə, evimizi görmək istəyirəm. Evimiz Xocalıda magistral yolun üstündə idi. Evimizin yanında maşını saxlayıb məni düşürdü. Maşından düşən kimi Karo qışqırıb mənə dedi ki: “dörd ayaqlı yeri”. Baxıb gördüm ki, evimizin ikinci mərtəbəsi dağılıb. Darvazamız da aşmışdı. Hasarımız da uçmuşdu. Ermənilər “Kamaz”la evlərdəki əşyaları daşıyırdılar. Həyətdə evimizin girişindəki pilləkənə baxanda gəncliyim yadıma düşdü. Bir vaxtlar uşaq idim. Orta məktəbdə oxuyanda pilləkəndə dərs hazırlamağım yadıma düşdü. O pilləkəni yuyub bir palazımız var idi, sərib üstündə otururdum. Həmin xatirələr yadıma düşdü. Bir də ki, hər bir gəncin ürəyində arzusu olur. O, pilləkənə baxanda dedim ki, kaş müharibə olmayaydı, biz didərgin düşməyəydik. Anam mənə deyirdi ki: “Atan erkən rəhmətə gedib. Səni bu evdən çıxarıb pilləkəndən düşürüb qardaşın Elşad gəlin köçürəcək. O, sənin üçün həm ata, həm də qardaşdır”. Xəyala dalmışdım və onda gördüm ki, Karo əlindəki zəncirlə məni vurdu. Başqa ermənilər də üstümə tüpürüb, ağır söyüşlərlə təhqir edirdilər. Sonra Karo məni yenə həbsxanaya qaytardı.

-Dürdanə xanım, sizi nə vaxt əsirlikdən azad etdilər?

-Martın 4-də Ağdam ərazisində Milli Qəhrəmanımız Allahverdi Bağırovun təşəbbüsü ilə məni və qardaşımı dəyişdilər. Allah Allehverdi Bağırova rəhmət eləsin. Allahverdi olmasaydı, biz indi orda ölüb getmişdik. Onda qardaşlarım məni qarşıladı və yaxınlarımın yanına getdik. Elə bilirdim ki, anam və nənəm ölüb. Amma gedib onları xəstəxanada görəndə ürəyim rahatlandı. Mən ayağımdan, Elşad isə böyründən yaralanmışdı. Bir il bizim yaramız müalicə olundu.

-Sizin ananızın da axı Xocalıda əsgərlərin qulluğunda durduğunu yazmısınız.

-Mənim anam Nübar o qədər qəhrəman qadın idi, bunu deməsəm ürəyim ağrıyar. Biz Xocalıda olanda Milli Qəhrəmanımız Aqil Quliyevin on bir nəfərlik dəstəsi gəlmişdi. Anam onların həm aşbazı idi, həm də paltarlarını yuyurdu. Onda hamı torpaq üçün çalışırdı ki, bu bəladan azad olaq. Anam da könüllü olaraq gedib dedi ki, mən bu əsgərlərin qulluğunda duracam. 1991-ci il noyabrın 1-dən Xocalı mühasirədə saxlanılırdı. Biz iki gecə Ağdamda qaldıq. Sonra Ağdama da top atırdılar. Biz ailəlikcə Əli Bayramlıya gəldik. Onda Elşad Ağdamda qaldı. Yol boyu ağladım ki, mən Elşadı erməninin əlindən alıb gətirdim, indi də Ağdamda qaldı. Gecəni səhərə qədər yatmadım. Bir gecə də Əli Bayramlıda qaldıq. Sonra Bakıya qayıtdıq. Bizi yataqxanada yerləşdirdlər.

-Dürdanə xanım, siz nə vaxt ailə qurdunuz?

-Mən Bakıya gələndən sonra bir müddət Xocalı rayon icra hakimiyyətində işlədim. Sonra isə öz ixtisasım üzrə Xırdalan rayonunda telefonçu kimi işə başladım. 1996-cı ildə həyat yoldaşımla tanış olduq. O, adi abonent kimi bizim iş yerinə gəlmişdi. Kişilərin xətrinə dəyməsin, Azərbaycanda mənim həyat yoldaşım kimi kişi yoxdu. Onun böyük ürəyi var idi. Mənim həyat yoldaşımın ona görə böyük ürəyi var idi ki, o, erməni zindanından çıxan bir qadınla ailə həyatı qurdu. Həyat yoldaşım bir müddət mənim iş yerimə gəlib, gedirdi. Axır bir gün mənə dedi ki, danışaq. Bir gün oturub söhbət etdik və ona dedim ki, mənim həyatımı bilsən, məni qəbul etməzsən. O, da soruşdu ki, sənə nə olub? Parkda oturub bütün başıma gələnləri ona danışdım. O, söhbətin sonunda əlimdən tutub dedi ki, mən bu əli çox saf bir ürəklə tuturam. Biz ailə qurduq. 2002-ci ildə qızımız Ləman dünyaya gəldi.

-Bildiyimiz qədəriylə həyat yoldaşınız rəhmətə gedib.

-Bəli. İl yarım öncə həyat yoldaşım dünyasını dəyişdi. Sizə maraqlı bir taleyi danışım. Qardaşım Elşadla əsirlikdən qayıtdıqdan sonra o da ailə qurdu. Həm mənim, həm də Elşadın həyat yoldaşı xərçəng xəstəliyinə tutuldu. İkisi də aralarında iki ay fərqlə dünyalarını dəyişdilər. Bu qədər oxşar talelər var.

-Dürdanə xanım, canınızda əsirlik günlərinin ağırısı varmı?

-Səhhətimdə çox böyük problemlər var. Bir neçə dəfə İranda əməliyyat olunmuşam. İndi də dərman qəbul edirəm. Sizə ermənilər haqda bir şey deyim. Onlar heç vaxt əsir qadınlarının üzünə vurmurdular. Onlar ancaq qadınların bədənlərinə və başlarına zərbə endirirdilər.

-Sizcə Xocalı soyqırımını dünyaya yetərincə dünyaya çatdıra bilmişikmi?

-Xocalı haqda Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva çox işlər görür. Allah ondan razı olsun. Mənim kitabım da rus dilinə Leyla xanımın təşəbüsü ilə tərcümə olundu. Heydər Əliyev fondu tərəfindən bu yaxında Xocalı şəhidlərindən bəhs edən “Altı yüz on üç” adlı kitabım da çapa hazırlanır. Mən Xocalı soyqırımını tanıtdırmaq üçün əlimdən gələni etmişəm və bu gün də edirəm.

Vasif Əlihüseyn

Buna da bax...

Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub. “Report”un yerli bürosuna məlumatına görə, …