Baş səhifə / Cəmiyyət / “Erməni həkim yaralarımıza baxıb dedi ki, bunları nə günə qoymusunuz, axı bunlar da insandı…”-Səkkiz gün erməni əsirliyində…
“Erməni həkim yaralarımıza baxıb dedi ki, bunları nə günə qoymusunuz, axı bunlar da insandı...”-Səkkiz gün erməni əsirliyində...

“Erməni həkim yaralarımıza baxıb dedi ki, bunları nə günə qoymusunuz, axı bunlar da insandı…”-Səkkiz gün erməni əsirliyində…

Moderator24.com Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabından növbəti yazını təqdim edir.

Qeyd:

Dürdanə Ağayeva 1972-ci ildə Xocalıda anadan olub. 1985-ci ildə atasını ürək əməliyyatı edən erməni həkimlər öldürüblər. O vaxtdan qardaşları Elşad, Elman və Eldənizlə yetim qalıb. Onlar ana babalarının himayəsində böyüyüblər. 17 yaşından Xocalıda rabitə qovuşağında telefonçu işləyib. 1992-ci il fevralın 25-dən, 26-na keçən gecə meşədə ermənilərə qardaşı Elşadla birlikdə əsir düşərək, Əskəran şəhərindəki polis böməsinə aid binada səkkiz gün işgəncələrə məruz qalıb. İyirmi yaşında əsir düşən qadın sonradan öz əsirlik həyatı haqda “Erməni zindanında səkkiz gün” adlı kitab yazıb.

“Sonra yenə mənə suallar verməyə…”

Qaranlıq otaqda oturmuşdum. Yenə nəzarətçi gəlib məni dedi ki: “Vitali səni çağırır”. Ayaqda güclə dururdum. Ayağımdakı yara da artıq çirk etmişdi. 26-ı gecəsi ayağıma dəyən güllə hələ də ayağımda ilişib qalmışdı. Koridora çıxıb Vitalinin otağına gəldim. O, məni görən kimi dedi ki: “Keç, sobanın yanında otur. Bilirəm qaldığın otaq çox soyuqdu”. Mən də keçib sobanın yanında oturdum. Vitali özü divanda oturub bir siqaret yandırdı. Sonra yenə mənə suallar verməyə başladı. Mən ona bir daha döyüşçü olmadığımı, sadəcə rabitədə işlədiyimi dedim.

“Onun ayaqlarını bərk-bərk qucaqlayıb ağlamağa başladım…”

Vitali birdən-birə mənim çoxdan gözlədiyim bir sualı verdi: “Qardaşını görmək istəyirsən?”. Tüklərim biz-biz oldu. Onda o qədər sevinirdim ki, nə yaxşı qardaşımı öldürməyiblər, hələ sağdır. Dedi ki: “Gözlə, indi qardaşını gətirəcəklər”. Bir az keçdi qardaşımı gətirdilər. Elşad tanınmaz haldaydı. Onu o qədər döymüşdülər ki, paltarları qanın içindəydi. Qaçıb qardaşımın ayaqlarına yıxıldım. Onun ayaqlarını bərk-bərk qucaqlayıb ağlamağa başladım. Dedim ki, Elşad, sən kim bu günə qoyub? Elşad məni sakitləşdirməyə çalışdı. Bu zaman məni Elşadın yanındakı erməni məni təpiklə vurub bir tərəfə tulladı.

“Amma siz də özünüzkülərə deməzsiniz ki, bizə işgəncə verirdilər…”

Biz sakitləşəndən sonra Vitali dedi ki: “Ağdamda sizinkilərlə danışmışam. Əgər mənim dediklərimi versələr, sizi qaytaracam. Bizim siz tərəfdə bir meyitimiz də var, onu da qaytarmalıdırlar”. Sonra Vitali bizim otağa keçməmizi tapşırdı. Dedi ki: “Tapşırıq verəcəm sizi heç kim döyməsin. Sizi qaytaranda bir az yaxşı vəziyyətdə olmalısınız. Sizi bu halda görüb sonra deməsinlər ki, döyülüblər. Amma siz də özünüzkülərə deməzsiniz ki, bizə işgəncə verirdilər. O, gecə özümü bir az da olsa, xoşbəxt hiss edirdim. Qardaşım sağ idi, səhərə kimi başımı onun dizinə qoyub yatdım. Səhəri gün Vitali bizi yenidən otağına çağırtdırdı.

“Sveta ayağındakı corabı çıxarıb mənə verdi…”

Sveta adlı bir qıza tapşırdı ki, bizə məktub yazdırsın, məktub biz tərəfə təqdim ediləcəkdi. Məktubu yazdım və bildirdim ki, lazım olan nə varsa verin, biz xilas olaq. Erməni qız mənim ayaqlarımı corabsız görüb pis oldu. Vitaliyə dedi ki: “İzn ver, ayağımdakı corabımı ona verim”. Vitali buna etriaz etmədi. Sveta ayağındakı corabı çıxarıb mənə verdi. Corabı geyəndən sonra bir az ayağım isindi. Vitalu dedi ki: “Tapşırmışam həkim gəlib sizin yaralarınıza da baxacaq. Həmin gün otağımıza qayıtdıq.

“Elşadın kürəyini açanda dəli oldum…”

Gecəni ancaq Elşadla söhbət etdik. Dedim ki, Elşad, bir az səbirli olaq, az qalıb bizi dəyişərlər canımız qurtular bunlardan. Elşadı Karo döymüşdü. Vitali özünü ədalətli biri kimi göstərsə də, əslində baş verən bütün hadisələrdən xəbərdar idi. Səhəri gün erməni həkim gəldi. Birinci mənim ayağımdakı yaraya baxıb başını bulladı. Dedi ki: “Yarası çox pis vəziyyətdədi. Çirk edib. Axı belə olmaz, onlar da insandı. Bunları niyə bu günə qoymusunuz. Bu qadının ayağı kəsilə bilər”. Həkim ayağımı spirtlə yuyub sarıdı. Ağrılar dəhşətli idi, ağlayırdım. Karo onda mənim ayağımdakı corabları görüb qışqırdı: “Buna bax, sən hələ corab da geymisən?!”. Vitali dedi ki: “İşin yoxdu, ona mən icazə vermişəm. Bunları qaytarana qədər döymək lazım deyil, heç olmasa yeriyə bilsinlər”. Sonra həkim qardaşımın böyründəki güllə yarasına baxdı. Elşadın kürəyini açanda dəli oldum. İlahi adamı bu günə qoyarlarmı?! Həkim onun da yarasını spirtlə yuyub bağladı. Sonra biz otağımıza qayıtdıq. O, gecə az da olsa, yaramızın ağrıları azalmışdı.

“Jaketimi çıxarıb Valehə verdim…”

Bir gün yenə Vitali bizi otağına çağırdı. Dedi ki: “Adam göstərsəm, görüm onu tanıyacaqsan”. Qapı açıldı içəri həmin gecə bizimlə əsir düşən Valehi gətirdilər. Vitali soruşdu: “Dürdanə, bu adamı tanıyırsan? Döyüşçü deyil ki?”. Dedim ki, bəli, bunun adı Valehdi. O, döyüşçü deyil, musiqiçidi, gitara çalır. Həmin gecə bizimlə birlikdə əsir düşdü. Vitali bizi otaqda qoyub bayıra çıxdı. Onda Valehlə bir az söhbət etdik. Dedi ki: “Dürdanə, sizi dəyişəndən sonra bizimkilərə deyərsən nə istəsələr, versinlər. Məni xilas etsinlar, artıq dözə bilmirəm”. Valehi çox döymüşdülər. Əynindən paltarlarını da çıxarmışdılar. Əynimdəki jaketi Valehə vermək üçün Vitalidən izn aldım. Vitali dedi ki: “Sən dəhşət adamsan. O boyda işgəncələrə dözdün, qardaşını tapdın. İndi də Valehə kömək edirsən”. Jaketimi çıxarıb Valehə verdim. Onda Valehin canı bir az isindi. Sonra qardaşımla məni öz otağımıza, Valehi isə öz otağına qaytardılar.

Gecəni qaldıq. Səhər açılan kimi, dəmir qapı yenə açıldı. Gələn Karo idi. O, əliylə məni yanına çağırdı. Koridora çıxıb onun arxasıyca getdim. O, maşınına minib mənə dedi ki: “Otur maşına, Xankəndinə gedirik. Qorxma, sənə toxunmayacam”. Ağlım Elşadda qalmışdı. İndi bəlkə fikirləşir ki, görənməni Karo hara apardı…

Yazının davamı var…

Vasif Əlihüseyn

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …