Baş səhifə / Cəmiyyət / Bakıda həbsdən buraxılmış erməni general Qarabağda “prezident” olacaq? – Fotolar

Bakıda həbsdən buraxılmış erməni general Qarabağda “prezident” olacaq? – Fotolar

Bir müddət öncə həbsdən buraxılmış işğal altındakı Azərbaycan torpaqlarında qondarılmış separatçı qurumun sabiq “müdafiə naziri” general Samvel Babayanın tərəfdarları onu “prezident” kimi görmək istəyir.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər yayıb.

Xəbərdə deyilir ki, S.Babayanın tərəfdarları Xankəndi sakinlərini iyulun 10-u saat 18:00-da İrəvandan gələcəyi gözlənilən cinayətkar generalın pişvazına çıxmağa çağırıblar. Bu barədə S.Babayanın tərəfdarlarının “Facebook”dakı “Samvel Babayan- Artsaxın prezidentidir” qrupunda müraciət yayılıb. Müraciətdə bildirilir ki, “indiki hakimiyyətlə Qarabağda heç bir inkişaf olmayacaq, odur ki, qürurlu vətəndaşlar meydana çıxıb sözünü deməlidir…”

Samvel Babayanın özü isə İrəvanda jurnalistlərə açıqlamasında deyib ki, hazırda onun Qarabağa yollanmaq fikri yoxdur. “Əgər Ermənistan hakimiyyəti orada olmağımı məsləhət bilərsə, gedə bilərəm. Ancaq hələlik harasa yollanıb orada sabitliyi pozmaq niyyətim yoxdur”- deyə işğalçı və cinayətkar general bildirib.

Xatırladaq ki, 1965-ci ildə Xankəndində anadan olmuş Samvel Babayan 1988-ci ildən Qarabağdakı separatçı hərəkatın fəallarından biri olub. Azərbaycan ərazisində qanunsuz hərbi birləşmələrin formalaşmasında fəal iştirak edib. 1991-ci ildə Moskvanın razılığıyla keçirilmiş məşhur “Həlqə” əməliyyatı zamanı pasport rejimini pozması səbəbi ilə SSRİ Daxili Qoşunları komandanlığının əmri ilə həbs edilib. 6 ay Bakıda həbsdə saxlanıldıqdan sonra elə Kremlin göstərişi ilə də azad edilərək Xankəndinə yollanıb. Və bir il ötməmiş, 1992-ci ilin mayında Şuşanın işğalı əməliyyatının hazırlanmasında iştirak edib.

1995-1999-cu illərdə Qarabağdakı qondarma rejimin ilk “müdafiə naziri” olub. 2000-ci ildə Qarabağ “prezident”inə sui-qəsddə ittiham olunaraq 14 il azadlıqdan məhrum edilib. Lakin 2004-cü ildə əfv edilib. 2005-ci ildə İrəvanda “Daşink” partiyasını yaradıb. 2017-ci ildə qaçaqmalçılıq və çirkli pulların yuyulması maddələri ilə həbs edilib. Bu ilin iyununda Ermənistanın 15 deputatının zəmanəti ilə həbsdən buraxılıb.

Sultan Laçın

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …