Baş səhifə / Cəmiyyət / Gələn il Xankəndində futbol üzrə Avropa Çempionatı keçiriləcək – İlham İsmayıl

Gələn il Xankəndində futbol üzrə Avropa Çempionatı keçiriləcək – İlham İsmayıl

Səhv oxumadınız. Bir qədər məlumat verək. Dünən, 20 avqustda ConIFA-nın (İngilis: Confederation of Independent Football Associations; Müstəqil futbol assosasiyası konfederasiyası) bayrağı altında futbol üzrə növbəti Avropa çempionatının Dağlıq Qarabağda keçiriləcəyi barədə qərar qəbul olunub.

ConİFA 7 iyun 2013-də yaranıb. Tanınmamış və qismən tanınan ölkələrin futbol komandalarının assosasiyasıdır.
Konfederasiyanın bu günkü saytında yazılır: “Artsax Qafqazda de-fakto dövlətdir və 2019-da Avropa Kubokunu qəbul edəcək”.
Turnir iyunda Xankəndində keçiriləcək. “Dəqiq tarixlər yaxın vaxtlarda elan ediləcək”-məlumatda deyilir.
Bu Konfederasiyanın egidası altında 2018-dünya çempionatı Londonda keçirilib. Finalda Karpataliya Şimali Kipri udub.
Bu məlumatı verməkdə məqsəd budur ki, indiyədək belə yarışlar keçirilib, hətta son dünya çempionatı Londonda olub. Amma, Londonun nə vecinə. Onun torpağı işğal olunmayıb.
Artıq ConİFA nümayəndələri Xankəndində olub və stadionu da bəyəniblər.
Ermənistanın baş naziri Nikol Paşinyan seçildiyi günün səhərisi Qarabağa gələndə üç gün əvvəl bu səfərin olacağını yazıb demişdim ki, bu səfərə Azərbaycan mane ola bilməyəcək, amma diplomatik və hərbi yolla bu səfərə gərginlik yaratmaq olar. Biz nəinki gərginlik yaratmadıq, ora gələn beynəlxalq jurnalistlərə də ”xoş gəldin” dedik və qara siyahıya düşməyəcəklərini bəribaşdan elan etdik. Paşinyanın bu səfərdən aldığı məmnunluğundan ironiyalı status yazanda da Qarabağın harda olduğunu bilməyənlər yalançı şüvən qopardılar. İndi sevinsinlər, Xankəndində, Şuşada Avropa çempionatı keçirilməsinə qərar verilib. Sözüm isə onlara deyil, səlahiyyətlilərədir.

Təsəvvür edin ki, 40-dan çox tanınmamış ölkə idmançıları və onların azarkeşləri, üstəgəl erməni lobbisi dünyanın hər yerindən Xankəndinə gələcək və işğal olunmuş torpaqlarımızda Avropa çempionatı keçirəcəklər. Bu, de-faktonun de-yureyə keçməsinin, dünya ictimaiyyətində belə bir rəyin formalaşmasının ən təsirli hadisəsi olacaq. Bura dünya ikincisi, qardaş Şimali Kiprin gələcəyini ermənilər xüsusi vurğulayırlar.

Azərbaycan dövləti Xankəndində keçirilməsi nəzərdə tutulan çempionatı indidən durdurmalıdır! Bütün diplomatik vasitələrlə buna imkan verməməlidir. Bəyan etməlidir ki, belə bir tədbir keçirilərsə təhlükəsizliyinizə qarantiya verilməyəcək. Atəşkəs hər an pozula bilər və məsuliyyət tədbiri keçirənlərin üzərinə düşəcək. Sonra gec olacaq və bir də görəcəklər ki, Rusiyadan vacib bir fiqur gəlib və çempionatın keçirilməsinin məqsədəuyğunluğundan danışır. Tapşırıq da verəcək ki, Azərbaycan tərəf həmin günlərdə Qarabağ cəbhəsində bir tapança gülləsi də atmamalıdır, yoxsa…Təəssüf ki, bu “yoxsa”ların arxasında heç vaxt Azərbaycanın marağı olmayıb, başqa maraqlar güdülüb. Rusiyanın qanadı altında olan Abxaziya, Cənubi Osetiya, Pridnestrovye, LNR, DNR-in çempionatda iştirakı şimal qonşumuzun marağında olduğunu da nəzərə alsaq bu vacib fiqur hesab edin ki, gəlib.
Amma, indi başqa situasiyadır. Bütün Azərbaycan bu tədbirin keçirilməsinə imkan verməməlidir və verməyəcək. İşinizi bilin.

İLHAM İSMAYIL

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …