Baş səhifə / Cəmiyyət / Talış yüksəkliyində: “Apreldə “Ohanyan səddi”ni 8 ay xidmət keçən əsgərlərimizlə yardıq” (FOTOLAR)

Talış yüksəkliyində: “Apreldə “Ohanyan səddi”ni 8 ay xidmət keçən əsgərlərimizlə yardıq” (FOTOLAR)

Budəfəki yolumuz 2016-cı ilin aprel döyüşləri zamanı böyük qələbənin təməli olan Talış istiqamətinədir. Tapqaraqoyunlu kəndinin içərisindəyik. Bir vaxtlar düşmənin açdığı atəşlər səbəbindən tamamilə yaşayışa yarasız olan evləri indi tanımaq mümkün deyil. Güllə və mərmi partlayışı nəticəsində dağılan evlər, indi əsaslı təmir edilib. Bir vaxtlar kəndin bu istiqamətində hərəkət etmək də mümkün deyildisə, indi sakinlər tam sərbəst şəkildə kəndin hər küçəsində, hətta kəndin yuxarı hissəsində olan sahələrdə qorxusuz hərəkət edirdilər. Tapqaraqoyunlu kəndində indi gündəlik yaşayış tərzi tamamilə bərpa olunub. Səbəbi isə təbii ki, bir vaxtlar ermənilərin işğal etdiyi yüksəkliklərin ordumuz tərəfindən azad ediməsidir.

Ermənilərin daimi atəş altında saxladığı yerdən indi sərbəst hərəkətlə dərəyə doğru enib, qarşı tərəfə doğru irəliləyirik. Artıq düşməndən azad edilən ərazidəyik. Yol kənarında xəbərdarlıq nişanları bizi daha da ehtiyatlı olmağa çağırır. Avtomobilimiz gündəlik gediş-gəlişin olduğu yolla irəliləyir. İlk azad edilən posta çatırıq. Ətraf barədə məlumat vermək üçün bizə hərbi hissənin zabiti bələdçilik edir. Avtomobilimizdən düşəndə komandir tərəfindən ilk xəbərdarlığımızı alırıq. – Burada tam diqqətli olmağınız lazımdır. Hərbiçilərimizin məsləhət bildiyi və getdiyi yerlərdən istifadə edin. Məsləhət etmədən və soruşmadan hərəkət zolağından çıxmayın – deyir. Dağıdılmış düşmən postuna qalxırıq. Yerdə ermənilərə məxsus qış hərbi geyimləri, ərzaq konservlərinin qutuları hələ də qalmaqdadır. Posta yaxın bir məsafədə yaradılan süni maneələr barədə soruşuram.


Ermənilər neçə illərdir ki, öz ordularını yenilməz ordu kimi təqdim edirdilər. Hətta onlar təmas xəttində olan mövqelərini də keçilməz sədd adlandırırdılar. Bu həmin maneələrdimi?

– Bəli. Uzun illər onlar özləri üçün elə fikir yaratmışdılar ki, guya onlar yenilməzdir, onların postları yaxınlığında qurduqları süni maneələr varı idi. Düşmən bu maneələri “Ohanyan səddi” adlandırırdı. Ermənilər elə təsəvvür formalaşdırmışdılar ki, guya bu səddi keçmək mümkün deyil. Amma aprel döyüşləri zamanı gördülər ki, bizim əsgərlərin qarşısında keçilməyən sədd yoxdur. Biz o “səddi” aprel döyüşləri zamanı 8-9 aylıq xidmət keçən igid əsgərlərimizlə yara bildik. Elə bu halın özü ordumuzun gücünün yüksək həddə olmasını deməyə əsas verir. İndi siz təsəvvür edin ki, bizim xüsusi hazırlıqlı bölmələrimiz düşməni hansı vəziyyətə salar.

Bu cür halın özü də ermənilərdə bir sınıqlıq yaratdı. Çünki onlar bu gün aydın bir şəkildə bilirlər ki, bizim həmlələrimiz qarşısında duruş gətirə bilməyəcəklər. Düşmənə gərək özünü elə göstərəsən ki, o özü sənin kimliyinə və gücünə afərin desin. Çox şükürlər olsun ki, biz bu gün bunu formalaşdırmışıq. Artıq ermənilərin özləri ən yüksək dairələrdə belə bizim gücümüzü təsdiq edirlər və dəfələrlə bunu mətbuatda açıq şəkildə ifadə ediblər.


Talış yüksəkliklərinə gəlincə aprel zəfərindən sonra, düşmənin bu gün apardığı təxribat xarakterli əməllərinin başında Talış yüksəkliklərinin geri qaytarılması durur. Bu gün düşmən bunu reallaşdırmaq üçün daha çox cəhdlər edir. Bu istiqamətdə bir neçə dəfə həmlələr belə ediblər. Lakin ağızları sözün əsl mənasında ovularaq geri oturdulub. Hər dəfəsində də kifayət qədər itki veriblər. Bizim hər an onların təxribatlarına cavab verəcək, hətta ondan artığını belə etməyə gücümüz yetər ki, düşmən də bunu yaxşı anlayır.

– Aprel hadisələrindən sonra Talışda yaşayış hansı səviyyədədir?

– Hazırda Talışda qismən yaşayış var. Onlar da kəndin aşağı hissəsində məskunlaşıblar. Sayları təxminən 5-10 ailə olar. Aldığımız məlumatlara görə, həmin ailələr müddətdən artıq xidmət keçənlərin ailələridir və bu kəndə məcburən gətirilərək burada yaşamağa vadar edilirlər.

Bu söhbətimizdən sonra geri dönüb, ən irəlidə olan mövqelərimizə gedirik. Buradakı mövqeyimizəhəmiyyətli postlarımızdan biridir. Burada yaradılan şərait olduqca diqqətçəkəndir və tam məkana uyğun inşa edilib. Bir neçə istiqamətdə düşmənin yerləşdiyi əraziləri müşahidə edirik. Məni müşayiət edən zabit bildirir ki, düşmənlə məsafəmiz çox yaxındır:


– Bizim əsgərlərimiz daim düşmənin hərəkətini, düşmənin müşahidə postlarını nəzarət altında saxlayırlar. Düşmənin istənilən atəşi və şübhəli hərəkətləri bizim tərəfimizdən qeydə alınır. Komandirlər tərəfindən adekvat cavab verilməsi üçün qərarlar verilir. Diqqətçəkən məqam odur ki, ermənilər atəşkəsin pozulması zamanı avtomatlardan əvvəllər daha çox istifadə edirdilər. Amma indi az halda istifadə edirlər. Əsasən iriçaplı silahlardan atəş açırlar. Belə olan halda da dərhal cavabları verilir. Sizi inandırım ki, düşmən hər dəfə aldığı cavabdan çox sarsılır.

Onlar hər dəfə yaxın mövqeləri özü də iriçaplı silahlarla atəşə tutmalarından sonra, aldıqları cavab onları bu dəfə sadəcə “mən hələ ki, burda varam” prinsipi ilə xidmət etməyə vadar edib. Bu da bilirsiniz nəyə bənzəyir bizim bir el məsəlimiz var. “İtə deyirlər niyə hürürsən deyir qorxuduram, deyirlər bəs quyruğunu niyə bulayırsan deyir ki, çünki özümdə qorxuram”. Ermənilərə bizim tərəfimizdən verilən cavab hər zaman sərt olub. İlk atəşkəs olandan bəlkə sakit durarlar deyib bir müddət gözləmə mövqeyində dururuq. Onlar bizdən cavab gəlmədiyini görəndə daha da qızışırlar. Artıq həddi aşanda komandanlıq tərəfindən verilən qərara uyğun olaraq, cavab atəşi açırıq ki, bu halda da kifayət qədər zərər görən düşmən susmağa məcbur olur.

– Aprel döyüşlərində bu istiqamətdə əldə edilən uğurlar bizə hansı üstünlükləri verib?

Bu gün Talış istiqamətində olan bütün hakim yüksəkliklərin bizim nəzarətimizdə olması isə, düşmənin istənilən hərəkətlini tam nəzarət altında saxlamağımıza imkan verir.


Bildiyiniz kimi əvvəllər bu yüksəkliklər ermənilərin nəzarətində idi. Ermənilər həmin vaxtlarda ən çox atəşkəs rejimini pozanda belə, Tapqaraqoyunlu kəndində həm əkin və otlaq sahələrini, həm də kəndi atəşə tuturdular. Yəni ən çox dinc sakinləri hədəf götürən ermənilər nə olursa-olsun ziyan vurmaq istəyirdilər. Bu gün isə durum tamamilə fərqlidir və biz bu hakim yüksəkliklərdən təkcə ermənilərin postlarını deyil, onlar üçün əhəmiyyətli olam Madagiz-Ağdərə yolunu, onların mövqeləndiyi bütün yerləri, hərəkət marşrutlarını tam nəzarətimizdə saxlayırıq. Bu gün biz istənilən anda onların istənilən mövqelərinə tam zərbə vurmağa qadirik.

Onu da xüsusilə vurğulamaq istəyirəm ki, düşmən tərəfindən bir hərəkətlilik olduğu anda mülki əhali daim irəli gəlməyə, əsgərimizin yanında olmağa cəhd edir. Apreldə bu istiqamətdə gedən döyüşlərdə səfərbərlik şöbələrindən kənar müxtəlif yaş qruplarında kişi, qadın, yaşlı, cavan adamlar gəlirdilər. Biz mülki əhalinin irəli getməsinin qarşısını çətinliklə alırdıq.

Amma ermənilər tərəfindən tam əksi mənzərə müşahidə edilirdi. Onlarda əhali qaçır, əli silah tutanları isə geri çəkilirdilər. Bu gün bizdə istənilən mülki şəxsin müraciəti əsasında hərbi hissələrə tam sərbəst şəkildə gediş-gəliş təmin edilir. Hətta açıq qapı günləri keçirilir. Amma indiyə qədər bir erməni mülki şəxsin postlara əsgər yanına gəlməsi müşahidə edilməyib.


Müşahidə məntəqəsində növbəsini başa vuran əsgərimizlə söhbət edirik. Ələkbər Qurbanov Bakı şəhərində anadan olub. Aprel hadisələri barədə yalnız mətbuatdan eşitdiyini deyir. Ələkbər onu da bildirdi ki, nə qədər inanılmaz olsa da aprel döyüşlərindən sonra hərbi xidmətə gələrkən ən böyük arzusu Talış istiqamətində xidmət etmək olub. Onun bizimlə bölüşdüyü fikirlərini nəzərinizə çatdırırıq:

– Mən Bakıda anadan olmuşam. Bura gələnə qədər ermənilərin Qarabağda törətdikləri faciələr və bu gün də təmas xəttində atəşkəsin pozulmasını eşitməkdən başqa ön xətt barədə heç bir təsəvvürüm yox idi. Aprel döyüşləri zamanı bizdən böyüklər, xüsusilə də hərbi xidmətə gedib-gələnlərin çağırış və səfərbərlik şöbələrinə gedib cəbhəyə gəlmələri barədə müraciətlərini görürdüm. Bu hal məndə indiyə qədər heç hiss etmədiyim maraq oyatdı. Hərbi xidmətə gələndə ən böyük arzum ön xətdə düşmək olub. Mənə deyəndə ki, Tərtərdə xidmət edəcəyəm sevincimdən qışqırmışdım.


Talış istiqamətində xidmət keçəcəyimi biləndə ümumiyyətlə sevincim ikiqat oldu. Məncə hər bir Azərbaycan gəncinin arzusudur ki, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə bir əsgər kimi, bir vətən övladı kimi öz borcunu yerinə yetirsin. Mən xidmətə gələndə arzuladığım xidmətə çatdım. İndi bir arzum da var ki, İnşallah xidmətim dövründə ona da çatmaq istəyirəm. O da Ali Baş Komandanın irəli əmrini eşitməkdir. Burada xidmət etdiyim vaxt həm də Ağdərə döyüşləri haqqında maraqlanmışam. Keçən əsrin 90-cı illərində burada şiddətli döyüşlərin getdiyini deyiblər. Düşünəndə ki, ermənilər bizim torpaqlarda gəzirlər, o zaman bu arzumun daha tez reallaşması üçün Allaha dua edirəm. Biz ailədə 1 bacı, 3 qardaşıq. Bizim hər birimiz bu gün o amal uğrunda irəli getməyə tam hazırıq.

Artıq axşama doğrudur, mövqelərdən geri qayıdırıq. Təmas xətti istiqamətində Tapqaraqoyunlu kəndinə daxil olanda girəndə toy karvanı ilə qarşılaşırıq. Bizə bildirilir ki, aprel döyüşlərindən sonra, kəndin bu istiqamətində nəinki əhali sərbəst şəkildə gəzir, məclis keçirir. Hətta kəndin bu hissəsində yeni evlərin inşası da sürətlə aparılır.(ordu.az)

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …