Baş səhifə / Cəmiyyət / “Pilotlarımız təkcə öyrənmirlər, həm də öz təcrübələrini Türkiyə pilotları ilə bölüşürlər”

“Pilotlarımız təkcə öyrənmirlər, həm də öz təcrübələrini Türkiyə pilotları ilə bölüşürlər”

“Bu təlimlərin məqsədlərindən biri də Azərbaycanı tanıtmaqdır və ola bilsin ki, həmin təlimlərdə təkcə Türkiyənin yox, digər dövlətlərin nümayəndələri də olacaq, bu da pilotlarımızın nəyə qadir olduğunu bir daha nümayiş etdirəcək”

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayaraq “TURAZ Şahini-2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb. Sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin iki ədəd “MİQ-29” qırıcı və üç ədəd “Su-25” hücum təyyarələri iştirak edəcək.

Keçmiş korpus komandiri, tanınmış ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Moderator.az -a açıqlamasında bildirdi ki, ordumuzun peşəkar pilotları hər il öz bacarıqlarını qardaş ölkənin pilotları ilə birgə təşkil olunan təlimlərdə nümayiş etdirirlər:

“”TURAZ Şahin”lərinin Türkiyədə təlimlərdə iştirak etməsi birinci dəfə deyil, bu artıq ənənə halını alıb. Türkiyə ordusunun bizim Hərbi Hava Qüvvələri ilə çox sıx münasibətləri var. Türkiyədə olan peşəkar mütəxəssislərin verdiyi qiymətə görə Azərbaycan pilotları iştirak etdiyi təlimlərdə həmişə peşəkarcasına seçilirlər. Ona görə də deyərdim ki, Azərbaycan pilotlarının peşəkarlığı o səviyyədədir ki, onlar ancaq öyrənməyə yox, həm də öz təcrübəsini qardaş Türkiyə pilotları ilə bölüşməyə gedirlər. Türkiyə Hərbi Hava Qüvvələrinin rəhbərliyi və pilotları maraqlıdır ki, Azərbaycan pilotları ilə müştərək fəaliyyət göstərsinlər. MDB dövlətləri arasında Azərbaycan pilotlarının uçuş saatı birinci üçlükdədir. Ən çox praktiki uçuş saatları olan və təlimlərdə iştirak edən Azərbaycan pilotlarıdır. Bizim pilotlarımızın praktiki uçuş təcrübəsinin saatlarına baxsaq, bu həddindən artıq çoxdur. Hər bir dövlətin buna imkanı yoxdur. Türkiyə kimi çox güclü inkişaf etmiş, peşəkar Hərbi Hava Qüvvələri olan bir dövlətlə hər hansı bir müştərək fəalliyyət Azərbaycan pilotları üçün peşəkarlıq cəhətdən baxanda çox böyük əhəmiyyət daşıyır. Təbii ki, bu həm də dostluq və qardaşlıq əlaqələridir.

Bu yaxınlarda bizim xüsusi təyinatlılarımız Türkiyədə iyirmi səkkiz dövlətin hərbçilərinin iştirak etdiyi təlimlərdə birinci yeri qazandılar. Azərbaycan hərbçiləri öz peşəkarlıqları ilə seçilirlər və təşkil olunan bütün təlimlərdə uğurla iştirak edirlər. Bu təlimlərin məqsədlərindən biri də Azərbaycanı tanıtmaqdır və ola bilsin ki, həmin təlimlərdə təkcə Türkiyənin yox, digər dövlətlərin nümayəndələri də olacaq, bu da pilotlarımızın nəyə qadir olduğunu bir daha nümayiş etdirəcək”.

Vasif Əlihüseyn

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …