Baş səhifə / Cəmiyyət / “Ermənistanın ikili oyunu bu dəfə baş tutmayacaq…”- Ayaz Mütəllibov

“Ermənistanın ikili oyunu bu dəfə baş tutmayacaq…”- Ayaz Mütəllibov

“Qarabağda hərbi əməliyyatların başlanması ehtimalı çox azdır…”

Son günlər Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və Qarabağla əlaqəli bəyanatları müxtəlif dairələrdə geniş müzakirə olunmaqda və əsasən işğalçı ölkə liderinin məğlubiyyəti kimi dəyərləndirilməkdədir…

“Paşinyanın Moskvada bir sıra nəzakətsiz jestlərlə qarşılanması nədən xəbər verir? İşğalçı ölkənin baş naziri doğrudanmı Putinlə son görüşündə fiaskoya uğrayıb?”

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Moderator.az əməkdaşıyla söhbətində bu və digər suallar ətrafında danışıb:

“Bəli, doğrudan da Paşinyanın son Moskva səfərində onun üçün gözlənilməz hadisələr olub. Görüş zamanı bir neçə dəfə Ermənistan baş nazirinin qarşısını kobudcasına kəsiblər. Bunlar adi bir şey deyil… Böyük siyasətlə, Ermənistan baş nazirinin artıq-əskik danışmasıyla bağlıdır…”

“Sizcə, bundan sonra Rusiyanın Qarabağla bağlı siyasətində Azərbaycanın xeyrinə müsbət dəyişikliklər ola bilərmi?..” sualını sabiq dövlət başçısı belə cavablandırıb:

“Gözlənilir… Vəziyyət Rusiyanı məcbur edəcək ki, ermənilərin hərəkətlərini cavablandırsın. Rusiyanın Ermənistanla münasibətlərinin gərginliyi bizim xeyrimizədir. Azərbaycan bu vəziyyətdən gərəyincə yararlanmalıdır. Bu, bir fürsətdir…

Ermənistan bir tərəfdən də Rusiyaya yaltaqlanır. Suriyaya qoşun göndərməyə hazırlaşır. Guya 50 erməni əsgəri Ermənistan getməklə Suriya düzələcək?.. Ümumiyyətlə, Ermənistan Rusiya ilə ikili oyun oynamağa çalışır. Ancaq deyəsən, bu dəfə onun oyunu baş tutmayacaq. Biz isə ayıq olmalı, hadisələri izləməliyik…”

“Onu demək lazımdır ki, böyük dünya siyasətində gərgin vəziyyət yaranıb. Rusiyanın özü də rahat günlər keçirmir hal-hazırda…. Narahatçılıq var, problemləri var. Ona görə də Moskva çox ehtiyatla davranır… Əgər Putinlə Tramp razılaşsalar, ortaq məxrəcə gəlsələr, o halda Azərbaycanın və ayrıca Qarabağ probleminin gələcəyi üçün də konkret nəsə söyləmək olar…”-deyə A.Mütəllibov problemi beynəlxalq vəziyyətlə də əlaqələndirib.

Eks-prezident bu yaxınlarda Qarabağda hərbi əməliyyatların başlanması ehtimalının da çox az olduğunu vurğulayıb:

“Zənnimcə, belə bir ehtimal çox azdır. Qarabağa hərbi müdaxilə məsələsi ciddi məsələdir… Rusiyanın da, Ermənistanın da ciddi daxili problemləri olduğu üçün buna şərait yaranacağına inanmıram…”

Sultan Laçın

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …