Baş səhifə / Cəmiyyət / Soyuq suda üzmək depressiyanının çarəsidirmi?

Soyuq suda üzmək depressiyanının çarəsidirmi?

Həyatda yaşadığımı ən çox qış vaxtı, suya baş vuran zaman hiss edirəm. Soyuq suyun yaratdığı şok nəzarət edilməyən bir nəfəs alma ehtiyacını da özüylə gətirir və həmin an sürətlə suya baş vururam.

Suyun altında isə güclü yanma hissi ilə yanaşı, neçə illərdir bu idmanla məşğul olmağıma baxmayaraq məni az da olsa vahimə hissi basır. Amma beynimdəki narahat və mənfi fikirlər də tamamilə o anda yox olur.

İki dəqiqə sonra bədənimlə suyun istiliyi bərabərləşdiyində rahatlamağa başlayıram, nəfəs alıb-verməyim də zəifləyir. Az bir müddət belə üzsəm saatlarla xoşbəxt, hətta günlərlə sakit qala bilərəm. Nizamlı olaraq bunu edən bir çox insan kimi soyuq suda üzməyi çox sevirəm, eyni zamanda bunun ruhi sağlamlığa faydası olduğuna da inanıram.

Böyük Britaniyanın British Medical Yournal adlı tibbi jurnalı da qısa müddət əvvəl soyuq suda üzməyin depressiyanın müalicəsində effektiv ola biləcəyi istiqamətində bir məqalə dərc etmişdi.

Dərinliyə baş vurmaq

2016-cı ildə BBC-də nümayiş olunan “Dərmanlardan imtina edən həkim” serialında 17 yaşından bu yana antidepressantdan istifadə edən 24 yaşlı Sarah-ın hekayəsini paylaşmışdım.

Yetkinlik yaşına çatar-çatmaz depressiya əlamətlərini keçirməyə başlayan Sarah biz tanış olan zaman beynini “kimyəvi duman buluduna” çevirdiyini söylədiyi antidepressantlardan xilas olmaq üçün mübarizə aparırdı.

Üzməyi xoşlayırdı. Öz təcrübəmdən yola çıxaraq bu mövzunu Portsmouth Universitetindəki elm adamları professor Mike Tipton və Dr. Heather Massey-ə danışdım. Bundan başqa anesteziya mütəxəssisi Dr. Mark Harper-ə də Sarah-ın müalicə məqsədi ilə soyuq suda üzməyi sınaqdan keçirməyinin elmi bir əsası olub-olmayacağı barədə söhbət etdim.

Soyuq suyla təmas

Açıq havada məşq etmək və qrup halında üzmək depressiya və narahatlıq əlamətlərini azalda bilər. Amma Portsmouth Univeristetindəki mütəxəssislər soyuq suyla təmasın başqa bir təsiri olduğuna inanır. Üstəlik bunu ağlabatan nəzəriyyə ilə açıqlamaq mümkündür.

Soyuq suya girmək, stress reaksiyasını yaradır: bu, bir sıra potensial təhdidlə mübarizə aparmaq üçün insan bədəninin istehsal etdiyi və milyonlarla il ərzində inkişaf etdirdiyi bir sıra fizioloji və hormonal reaksiya deməkdir.

Misal olaraq, bir heyvanın hücumu, soyuq suya baş vurmaq və ya imtahana girmək insan bədənində bənzər reaksiyaları meydana çıxarır. Ürək döyüntüsü, qan təzyiqi və nəfəs alma nisbəti artır və bədən stress hormonu istehsal etməyə başlayır.

Amma 15 selsi dərəcə ya da daha az istilikdə suya bir neçə dəfə baş vursanız stressin təsiri azalar. Bununla bərabər, azalan tək şey soyuq suya göstərdiyiniz stress reaksiyası deyil.

Soyuq suda təhlükəsiz şəkildə necə üzmək olar?

  • Hər növ məşqdə olduğu kimi – ürək xəstəsinizsə yavaş hərəkət edin və isinmə məşqləri edin
  • Üzərkən yanınızda biri olsun
  • Dəniz istiliyində 15-20 selsi dərəcəyə üstünlük verin
  • Dayaz yerlərdən başlayın və bərədən istifadə edin
  • Sakit gününüzə üstünlük verin – ilk 2-3 dəqiqə ərzində suyu udmaq riskiniz olduğunu unutmayın. Rahatlaşın və bu müddət ərzində başınızı suyun üzərində saxlayın
  • Özünüzə iki-üç dəqiqə vaxt verin. Suyla bədəniniz eyni istiliyə çatan zaman isinməyə başlayacaqsınız.
  • Altı dəfə 3 dəqiqəlik üzmək turlarının yaradacağı soyuq şok reaksiyası aylarla təsirli ola bilər.

Professor Tipton və Dr. Maseey soyuq suda üzməyin bundan başqa məlum bir yüksəklikdə məşq etməyin yaratdığı stressə bədənin verdiyi reaksiyanı da aradan qaldırdığını ortaya çıxarıb.

“Çarpaz uyğunlaşma” deyilən bu vəziyyətdə bir stress növü bədənin başqa bir stress növünə uyğunlaşmasına imkan yaradır.

Depressiya və narahatlıqla müasir həyat tərzinin gətirdiyi fiziki və fizioloji problemlərə qarşı inkişaf edən xroniki stressə yoldaşlıq edən iltihab arasında əlaqə olduğuna dair faktlar hər gün artır.

“Çarpaz uyğunlaşma” sayəsində soyuq suda üzmək bəlkə də həm xroniki stress təsirini, həm də iltihabı və bir çoxumuza təsir edən ruhi sağlamlıq problemlərini azaltmağımıza kömək edə bilər.

Nəzəriyyə güclü olsa da, sübutlar hələ ki sadəcə fərdi təcrübələrə əsaslanır.

Soyuq suda üzənlər bu təcrübənin faydalarını saymaqla bitirə bilmirlər. Heç vaxt xəstələnmədiklərini və qışda qızdırıcıdan istifadə etmədiklərini söyləyirlər. Bir çoxu böyük bir məyusluq keçirən zaman və ya yaxınlarını itirən zaman belə suya baş vurduqda sakitləşdiklərini və hətta xoşbəxt olduqlarını deyirlər.

“Həyat gözəldir”

2006-cı ildən bu yana yazılan antidepressant reseptlərinin sayı ikiyə qalxıb. Bir çox insan illər boyu bundan istifadə etsə də bu dərmanların təsiri mübahisəlidir. Depressiyanın fərqli səbəblərinə görə yeni araşdırmalara ehtiyacın olması bir həqiqətdir.

Sarah artıq iki ildir ki, üzür və hələ heç bir dərmandan istifadə etmir.

“Həyat gözəldir. Müalicəyə davam edirəm, amma üzməkdən heç vaxt imtina etməyəcəm” deyən Sarah ən çətin anlarında üzərək çarə tapdığını da əlavə edib.

Xəbərdarlıq: Həkimlərinizlə danışmadan antidepressantlarınızdan və ya dərmanlarınızdan istifadəni dayandırmayın.(BBC)

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …