Baş səhifə / Cəmiyyət / Ad günündə Elmar Vəliyevin yeni fotosu yayıldı… – FOTO

Ad günündə Elmar Vəliyevin yeni fotosu yayıldı… – FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yeni fotoşəkli yayılıb. Şəkil Elmar Vəliyevin doğum tarixilə əlaqədar bu gün lentə alınıb.

Elmar Vəliyev bu gün doğum tarixini qeyd edir, onun 58 yaşı tamam olub. Xatırladaq ki, Elmar Vəliyev 1960-cı ilin 3 oktyabrında anadan olub.

O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb.

1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib. Ölkə başçısının müvafiq sərəncamı ilə 8 avqust 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elmar Vəliyev icra başçısı işləyərkən – 2018-ci il iyulun 3-də Gəncə şəhərində mühafizəçisi Qasım Aşbazovla birlikdə odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında cinayəti törətmiş 1983-cü ildə Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq, tərksilah edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Sui-qəsd hadisəsindən sonra – iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsnin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısnı əməliyyat edib. Elmar Vəliyev sonrakı müalicəsini İsraildə alıb. Onun hazırda Azərbaycanda olduğu bildirilir.

Keçmiş icra başçısının yaxınlarının Modern.az-a verdiyi məlumata görə, hazırda Elmar Vəliyevin səhhəti normaldır.

Baş prokuror Zakir Qaralov bir neçə gün öncə Gəncə hadisələrinə görə həbs edilənlər barədə danışıb.

Z.Qaralov Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd hadisəsinə və daha sonra şəhərdə iğtişağa cəhdlərə dəstək verən şəxslərin tam olaraq müəyyən edildiyini bildirib.

Baş prokurorun sözlərinə görə, bu günə kimi 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib.

O bildirib ki, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib.

“Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib”, – Z.Qaralov vurğulayıb.

Moderator.az Modern.az-a istinadən Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevlə oğlu Elmir Vəliyevin bu gün çəkilmiş şəklini təqdim edir:

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …