Baş səhifə / Cəmiyyət / Qənirə Paşayeva: “Təəssüf ki, insanları parlamentə tərəf döndərirlər”

Qənirə Paşayeva: “Təəssüf ki, insanları parlamentə tərəf döndərirlər”

Şəhid ailələri ilə “Azərsığorta” arasında yaranan qalmaqal səngimək bilmir.

Qeyd edək ki, bu məsələ parlamentin sonuncu, 16 oktyabr tarixli iclasında da geniş əks-səda doğurub, məsələ ətrafında geniş müzakirələr açılıb və millət vəkilləri tərəfindən yaranmış problemlə bağlı narazılıq ifadə olunub.

Müzakirələrə yekun vuran spiker Oqtay Əsədov isə məsələ ilə bağlı parlamentin İnsan hüquqları komitəsinə göstəriş verib, onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta” ilə bir araya gələrək, məsələnin həlli yolunu tapmağı tapşırıb.

Millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışı zamanı məsələyə münasibət bildirdiyini vurğulayıb və qeyd edib ki, parlament rəhbərliyinin işə qarışmasından sonra məsələ həllini tapacaq.

“Çıxışımda da qeyd etdiyim kimi, bu məsələ ilə bağlı hər gün 4-5 şəhid ailəsi zəng edir, qəbula gəlir və bu məsələnin parlamentdə qaldırılmasını xahiş edirlər. Şəhid ailələri cənab prezidentin imzaladığı fərmanı, bu önəmli qərarı razılıqla qarşılayır və bildirirlər ki, bu, şəhid ailələrinə göstərilən diqqət və qayğının nümunəsidir. Sadəcə, onlar bəzi şəhid ailəsi statusu alanların ailələrinin bu fərmandan yararlana bilməməsi məsələsinin təkrar parlamentdə qaldırılmasını xahiş edirlər.

Müvafiq qurumlarla – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta” Dövlət Agentliyinin nümayəndələri ilə danışdıqda onlar da narahatlıqlarını bildirir və ortaya çıxan bəzi problemlərin həllində maraqlı olduqlarını qeyd edirlər. Hesab edirəm ki, qarşıdan büdcə müzakirələri gəlir və hökumət nümayəndələrinin diqqətinə bu məsələnin bir daha çatdırılması daha yaxşı olardı.

Şəhid ailələri hamımız üçün çox müqəddəsdir, onlar başımızın tacıdır, həm cənab prezident İlham Əliyev, həm də ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələri ilə görüşəndə cəmiyyətə bu mesajı verdi ki, şəhid ailələri hər zaman xüsusi diqqətdə olmalıdırlar. Bir qisim şəhid ailələri cənab prezidentin bu humanist fərmanından, diqqətindən yararlana bilir, bir qisim isə yararlana bilmir.

Nəzərə alsaq ki, şəhid ailələrinin böyük hissəsinin birdəfəlik ödəməyə ehtiyacı var, yaxşı olardı ki, qarşıdan gələn büdcə müzakirələrindən əvvəl hökumət qurumları ilə bu məsələ bir daha müzakirə edilsin. Bunun bir yolu tapılmalıdır. Çünki şəhid ailələri arasında ayrı-seçkilik yaradılmamalıdır.

Eyni zamanda, çox təəssüflər olsun ki, insanları nədənsə parlamentə tərəf döndərirlər. Biz də bir millət vəkili olaraq həmin şəhid ailələrinə müsbət cavab verməkdə çətinlik çəkir, pis vəziyyətdə qalırıq.

Çox yaxşı haldır ki, spiker Oqtay Əsədov bununla bağlı parlamentin İnsan hüquqları komitəsinə tapşırıq verdi və inanırıq ki, bu məsələ parlament və adıçəkilən qurumların birgə fəaliyyəti nəticəsində tezliklə öz müsbət həllini tapacaq, narazılıqlara son qoyulacaq”, – deyə millət vəkili əlavə edib.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …