Baş səhifə / Cəmiyyət / Avtomobillərə yapışdırılan texniki baxış talonu yığışdırılır – Qaydalar dəyişdi

Avtomobillərə yapışdırılan texniki baxış talonu yığışdırılır – Qaydalar dəyişdi

Avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən dəyişikliklər oldu. “Yol hərəkəti haqqında” Qanuna iyun ayında edilən dəyişikliklər Nazirlər Kabinetinin 40 saylı qərarına da daxil edildi.

Bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişikliklərini şərh edərkən bildirib.

Ekspert diqqəti əsasən 3 yeniliyə cəlb etməyə çalışıb: “Birincisi, kağızda (şüşəyə yapışdırılan) texniki baxış talonu ləğv edildi. Bundan sonra yalnız elektron talon tərtib olunacaq, DYP-nin mərkəzi informasiya sisteminə və sürücünün elektron kabinetinə yerləşdiriləcək.

İkincisi, baxışın vaxtı dəyişdi. Əvvəllər olduğundan fərqli olaraq, nəqliyyat vasitəsi növünə və istehsal ölkəsinə görə baxışa təqdim edilməyəcək. Yeni qaydaya əsasən, nəqliyyat vasitəsi axırıncı dəfə hansı gün baxışdan keçibsə, gələn il və ya gələn dəfə də həmin gündən gec olmayaraq baxışdan keçirilməlidir. Həmin gündən sonra 20 gün ərzində baxış olmasa, belə avtomobili idarə edən sürücü cərimələnəcək. Məsələn, əvvəlki il 10 mayda baxışdan keçən avtomobil növbəti texniki baxış ili 30 mayadək baxışdan keçirilməsə, onu yolda idarə edən sürücü 50 manat cərimə olunacaq, özü də elektron qərarla.

Üçüncüsü, minik avtomobilləri və 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər istənilən nasazlığı olsa da, texniki baxışdan keçirilməli və texniki baxış talonu tərtib edilməlidir. Texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə sadəcə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Həmin nəqliyyat vasitəsi növbəti, yəni gələn ilki və ya iki ildən sonrakı texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon verilməməlidir. Bu o deməkdir ki, qeyd olunan nəqliyyat vasitələrinə hər bir halda, ən ciddi nasazlıq olsa da, baxış talonu verilməli, sürücü buna görə geri qaytarılmamlıdır”.

Bununla yanaşı Ə.Hüseynov dəyişiklikdəki 3-cü yenilik paradoksal hesab edir: “Loru dildə bu o deməkdir ki, məsələn, siz avtomobilinizi 3 təkər üstündə baxışa gətirirsiniz. Təkərinin biri olmasa da, ona baxış talonu verilməlidir və sizə məsləhət görülməlidir ki, gedin 4-cü təkəri də maşının altına qoyun. Siz də gələnilki texniki baxışa gələnədək 4-cü təkəri də tapmalısınız, tapmasanız, gələn il avtomobilinizi baxışdan keçirə bilməyəcəksiniz. 3-cü dəyişiklik icazə verilən maksimal kütləsi 3,5 tondan artıq yük avtomobillərinə, avtobuslara, onalrın qoşqularına, bəzi xüsusi təyinatlı nəqliyyat vasitələrinə aid deyil.

3-cü qeyd etdiyim düzəliş olsa da, İXM-in 342.2-ci və 342.5-ci maddələri qüvvədə qalır. Yəni 3 təkərli avtomobilinizi baxışdan keçirməlidirlər, amma onu küçədə saxlayanda bu nasazlığı aradan qaldıra bilməsəniz, cərimələnə bilərsiniz”.(milli.az)

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …