Baş səhifə / Cəmiyyət / Qənirə Paşayevadan Qarabağ Qazisi barədə çağırış: “Düşməni sevindirən addımlardır…”

Qənirə Paşayevadan Qarabağ Qazisi barədə çağırış: “Düşməni sevindirən addımlardır…”

Dəyərli qazimiz Qoşqarın vəziyyətindən narahat olan bütün dostların diqqətinə!

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqəti ölkəmizdə insanlarımızınm demək olar ki, hamısı bilirlər. Şəhid ailələrimiz, qazilərimizlə görüşlərdə, bir sıra çıxışlarında da hər zaman insanlarımızı şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərməyə çağırıb. Bir çoxları bilməsə də, qeyd etməliyəm ki ağır yaralanmış qazimiz, Qoşqar qardaşımız birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin “Gülhanə” hərbi hospitalına göndərilmiş və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olmuşdur. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyilə Qoşqar qardaşımız Gülhanə hərbi hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb. Bu müddət ərzində o hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban xanım göstərib. Bakıya qayıtdıqdan sonra Hərbi Qospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını dövlət qazisinə sahib çıxmır və s. kimi doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik və ona görə də bunları yazmağı özümə borc bildim. İlk öncə ona görə ki, bu dövlətimizin maraqlarına zərbə olan və düşmən sevindirən addımlardır. İkincisi hər zaman qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları yazıram. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbauata adətən məlumatlar vermirlər. Ona görə də fikirlərimi yazmağı özümə borc bildim.

Əziz dostlar, Qoşqar qardaşımızın vəziyyəti barədə məlumat aldığım zaman Hərbi Qospitala getdik. Qospitalın rəhbəri Tofiq müəllim,ailə üzvlərinin, qazimizin dostlarının iştirakı ilə müzakirələr oldu. Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini xahiş etdilər. Bu məsələni 1-ci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə zəng edib çatdıranda onun dediyi söz “hər zaman qazimizin yanındayıq” oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini söyləyib və bu dəstək göstəriləcək. Gülhanə ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək Qoşqar qardaşımızı Gülhanədə müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək artıq həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi. Bu gün EGE Hospitalda həm Qoşqar qardaşımızı ziyarət etdik, həm ailəsi ilə birlikdə Türkiyədən gəlmiş həkimlərlə, xəstəxana rəhbərliyi ilə görüşdük. Mehriban xanımın hər zaman qazilərimizə dəstəyi bizim üçün də örnəkdi dedilər və onun adından rəhbərlik etdiyi qurumun onlarla əlaqə saxladıqlarını, gəlib görüşərək həm qazimizin vəziyyəti ilə maraqlandıqlarını, həm də gərəkən bütün dəstəyin Mehriban xanımın tapşırığı ilə göstəriləcəyini söylədiklərini bildirdilər. Qazimizin əziz anası və bütün ailəsi Mehriban xanımın diqqətindən çox razı qaldılar və təşəkkürlərini söyləməmizi xahiş etdilər. Mən də öz adımdan və Qoşqar qardaşımızı sözün əsl mənasında düşünən bütün insanlar adından Mehriban xanıma bir daha gözəl addımı və örnəyi üçün bir daha təşəkkür edirəm. Yenə gözəl bir addımla hər birimizə örnək oldu. Anar müəllimə, EGE Hospitala, rəhbərliyinə, Türkiyədən gələn və “Azərbaycan qazisi bizim də qazimizdir” deyərək Qoşqar bəyə xüsusi diqqət göstərən həkimlərimizə da qazimizə diqqətləri və qayğıları üçün təşəkkür edirəm. Çox ağır vəziyyətdə olan Qoşqar qardaşımızın vəziyyətində bir az da olsa müsbət irəliləyiş var. Allah yardımçısı olsun və dualarınızı əksik etməyin.

İnanıram ki, bu yazıdan sonra Qoşqar qardaşımızla bağlı sadəcə düşmən sevindirən şəkil və yazılar paylaşanlar onları səhifələrindən çıxaracaq. Dövlətimizi qorumaq hamımızın borcudur. Qazimizin hər zaman yanındayıq. Dualarınızı bol edin. İnşallah qazimizin gözəl anası və qardaaşı ilə bu gün söhbətdə də dediyim kimi ən böyük istəyimiz onun yaxşılaşmasını görməkdir. Bu gün reanimasiyada qapıdan anası, qardaşı, döyüş dostu Razi bəy və digər dostlarla onunla qısa söhbət etməyə çalışdıq, onun üçün dualar etdiyimizi söylədik. Cavab verə bilməsə də bizi duyduğunu hiss etmək çətin deyildi. Allah yardımçısı olsun. Allah ailəsinə də hər zaman kömək olsun.

Qənirə Paşayeva, millət vəkili

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …