Baş səhifə / Cəmiyyət / Lələkənddə 32 əsgərin şəhidlik zirvəsi: “Özlərini partladaraq öldürüblər” (FOTOLAR)

Lələkənddə 32 əsgərin şəhidlik zirvəsi: “Özlərini partladaraq öldürüblər” (FOTOLAR)

Hərbi əməliyyatların aparılması zamanı ən uğurlu nəticələr kəşfiyyat məlumatlarının dəqiqliyindən asılıdır. 90-cı illərdə nizami ordu formalaşmadığı üçün, kortəbii əməliyyatlar bir çox hallarda uğursuzluqla nəticələnir, hər əməliyyat sonunda xeyli itkilərimiz olurdu. Ermənilərin təkcə Qarabağda deyil, dövlət sərhədləri boyunca da apardıqları təxribat xarakterli əməliyyatların qarşısının alınması üçün, xeyli işlər görülürdü. Təəssüf doğuran haldır ki, bu cür əməliyyatların bəzən məxfi saxlanılmaması düşmənin xeyrinə işləyirdi. Həmin əməliyyatlardan biri də 1992-ci ilin dekabrın 29-da Qazax rayonu istiqamətində Ermənistanın İcevan rayonunun Lələkənd kəndinə edilən əməliyyat olub. Həmin əməliyyat zamanı ordumuzun 32 əsgəri qəhrəmanlıqla şəhid olub.

Bugünkü müsahibədə əməliyyat zamanı baş verən uğursuzluqların əsas səbəb və nəticələrini təqdim etməyə çalışacağıq.

Azər Dərvişov 1954-cü ildə Ağstafa rayon Qıraq Kəsəmən kəndində anadan olub. 1973-cü ilin may ayından Rusiya ordusunda həqiqi hərbi xidmətə çağrılıb. 1975-ci ilə kimi, Daxili Qoşunların bölmələrində xidmət keçib. 1977-ci ildə Rusiya ordusunda kəşfiyyat batalyonunda müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbaycan Ordusu yarandıqda ümummilli lider Heydər Əliyevin çağrışına əsasən geri dönüb və 1992-ci ildən 1996-cı ilə kimi Azərbaycan ordusunda gizir rütbəsilə xidmətə başlayıb.


– Azər müəllim dünyanın ən güclü bir ordusunda xidmət etmisiniz. Sizin təcrübənizə görə, Azərbaycan ordusu yeni yaranan vaxt, ordu quruculuğunda kəşfiyyatın formalaşmadığı illərdə ermənilər bundan necə yararlanırdılar?

– Bilirsiniz ki, ordumuz qurulana qədər Ermənistan Qazax istiqamətində də bir neçə təxribat xarakterli əməliyyatlar həyata keçirib. Həmin əməliyyatlar nəticəsində Qazax rayonunun 7 kəndi ermənilər tərəfindən işğal edilərək təmamilə dağıdılıb. Elə indinin özündə də ermənilərin həmin istiqamətdə təxribat xarakterli əməlləri tez-tez baş verir. Həmin kəndlərimiz işğal edildikdən sonra, ermənilərin daha da irəliləməsinin qarşısının alınması üçün, bizim tərəfimizdən müəyyən addımlar atılırdı. Bəzən əks-həmlələr edərək ermənilərə müəyyən zərbələr vurmağa da nail olurduq. Lakin, həm qüvvələrin qeyri-bərabərliliyi, həm də keçmiş Sovet ordusunun əsgərlərinin varlığı, bizi daha geniş əməliyyatlar aparmağa imkan vermirdi.

Düşmən həmləsinin qarşısını almaq üçün, kəşfiyyat məlumatlarının dəqiqliyi əsasdır. Çünki, kəşfiyyat məlumatı səhv olarsa, qurulan plan heç vaxt uğurlu ola bilməz. Həmçinin əldə edilən məlumatın saxlanılmasında da məxfiçilik xüsusilə qorunmalıdır. Çox təəssüflər olsun ki, həmin vaxt yeni yaradılan bir orduda bu cür kəşfiyyat məlumatlarını əldə etmək və əldə edilən məlumatları saxlamaq elə də asan olmurdu. Məhz bu kimi vacib nöqsanların nəticəsində, İcevan rayonunun Lələkənd kəndi istiqamətində olan əks-həmlələr uğursuzluqla yekunlaşmışdı.

– Bəs Lələkənd əməliyyatında mühasirəyə düşən əsgərlərimizə sizin dəstəyiniz mümkün deyildimi?

– Əgər bu məsələdən vaxtında xəbər tutulsaydı, kömək etmək mümkün olardı. Həmin hadisələr zamanı biz İncədərəsi tərəfdə idik. Bizə xəbər çatdı ki, Lələkənd istiqamətində gedən əsgərlərimizi ermənilər mühasirəyə salıblar. Bu əməliyyatda xeyli sayda əsgərimizi itirdik. Həmin vaxt tək kəşfiyyatı deyil, elə ordu quruculuğunu da formalaşdırmaq elə də asan deyildi. Xüsusilə də kəşfiyyatın formalaşması çox çətin idi. Qeyd etdiyim kimi, əldə edilən məlumatın saxlanılması zamanı məxfiçilik qorunmalıdır. O vaxt qeyri-peşəkar şəxslərin çoxluğu səbəbindən bir çox hallarda qurulan planlar tez bir zamanda əhali arasına sızırdı. Elə Lələkənd əməliyyatı zamanı uğursuzluğumuzun əsas səbəbi düşmənin əməliyyat barəsində öncədən məlumatlı olması idi. Məhz buna görə də, bizim uşaqları asanlıqla pusquya sala bilmişdilər.


– Məlumata görə, həmin istiqamətdə mühasirəyə düşən əsgərlərimiz qəhrəmanlıqla döyüşüb.

– Gələcəyimiz məsafə uzaq olduğu üçün, əraziyə çatmağımız çətin idi və biz artıq gecikmişdik. Doğrudur hücum zamanı xeyli sayda erməni əsgərini məhv etməyə nail olduq. Onları geri oturdub, mühasirədə qalan əsgərlərimizi çıxartmaq niyətindəydik. Lakin mühasirə yarılanda onlar artıq sağ deyildilər. Biz erməniləri geri oturdub, bir neçə saat ərazidə qaldıq. Şəhidlərimizin nəşlərini götürmək üçün texnika gəlməsini gözləyirdik. Lakin ermənilərə əlavə texnika və canlı qüvvənin köməyə gəlməsi nəticəsində yenidən geri çəkilməli olduq. Bir neçə gün sonra orda olan əsgərlərimizin meyitlərini dəyişdirdik. Onda ermənilər dedi ki, əsgərlərimizdən bir neçəsi sona qədər döyüşüb patronları qurtardıqdan sonra ələ keçməmək üçün, özlərini partladıblar.

Aparılan hər bir əməliyyatın xüsusən vacibliyi diqqətə alınır. Hərbi əməliyyatlar zamanı isə hadisə rayonunun strateji əhəmiyyəti nəzərdən keçirilir. Bəs görəsən Lələkəndin bizim üçün, hərbi starteji əhəmiyyəti nə dərəcədə yüksək olub?… Bu sualımızı ehtiyatda olan zabit Vaqif Sadıqov cavablandırır.

– Vaqif müəllim Qazax istiqamətində ən çox itki verdiyimiz əməliyyatlardan biri Lələkənd əməliyyatı olub. Bu əməliyyatın həmin dövr üçün, hərbi strateji əhəmiyyəti varıydımı?


Ümumiyyətlə həm Qazax, həm də Ağstafanın Ermənistanla həmsərhəd kəndləri sterteji cəhətdən çox əhəmiyyətlidir. Bura Ermənistanın Berd və İcevan rayonlarının bizimlə sərhəd olan kəndləri də daxildir. İcevanın Lələkənd kəndi isə bizim Qazax rayonu üçün, xüsusi əhəmiyyətə malik olan yüksəklikdə yerləşir. Lələkənd niyə görə, əhəmiyyətlidir? Birincisi, Lələkəndin aşağı hissəsində bizim iki kəndimiz (Bala Cəfərli və Bərxudarlı) yerləşir. Ordumuz qurulana qədər Sofulu və Bərxudarlı kəndlərimiz ermənilər tərəfindən işağl edilsə də, həmin istiqamətdə Bala Cəfərli kəndi qalmışdı. Bala Cəfərli kəndi ərazisində də bizim 3 rayonu, Ağstafa, Qazax, Tovuz rayonlarını təmin edəcək Ağstafa su anbarı (Didvan gölü) yerləşir. Həmin su anbarı 3 rayonun təsərrüfatı üçün, əhəmiyyətli bir vahiddir. Əgər həmin vaxtlar Bala Cəfərli də işğal edilsəydi, su anbarı da ermənilərin nəzarətinə keçərdi.

Bu baxımdan Lələkənd əməliyyatlarının aparılması mütləq idi. Ermənilər elə indinin özündə də həmin kəndi və gölü öz nəzarətlərinə almaq üçün, təxribatlara cəhd edirlər. Xatırladım ki, əvvəllər Lələkənd də daxil olmaqla o istiqamətdə olan ərazilər bizim olub. Lakin, sonralar tədricən ermənilər tərəfindən işğal edilib. Elə həmin istiqamətdə olan yüksəkliklərin ermənilər tərəfindən ələ keçirilməsi də bugünkü günə hesablanıb.


– Lələkənd əməliyyatı necə hazırlanmışdı və niyə uğursuz alındı?

– İlk olaraq onu deyim ki, həmin əməliyyat kəşfiyyat xarakterli əməliyyat olub. Səhər saatlarında 3 istiqamətdən hərəkət olmalı idi. Dördüncü batalyon Paravakar, ikinci batalyon Musaköy kəndi, üçüncü batalyon isə Fərəhli kəndi istiqamətindən piyada qüvvələrlə hərəkət etməliydi. Əməliyyatın hazırlanması zamanı Qazaxın şəhər mərkəzi də daxil olmaqla, ətraf kəndlərin təhlükəsizliyi də planlaşdırılmışdı. Bu səbəbdən də pusquya düşən uşaqlara xüsusi tapşırıq verilmişdi ki, erməni artileriyası iflic olmalıdır. Tapşırığa əsasən, ermənilərdə olan topların əsas atəş detalları çıxarılmalı idi. Detallar çıxarılandan sonra, geri məlumat verilməli və yalnız bundan sonra bizim artileriya işləməliydi.

– Həmin əməliyyatdan sonra düşmən hansısa təxribatlara əl atdı?

– Lələkənd əməliyyatından sonra, ermənilərin növbəti hədəfi Ağstafanın Tatlı kəndi istiqaməti oldu. Düşmənin həmin istiqamətdə əməliyyat keçirməkdə məqsədi, Tatlı kəndini işğal edərək Ağstafa ilə Tovuz rayonu arasında olan əsas yolu ələ keçirmək idi. Əgər ermənilərin qurduğu plan baş tutsaydı, o zaman Qazax və Ağstafa mühasirəyə düşə bilərdi. Həmin əməliyyatda ermənilərin hücumunun qarşısı alındı və onlar xeyli itki verərək geri oturduldu. Hətta, əks-hücumla “Şəftəlilik” adlanan yüksəkliyi də azad etməyə nail olduq.(ordu.az)

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …