Baş səhifə / Cəmiyyət / “Talış yüksəkliyini iyirmi beş dəqiqəyə azad etdik…” – Aprel döyüşçüsü…

“Talış yüksəkliyini iyirmi beş dəqiqəyə azad etdik…” – Aprel döyüşçüsü…

Şanlı aprel döyüşlərimiz zamanı ordumuz dörd günlük müharibədə düşməni çox ağır itkilər verməyə məcbur etdi. Həmin döyüşdə ordumuz üçün əhəmiyyət kəsb edən “Lələ təpə”, “Nərgiz təpə” və “Talış yüksəkliyi” kimi əlverişli yüksəkliklər işğaldan azad edildi.

Aprel döyüşlərində qəhrəmanlıq göstərərək ağır yaralanan döyüşçülərimizdən biri də gizir İsmət Mehman oğlu Məmmədovdur.

Beləliklə, Moderator.az aprel döyüşləri ilə bağlı növbəti yazını təqdim edir.

İsmətlə görüşmək üçün Cəlilabad rayonuna yollandıq. O, 1993-cü ildə rayonun Sabirabad kəndindən anadan olub. İndi aldığı güllə yaralarından əziyyət çəkən hərbçimiz yenə də sabah döyüşlər başlayarsa, yenidən müharibəyə qayıtmağa hazır olduğunu deyir:

“Daha sonra ordu sıralarında kəşfiyyat bölüyünün giziri kimi…”

“1993-cü ildə anadan olmuşam. Ailədə iki qardaş və bir bacıyıq. Hərbçi olmağa uşaqlıqdan həvəsim var idi, çünki əmim Zaur Məmmədov zabitdir, Qarabağ döyüşçüsüdür. İndi orduda olduqları üçün adlarını çəkmədiyim bir çox qohumlarım var. 2010-cu ildə 1 saylı kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidmətə Qazax rayonun Kəmərli kəndində N saylı hərbi hissədə kiçik çavuş kimi xidmətə başladım. 2012-ci ilin aprel ayından oktyabr ayına kimi Qaraheybətdə Təlim Tədris Mərkəzində gizirlik məktəbini oxudum. Daha sonra ordu sıralarında kəşfiyyat bölüyünün giziri kimi xidmətə başladım”.

“Müraciət etdim ki, məni cəbhə bölgəsinə göndərin…”

“Gizir kimi xidmət etmək üçün Lənkəran şəhərində yerləşən Milli Ordumuzda xidmət etməyə yollansam da, cəbhə bölgəsində xidmət etmək üçün komandanlığa müraciət etdim. Məqsədim cəbhə bölgəsində xidmət edərək düşməndən qisas almaq idi. Rəhbərlik müraciətimi anlayışla qarşıladı və Tərtərin Tapqaraqoyunlu kəndinə yollandım. 2013-cü ildə müdafiə naziri general-polkovnik Zakir Həsənov göstərdiyim xidmətlərə görə məni təltif etdi. Həmin vaxtı cənab nazir mənə qol saatı da hədiyyə etdi”.

“Aprel döyüşlərində Talış yüksəkliyini düşməndən azad etdik…”

“2016-c il aprel döyüşləri zamanı gecə saatların Talış kəndi istiqamətində əks hücuma keçdik. Təxminən iyirmi beş dəqiqəyə Talış yüksəkliyini düşməndən azad etdik. Talış kəndində də əməliyyat keçirdik. Aprelin 2-də rayonumuzun Məlikqasımlı kəndindən olan əsgərim Röyal Nəsirov ağır yaralandı. Onu döyüş bölgəsindən kənara çıxardım, amma artıq gec idi, o, qollarımın arasında şəhid oldu”.

“Qayıdıb o biri yaralı hərbçilərimizi də döyüş meydanından çıxaranda…”

“Aprelin 4-də gizir Səfər Şiriyev, leytenant Valeh Əhmədov və leytenant Valeh Səfərov ağır yaralandılar. Vaxt itirmədən zabitləri döyüş meydanından çıxardım. Geri qayıdıb gizir Səfər Şiriyevin arxasınca gəlib onu döyüş meydanından çıxaranda məni də vurdular və iki yerdən güllə yarası aldım, amma buna baxmayaraq yaralanmış giziri ərazidən çıxara bildim. Sonra özüm də huşumu itirdim”.

“Gözlərimi açanda gördüm ki…”

“Gözlərimi açanda gördüm ki, Naftalanda xəstəxanadayam. Orda əməliyyat olundum. Sonra məni Bakıya “Semaşko” xəstəxanasına gətirdilər. Ordan da “Papanin” xəstəxanasına gətirdilər. Səkkiz dəfə əməliyyat olundum. Mədə, yoğun bağırsaq, ağ ciyər, qara ciyər, dalaq və başqa yerlərim güllə zədəsi almışdı”.

“Əgər sabah müharibə başlayarsa…”

“İndi müalicələrimi davam etdirirəm. Dövlətimiz və insanlarımız biz döyüşçüləri həmişə diqqətdə saxlayır. İkinci qrup əliləm. “İgidliyə görə” medalı ilə təltif edildim. Amma bütün bunlara baxmayaraq sabah döyüşlər başlayarsa, mən yenə də döyüşlərə qatılmağa hazıram. İşğaldan azad etdiyimiz Talış yüksəkliyi ordumuz üçün çox əlverişli yüksəklikdir. Oradan Kəlbəcərə, Laçına gedən yollara nəzarət etmək olur”.

Vasif Əlihüseyn

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …