Baş səhifə / Cəmiyyət / Hər doğulan uşağa 1000 manat müavinət verilə bilər – ŞƏRH

Hər doğulan uşağa 1000 manat müavinət verilə bilər – ŞƏRH

Son günlər sosial şəbəkələrdə 100 nəfər gənc valideyn “uşaq pulları”nın artımı ilə bağlı imza toplayaraq Milli Məclisə müraciət ərizəsi yazıb. Bu günlərdə həmin paylaşım Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fazil Mustafa və Adil Əliyevin də diqqətini çəkib. Onlar bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması üçün təklif verəcəklərini bildiriblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Oxu.az-a bildirib ki, Azərbaycanda uşaqlara dövlət tərəfindən verilən müavinətlərin artımı və ya hər hansı başqa bir dəyişikliklə bağlı onlarda heç bir məlumat yoxdur:

“Bu gün ailələrdə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan ailələrə 1,5 yaşa kimi olan hər uşaqlara 44 manat, 1,5 yaşdan 3 yaşa kimi olan uşaqlar üçün isə 28 manat müavinət nəzərdə tutulub. Hazırda əsasnaməyə görə uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik 109 manat müavinət verilir. Təbii iqlim şəraitindən asılı olaraq əmək haqqına rayon əmsalı tətbiq edilən yerlərdə yaşayan şəxslərə müavinətin məbləği yüksəkliyə görə müəyyən edilmiş əmsallar nəzərə alınmaqla verilir.

Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir. Uşağın anadan olmasına görə müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir. Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir”.

Ekspert Vüqar Bayramov isə bu gün ailələrdə yeni doğulan uşaqların xərcləri həddən artıq çox olduğunu bildirərək, ilk uşağa görə dövlət tərəfindən 1000 manat birdəfəlik müavinət ayrılmasını təklif etdiklərini vurğulayıb:

“Valideynlərin müraciətləri çox haqlı istiqamətdədir. Nəzərə alsaq ki, bu gün uşaqların dünyaya gəlməsinə və ondan sonra da davam edən xərclər kifayət qədər çoxdur. Çünki ölkədə uşaq yeməklərinin və digər zəruri məhsulların qiymətləri münasib deyil. Buna görə ötən il bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsinə təkliflə müraciət etmişik.

Təklif etmişik ki, differensial şəkildə yeni doğulan hər ilk uşağa görə 1000 manat birdəfəlik müavinət verilsin. Ondan sonra dünyaya gələcək 2-ci və 3-cü uşaqlara görə isə ondan daha çox 2000 və daha artıq birdəfəlik müavinət nəzərdə tutulsun. Nəzərə alsaq ki, ailədə uşaqların sayı artıqca valideynlərin üzərinə daha ağır yük düşür, bu məbləğ çox deyil.

1-3 yaş arası uşaqların hər birinə görə aylıq 120 manat, 3-6 yaş arası uşaqlar üçün 100 manat, 6 yaşdan məktəb illəri ərzində hər uşaq üçün 50 manat məbləğində uşaq pulunun verilməsi ailələrin sosial vəziyyətinə kifayət qədər müsbət təsir edəcək. Eyni zamanda bu ailələrdə təbii artımın da sürətlənməsinə kömək edəcək.

Qeyd etdiyimiz təkliflər dövlət büdcəsinin ümumi gəlirləri əsasında tərtib edilib. Düşünürük ki, bu cür differensial məbləğlərin ödənilməsi heç bir sıxıntı yaratmaz. Eyni zamanda bu çoxuşaqlı və aztəminatlı ailələrin sosial durumunu normallaşdırmaq baxımından da vacibdir. Bu sistemin tətbiqi ilə bağlı ciddi tədbirlərin görüləcəyinə inanırıq”.

Xatırladaq ki, 2017-ci il Azərbaycanda yeni doğulan uşaqların sayı 144 min 41 olub.

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …