Baş səhifə / Cəmiyyət / Dilimizi yox, Qarabağ danışıqlarının dilini bilmək lazımdır…

Dilimizi yox, Qarabağ danışıqlarının dilini bilmək lazımdır…

Xalq arasında belə bir misal var: ”vacibi qoyub, sünnətə gedir”. Məmmədyarovun dilimizi pis bilməsinə bu qədər mənfi köklənməyə dəyərmi? Dili arzuolunan səviyyədə bilməmək eyib deyil. Məmmədyarov universitet müəllimi yox, xarici işlər naziridi və kaş Qarabağ danışıqlarını aparmağın dilini biləydi. 14 ildə Qarabağ danışıqlarında diplomatik uğurun olmamasını Məmmədyarova irad tutmaq lazımdır, niyə dilimizi yaxşı bilməməsini yox. Əlbəttə, bilsə daha yaxşı olardı, amma inanın ki, o diplomtik danışıqlarda ermənilərin kürəyini yerə vursaydı, xalq ondan qəhrəman obrazı yaradardı.

O qədər işini bilməyən, amma dilimizdə yaxşı danışan məmurlar, siyasətçilər var ki… Nə xeyri? Məmmədyarovdan tələblər birbaşa onun gördüyü işlə bağlı olmalıdır. Birincisi, qətiyyətli olmalıdır. Qətiyyətli, cəsarətli olan məmur diplomatlar haqqında politoloqlar daha çox “yastreb” (quzğun) ifadəsini işlədirlər. Burda heç bir təhqir yoxdur. ABŞ – ın bu yaxınlarda Bakıda səfərdə olan Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltona da bu adı qoyublar. Diqqət etdinizsə çox kəskin ifadələr, bəyanatlar verməkdən çəkinmədi: Ermənistana da, Azərbaycana da indiyə kimi edilməyən təklifi etdi – “silahı bizdən alın”. Başqa xarakterik hərəkətləri ona, məhz hücum edən, şığıyan siyasətçi imicini qazandırıb…

Diplomatın çevik siyasət yürütmək, kəskin bəyanatlar vermək damarı da olmalıdır. Azərbaycan kimi işğala məruz qalıb, haqqı tapdalanan ölkənin baş diplomatının bütün diplomatik etiketlərlə yanaşı, səlis məntiqi, kəskinliyi, cəsarəti, yeri gələndə od püskürməyi vacib amildir. Bir də Qarabağ sevgisinin olması… Azərbaycanı hamı sevir, Məmmədyarov da, amma xüsusi olaraq Qarabağ sevgisi, istəyi onun içində yoxdursa, elə belə də davam edəcək. Bu xüsusi istək, təkcə Məmmədyarova aid olmamalıdır, başda ordu rəhbərləri olmaqla, Qarabağ işinə məsul olan səlahiyyətli şəxslərin hamısı üçün şərtdir, necə deyərlər, “bir köynək yaxın” olmasan bu işdə uğur qazanmaq çətin olacaq. Onsuz da, Qarabağa, Qarabağ camaatına düşmən çöldən düşmənçiliyini edib, içəridə də bu gün nifrətini gizlətməyənlər var və bütün səviyyələrdə bu nifrəti püskürənlər bilsin ki, hər məmur qapısında qəsdən haqqı-hququ tapdalanan bu camaatın torpağından başqa ayrı böyük umacağı yoxdur.

Məmmədyarovdan soruşun ki, niyə erməni məskunlaşmasının qarşısını almaq üçün ciddi əks-arqumentlər, təsiredici işlək mexanizmlər düşünüb həmsədrlərin qarşısında şərt kimi qoymur? Hansısa diplomatik görüş ərəfəsində və sonra Müdafiə Nazirliyinin gücündən istifadə etməklə uğur qazanmağın vacibliyini əsaslandırmır. Bu dünya güclə hesablaşır, erməni də güclə alıb torpağımızı, ona görə arada atəşkəsi ciddi şəkildə pozmaqla hədələyin qarşınızdakıları. Diplomatik deyil, amma işləkdir. Biz itirəcəyimizi itirmişik, çəkinməyin, Kasprşik o qədər danışsın ki. ənənəvi diplomatiyadan arada maraqlarımız naminə yayınmaq lazımdır. Rusiyanın bir Zaxarovası var, onun populyarlığı təkcə Rusiyanın gücünə hesablanmayıb, ondan əvvəl də sözçülər vardı, heç tanımazdıq. Amma, indi bu Zaxarova kəskin, yeri gələndə söyüşlə, təhqirlə, yexəxanalıqla, saymazyana elə bəyanatlar verir ki, bəziləri ondan daha çox qorxur, nəinki Putindən.

Məmmədyarovdan soruşun ki, məğlub olan bizlərdən fərqli olaraq qalib ermənilər dörd dəfə hakimiyyət dəyişib,uyğun olaraq da dörd xarici işlər naziri. Heç birinin dövründə niyə bir addım qabağa gedə bilməmisiz? Elə isə günahı özümüzdə axtaraq və bu günahı baş diplomatımızın dilimizi yaxşı bilməməsində görməyin.

Dünyada baş verən hadisələri, bizə olan basqıları və bu basqıların daha çox Qarabağla bağlı olmadığı məlum məsələdir. Ölkənin imicinin hansı vəziyyətdə oduğu, pis-yaxşı aparılan diplomatiyadan asılı olmadığı, kadrların diplomatik meyarlardan çox, ənənəvi proteksiya ilə işə götürüldüyü və nazirin bu işdə son söz sahibi olmadığı da gizli məsələ deyil. Bütün bunların və yazmadıqlarımızın neqativ hal olduğu aydın olsa da Qarabağ danışıqlarına birbaşa təsir edə bilməz.

Ümumiyyətlə, Elmar Məmmədyarov yaxşı adamdır. Oliqarx deyil, adı korrupsiyada hallanmır, istənilən icra başçılarınınn müavinlərindən də varlı deyil. Başını aşağı salıb, nə deyirlər onu da edir. Dil məsələsi vacib deyil, işi bilmək lazımdır, yanaşma siyasəti dəyişməlidir, nazir yox. Daha yüksək vəzifəli dil bilməyəni çıxarıb, başqasının da təyin edilməsinin situasiyanı dəyişmədiyinin şahidisiniz.

İlham İsmayıl

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …