Baş səhifə / Cəmiyyət / “Kəlbəcərin verilməsini araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılsın”-İsgəndər Həmidov

“Kəlbəcərin verilməsini araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılsın”-İsgəndər Həmidov

Vəfa Quluzadə: “Şəxsən mənim ümidim yoxdur ki, danışıqlar yolu ilə torpaqları bizə qaytaracaqlar…”

Bu il Kəlbəcərin 25-ci “qara yubileyi”ni də keçirdik… Bu dilbər, bənzərsiz guşəmizin ermənilərə işğal etdirilməsindən (!) artıq bir qərinə ötdü… Amma işğal altındakı digər bölgələrimiz kimi Kəlbəcər rayonu da yalnız işğal günlərində deyil, hər gün, hər saat Azərbaycan vətəndaşının yadından  çıxmamalıdır…

Xəbər verdiyimiz kimi, 1991-1994-cü illərdə Qarabağda gedən qanlı savaşlar zamanı Azərbaycan  parlamentində baş vermiş əksər hadisələrin şahidi olmuş sabiq deputat Maksim Musayev Kəlbəcərin işğalından  5 il sonra – 1998-ci ilin aprelində bu haqda yazdığı  maraqlı bir məqaləsini Moderator.az-a təqdim edib. Tarixi-siyasi aktuallığını nəzərə alaraq  keçmiş parlament üzvünün  1993-cü ilin mart, aprel və may aylarında  Milli Məclisdə Kəlbəcərin işğalı ilə bağlı müzakirələr haqda gündəlik qeydləri, şahidi olduqları və iclasların stenoqramları əsasında hazırladığı məqaləsinin ən maraqlı məqamlarını  dəyərli oxucuların mühakiməsinə buraxırıq:
(Materialın əvvəlki hissələrini bu linkdən tapa bilərsiniz: http://www.moderator.az/news/246082.html)

(Milli Məclisin 1993-cü il aprelin 6-da Kəlbəcərin işğalı ilə bağlı keçirilmiş qapalı iclasında baş verənlər. Davamı.)

“Tofiq Qasımovun aprelin 2-dən 6-dək Cenevrədə nə işlə məşğul olduğunu mən deyə bilmərəm…”

“Cahangir Hüseynovun da sualı maraqlı idi:

“Ermənilər beynəlxalq miqyasda bizi üstələdilər. Kəlbəcərin işğalına nə ad vermək olar? Kəlbəcər Dağlıq Qarabağ deyil, ermənilər orada yaşamır. Təhlükəsizlik Şurasında məsələyə baxacaq Tofiq Qasımov Azərbaycanda deyil, Kəlbəcər hadisələrindən də xəbəri yoxdur. Xəbəri olsa da, sadəcə, qiyabi surətdə, yəqin ki, eşidib. Kəlbəcərin məsələsini BMT TŞ-da hansı nümayəndəmiz, hüquqşünaslarımız təmsil edəcək, erməni diasporunun qarşısında dura biləcək diplomatlarımız varmı?..”

Vəfa Quluzadə suala belə cavab verdi:

“Bu suallar yalnız mənə aid deyil. Bütün iqtidar buna cavab verməlidir ki, biz hansı yollarla gedirik, biz hansı siyasəti aparırıq. Həqiqətən, biz ağır vəziyyətdəyik. Dağlıq Qarabağı Ermənistan işğal edib və şəxsən mənim buna ümidim yoxdur ki, danışıqlar yolu ilə torpaqları bizə qaytaracaqlar. Tofiq Qasımov Cenevrədədir. Onunla komanda var, onların içərisində güclüsü və zəifi də var. Bunları Həsən Həsənov da bilir. Qaldı ki, Etibar Məmmədovun sualına, T.Qasımov Cenevrədə nə edir və nəyə görə gedib və mən V.Quluzadə, bundan xəbərdarammı? Sizə çatdırıram ki, mənim də xəbərim yoxdur. Pənah Hüseynov da soruşdu ki, Tofiq Qasımovun Cenevrədə olmağından mənim xəbərim varmı. Ona da dedim ki, T.Qasımov Cenevrədə nə etdiyini mənə məruzə etmir. Prezidentin xarici işlər müşaviri kimi eşitmişəm ki, atəşin kəsilməsi üçün danışıqlar gedir, ATƏT-in müşahidəçiləri Qarabağa, Azərbaycan-Ermənistan sərhədinə göndərilsin və siyasi proses başlansın. Kəlbəcər danışıqları bu prosesi dayandırdı. Tofiq Qasımovun aprelin 2-dən 6-dək orada nə işlə məşğul olduğunu mən deyə bilmərəm…”

Deputatlar belə bir fikir söylədilər ki, biz burada ola-ola Kəlbəcər haqda geniş təsəvvürə malik deyilik, T.Qasımovun Cenevrədə nədən xəbəri ola bilər. O, Cenevrədə olan günlər yüzlərlə kənd işğal olunub, dəhşətlər olub, onun işindən heç bir nəticə gözləmək olmaz…”

Bu arada söz alan keçmiş daxili işlər naziri İsgəndər Həmidov qəti təklif etdi:

“Kəlbəcərin verilməsini(!-M.M.) araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılsın. Mən orada sizə yeni materiallar təqdim edəcəm…”

AMİP sədri Etibar Məmmədov dedi ki, Prezidentin Kəlbəcərin işğalı ilə bağlı BMT-yə məktubu çox sadə formalıdır. “Orada ciddi tələblər qoyulmur. Həmin məktubda çox kəskin tələblər qoyulmalı və BMT-dən onların icrası tələb edilməlidir…”

Sabir Rüstəmxanlı isə təklif etdi ki, preizdent Əbülfəz Elçibəy gəlib parlamentdə çıxış edib öz mövqeyini bildirsin. “İndi məlum olur ki, Milli Məclislə Prezident Aparatı arasında əlaqə yoxdur. Mən Nazirlər Kabinetinin üzvüyəm. Prezident Aparatı ilə Nazirlər Kabinetinin əlaqəsi yoxdur. Nazirlər Kabineti 3-4 aydır, bir dəfə yığışıb hərbi-siyasi vəziyyəti müzakirə etmir. Elə deyirlər, çörək çatmır, qaz, su yixdur və s. Azərbaycanda doğrudan da hakimiyyət böhranı dərinləşir, biz bunu müzakirə etməliyik…”

Milli Məclisə çıxış üçün çağırılmış bir hərbçi əsasən hərbi səfərbərlikdən danışdı:

“Hərbi səfərbərliyə çağırılan adamların 60 faizi gedib xidmət yerinə çatmır və yaxud çatandan sonra qayıdıb evlərinə gedirlər. Bunun qarşısını almaq üçün heç bir tədbir görülmür. Milli Məclis bu işdə bizə kömək etməlidir. Bizdə kifayət qədər 35 yaşında kişilər ola-ola qadın batalyonu yaratmaq nəyə lazımdır? Kişisi olan respublikanı qadın qoruyarmı? Buna niyə yol verilir?

Hər dəfə səfərbərlik haqda fərman olur, iki gündən sonra yaddan çıxır, keçirik dədə-baba qaydasına. Tibbi komissiyadan 50 nəfər keçir və onlara çağırış vərəqəsi veririk ki, əsgərliyə göndərək. Onlardan hərbi komissarlığa cəmi 2 nəfər gəlir. Dövlət işçilərindən heç kəs də bu işdə ciddilik göstərmir…”
Hərbçi ilə sual-cavablardan belə məlum olurdu ki, hərbi komissarlıq sistemində xeyli rüşvətxorluq halları baş verir. Əsgərliyə varlılar yox, yalnız kasıblar göndərilir…”

(Davamı var)

Maksim Musayev. Sabiq deputat.

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …