Baş səhifə / Cəmiyyət / II Qarabağ savaşına hazır olmaq üçün II Qarabağ dalğasına ehtiyac var… – TƏHLİL

II Qarabağ savaşına hazır olmaq üçün II Qarabağ dalğasına ehtiyac var… – TƏHLİL

ATƏT-in Minsk Qrupunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana son səfərinə münasibət bildirəndə bu səfərin ötən il, beş il əvvəl və ya 15 il əvvəlki səfərdən heç nə ilə fərqlənmədiyini bir daha müşahidə etdik. Faktiki olaraq marginallaşmış bu qurum görüntü xarakteri daşıdığını və mənsub olduqları dövlətlər üçün informasiya mənbələri rolunu oynadıqları aydın görünür. Qayıdandan sonra təmsilçilər bu ilin yekununa dair ümumi hesabat, detallar barədə isə hər biri öz dövlətinin müvafiq qurumlarına məlumat verəcəklər. İlin sonunadək Azərbaycan siyasi meydanında heç bir proses gözlənilmir, Ermənistandakı seçkilər üçün proqnozlaşdırılan variantdan başqa sürpriz olacağı da ehtimal olunmur. Qarşıdan Milad bayramı gəlir, Avropa, ABŞ isteblişmenti rahat və maraqlı tətil haqqında planlarını götür-qoy edirlər.

Amma, başqa yolları da yoxdur. Bu gün bəşəriyyət az qala üçüncü dünya müharibəsi ərəfəsindədir. Rusiyanın apardığı revanşist siyasət sivilizasiyanın tamamilə məhv olmaq təhlükəsi qarşısında qoyub. Suriya, Ukrayna, İran, Şimali Koreya ətrafında Moskva və Vaşinqton, Vaşinqton və Çin arasında yaranan qlobal qarşıdurmanın fonunda Qarabağ problemi arxa planda dayansa da, bütövlükdə Rusiya və İranla həmsərhəd olan Cənubi Qafqazda siyasi qazanın sakit şəkildə qaynadığını görməmək də mümkün deyil. Qaynayan da adətən bir gün daşmağa məhkumdur. Gürcüstan və Ermənistanda dekabrın birinci yarısı üçün demokratik proseslərin yaratdığı seçki yarışının gərgin keçəcəyi, hər iki respublikada iqtidar məsələsinin həll olunacağı gözlənilsə də regionda maraqları olan güclərin mübarizəsinin yeni fazaya qədəm qoyacağı proqnozlaşdırılır. Azərbaycanda, qeyd etdiyimiz kimi, seçki və digər siyasi proseslər gündəm olmasa da, Qarabağ kimi həssas məsələ daim regionun ən qızğın mübarizə meydanına çevrilə bilər və bu xarici güclərlə yanaşı, daxildə də müəyyən qüvvələrin maraq dairəsindədir. Regiona təsir edəcək başqa amillər də qapını döymək üzrədir. Bu gündən etibarən İrana qarşı ABŞ-ın irimiqyaslı sanksiyaları başlayır. Bu, xüsusilə İranla həmsərhəd olan Azərbaycan və Ermənistan üçün izsiz ötüşməyəcək.

Həmsədrlər formatını dəyişmək olarmı? Bunun üçün çox ciddi səbəb var: Minsk Qrupunun 25 illik nəticəsiz fəaliyyəti. Formatı dəyişməklə problem həll oluna bilərmi? Birmənalı müsbət cavab vermək çox çətindir, amma 25 illik stereotiplər dağılacaq. Hansı ölkələrin hesabına? Bu geniş təhlil tələb edən mövzudur. Xristian həmsədrlər klubuna buddist Çini, müsəlman Pakistanı da əlavə etmək mümkündür. Yenə də qeyd edək ki, problemin tezliklə həll olunacağı şübhəli olsa da daha çox beynlxalq hüquq müstəvisində problemin həllinə yanaşma prinsip olaraq qəbul oluna bilər və yeniləri ortaya çıxar (Madrid prinsipləri ilə də xudahafizləşmək olar)

Dünya güclərinin maraqlarının toqquşduğu Cənubi Qafqazda konflikt tərəflərinin müstəqil siyasət aparması mümkünsüz görünür, hətta iki tərəfin keçən əsrin sonlarında buna cəhd etdiyi unudulmayıb. Həmsədrlər hər dəfə “tərəflərin razılığına hörmətlə yanaşılacaq” kimi bəyanatlar versələr də, bu “hörmət” reallıqda öz əksini tapmayıb. Ona görə də bizim parlamentdə birbaşa danışıqlar aparılması barədə deyilən təklif ilk baxışdan normal görünə bilər, amma perspektivi yoxdur və yaranmış dairədən kənara çıxmaq çətindir. Yalnız müharibə başlasa, çox az ehtimalla tərəflərin birbaşa danışıqlar aparması mümkün olsun. Razılığa gəlmək üfüqdə görünməsə də, güclü tərəfin şərtləri keçərli olacaq.

Əsas məsələ də budur. Kimdi güclü tərəf? İkinci Qarabağ müharibəsinə hazır olmaq üçün geniş əhali kütləsini əhatə edən ikinci Qarabağ dalğasına ehtiyac var. İllərdir davam edən Qarabağ sükutu xalqın ruhunu oyada bilməz. Qarabağ naminə Azərbaycanın güclü xalq ruhuna ehtiyacı var. O zaman ATƏT-in Minsk qrupunun həmsədrləri ölkələrinə də, qarşı tərəfə də arxayınçılıqdan uzaq tamam başqa informasiyalar çatdıracaq. Daxildə də nəticə çıxarılacaq, arxasında güclü xalq ruhu hiss edən dövlət də güclü olacaq.

Moderator.az-ın analitik qrupu

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …