Baş səhifə / Cəmiyyət / “İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ…”

“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ…”

Maksim Musayev: “Bu dəqiqə biz nifrəti özümüzünkülərə qarşı deyil, düşmənlərə qarşı yönəltməliyik…”

Bir neçə gündən sonra Azərbaycanın məşhur dövlət və ictimai-siyasi xadimlərinin həlak olduğu 20 Noyabr -Qarakənd vertolyot faciəsinin növbəti- 27-ci ildönümü tamam olur. İllər ötsə də, həmin faciə haqda biri-birini təkzib edən müxtəlif əsaslı-əsassız fərziyyələr səslənir.

Tanınmış ictimai-siyasi xadim, sabiq deputat Maksim Musayev Moderator.az-a geniş açıqlamasında ilk dəfə olaraq faciə barəsində maraqlı fikirlər səsləndirib:

“Bu günlərdə o zaman Respublika Prokurorluğu Baş İstintaq İdarəsinin rəisi kimi faciə yerində olmuş Adil Ağayevlə də görüşüb söhbətləşdim…”

-Mən uzun illərdir ki, 20 Noyabr faciəsi haqda mətbuat və televiziyada heç bir fikir söyləməmişəm. Həmin faciədə həlak olmuş dövlət və ictimai xadimlərini yaxından tanımışam. Və onların ölümü haqda danışmaq mənim üçün çox ağırdı. Bu gün olayın üzərindən 27 il ötsə də, hələ də müxtəlif ziddiyyətli, düşmənlərimizə qarşı deyil, öz xalqımıza qarşı, tanınmış şəxsiyyətlərə qarşı yönəlmiş fikirlər səslənir. Ona görə də qərara aldım ki, heç bir konyukturaya, siyasi əsaslanmayan müstəqil düşüncəli şəxs kimi fikirlərimi açıqlayım. Öncə onu söyləmək istəyirəm ki, 20 Noyabr faciəsi əvvəlcədən düşünülmüş, planlaşdırılmış diversiya, terror aktı olmayıb. Çünki məlum dövlət xadimlərinin Ağdamdakı müşavirədən sonra Qarakəndə yollanması birdən-birə baş verib. Bu haqda qərar birdən-birə verilib. Həmin qərar o müşavirədə iştirak edən dövlət nümayəndələrinin qəlbində vətənpərvərlik hislərinin coşmasından qaynaqlanıb. Onlar sanki Vətəni eyni əqidə, eyni sevgi ilə sevən insanlar olduğundan o günlər erməni təcavüzünə məruz qalmış dinc insanlara dayaq durmaq, onları doğma kəndlərinə qaytarmaq həvəsi ilə hamısı o vertolyota miniblər. Nəticədə vertolyota normadan artıq sərnişin yığışıb…

1970-ci illərdə SSRİ rəhbərliyinin belə bir qərarı vardı ki, uçan texnikalarda iki nəfərdən artıq yüksək dövlət vəzifəli adam əyləşə bilməzdi. Hələ 1991-ci ilin noyabrında Azərbaycan İttifaqın tərkibində olduğundan həmin qərar bizə də aid olmalı idi. Sözügedən uçaqda isə vəzifəli şəxslərin sayı həddindən çox artıq idi. Aralarında bir neçə nəfər deputat da vardı. Tofiq İsmayılovun keçmiş SSRİ-də nüfuzu o qədər yüksək idi ki, hərbçilər onun dediyi ilə razılaşaraq vertolyota bu qədər vəzifəlinin minməsinə də icazə vermişdilər…

Mən o zaman yüksək vəzifəlilərdən hadisə yerinə ilk olaraq çatmış Respublika Prokurorluğu Baş İstintaq İdarəsinin rəisi Adil Ağayevlə bu günlərdə görüşüb söhbətləşəndən sonra da bu qənaətə gəldim ki, 20 Noyabr faciəsi haqqında deyilən çox məsələlər şayiə və düşünülmüş yalanlardan ibarətdir. Adil Ağayevin sözlərinə görə, Tofiq İsmayılov, İsmət Qayıbov və Qarabağın baş prokuroru İqor Plavski vertolyotun ön hissəsində əyləşdiyindən daha az zərbəyə məruz qalıblar və onların cəsədlərini tez tanımaq olub. Adil Ağayevin deyir ki, Məhəmməd Əsədov son anda vertolyota minmək istəyən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini olan Sadir Məmmədovu zorla geri qaytarıb ki, adam çoxdu, sən gəlmə, o dediyimiz sənədləri hazırla biz qayıdanda götürək. Yəni o günlər vəzifəli-vəzifəsiz olmağından asılı olmayaraq insanlarımızın çoxunda bir Vətənə xidmət, Qarabağ üçün nəsə etmək eşqi o qədər güclü idi ki, dediyimiz epizodda da hamı o vertolyota minməyə çalışırmış…

Məni bir məsələ də narahat edir ki, hansısa qüvvələr Ali Sovet sədrinin keçmiş müavini Tamerlan Qarayevin üzərinə yıxmaq istəyirlər bu faciəni. Amma hesab edirəm ki, bu tamamilə haqsız bir ittihamdır. Bilirsiz ki, o illərdə bir sıra hakimiyyət adamları kimi Tamerlan Qarayevlə də mən biri-birimizə qarşı müxalif mövqedə idik. Buna rəğmən Tamerlan iclaslarda daim mənə münasibətdə konstruktiv mövqe tutur və söz istəyən kimi şərait yaradırdı. İşdən kənar vaxtlarda ünsiyyətdə də olurduq.

Faciədən təxminən bir ay sonra Ali Sovetdəki kabinetində Tamerlanla görüşüb bu mövzuda bir saata yaxın söhbət etdim. Çox heyfslənirdi o faciədə itirdiiyimiz insanlarımıza. Eyni zamanda ona qarşı baş qaldırmış hücumlardan da şikayət edirdi. Əvvəla, Tofiq İsmayılov ona nəsə ciddi iş tapşırıb ki, sən Ağdamda qal, getmə… O da var ki, Tamerlan Qarayev bir hüquqşünas həmkarı kimi rəhmətlik İsmət Qayıbovla da möhkəm dost idi. Yeri gəlmişkən, mən özüm də İsməti komsomolda işlədiyi vaxtlardan tanıdığım bir adam kimi deyə bilərəm ki, o, çox ünsiyyətcil insan idi. İsmət yoldaşlığı, dostluğu kişi kimi edə bilən adam idi. Eyni zamanda həddindən artıq vətənpərvər, milli ruhlu bir insan idi. O, baş prokuror kimi erməni quldurlarına qarşı çox qətiyyətli, prinsipial mübarizə aparır, sərt çıxışlar edirdi. Hətta bir dəfə ona dedim ki, İsmət, sən, heç olmasa, Moskvada –filanda danışanda bir az təmkinli danış, birdən elə bilirsən ki, bu dəqiqə əlinə silah götürüb kimisə vuracaqsan, yaxud birbaşa döyüşə yollanacaqsan… Cavab verdi ki, Maksim müəllim, nə təhər danışmayım, görmürsən, bu alçaqlar Azərbaycanın başına nə oyun açır, nə qədər haqsızlıq edirlər. Ertəsi gün baxırdım ki, yenə həmin qaydada çıxış edir. Çox milli qeyrətli və patriot insan idi… Tamerlan Qarayev deyir ki, o gün vertolyota minəndə İsmət Qayıbova dedim ki, bəlkə sən getməyəsən, yer də yoxdu vertolyotda. Cavab verib ki, sən nə danışırsan, Tamerlan, dövlət katibi- Tofiq müəllim özü də gedir, mən necə getməyim…

Sonda onu demək istəyirəm ki, biz 30 ildir faktiki olaraq Ermənistanla müharibə şəraitindəyik. Torpaqlarmız işğal altında, 1 milyondan çox soydaşımız qaçqın-köçkündür. Odur ki, biz elə hərəkət etməliyik ki, nifrəti özümüzə, özümüzünkülərə qarşı yox düşmənə qarşı yönəldək…”

Sultan Laçın

Buna da bax...

Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun …