Baş səhifə / Cəmiyyət / “20 Noyabrdan sonra qəti bildim ki, mənim başım üzərinə kim balta qaldırıbsa…”

“20 Noyabrdan sonra qəti bildim ki, mənim başım üzərinə kim balta qaldırıbsa…”

Ayaz Mütəllibov:”Vertolyot faciəsini törədən və necə törədildiyini bilən adamlar var və hardasa gəzirlər…”

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Moderator.az əməkdaşıyla söhbətində rəhbəri olduğu komandanın əsas üzvləri olan görkəmli dövlət xadimlərinin həlak olduğu 20 Noyabr vertolyot faciəsindən sonra keçirdiyi hislər, faciənin baş verməsi haqda mümkün versiyalar və s. barədə danışıb.

“20 Noyabr faciəsində əsas hədəflər Qarabağ və mən idim…”

-Ayaz müəllim, əsas komanda üzvlərinizin həlak olduğu 20 Noyabr –Qarakənd vertolyot faciəsindən sonra anladınızmı ki, artıq sizi bitirmək üçün düyməyə basılıb?

-Bəli… Əlbəttə… Artıq hər şey aydın idi… Və əslində elə 3 ay sonrakı Xocalı soyqırımında olduğu kimi, 20 Noyabr faciəsində də əsas hədəflər Qarabağ və mən idim… Bu cür olayları ermənilərlə birgə təşkil edənlərin məqsədi o idi ki, məni meydandan götürsünlər… Və yenə ötən illər dediyim bir fikri təkrarlamaq yerinə düşər: 20 Noyabrdan sonra mən Ayaz Mütəllibov olaraq hakimiyyətimi, Azərbaycan xalqı isə Qarabağı itirdi…

-Vertolyot faciəsi barədə çox versiyalar səslənir. Siz hansı versiya üzərində dayanırsınız: bu, sırf Qarabağı işğal etmək məqsədi güdən ermənilərin və havadarlarının planı idi, yoxsa burada sizi hakimiyyətdən götürmək istəyən qüvvələrin də əli vardı?..

-Təkrar edirəm, kifayət qədər haqqım var, deyəm ki, bu kimi faciəvi olaylarda əsas hədəf mən idim.Vertolyot faciəsində erməni separatçılarına qarşı böyük inadla mübarizə aparan əsas komanda üzvlərini bitirdikdən sonra mən şok vəziyyətində idim… Amma qəlbimdə öz-özümə suallar verirdim: 20 Noyabr teraktının səbəbi nə oldu? Ermənilərlə yanaşı, bu, kimə, kimlərə, hansı qüvvələrə lazım ola bilərdi? Sifarişçi kim idi? Bu günədək həmin suallara dəqiq hüquqi cavab yoxdur. Axı orada həlak olanlar adi insanlar olmayıb. Azərbaycanın məlum dövlət xaidimlərindən əlavə, orada Rusiyanın, Qazaxıstanın məsul vəzifəli şəxsləri, generalları da olub…

Amma mən elə o vaxtdan hiss edirdim ki, mənim başımın üzərinə kim, hansı güc balta qaldırıbsa, onu nəyin bahasına olursa-olsun, hətta xalqın qanının tökülməsi hesabına da olsa, endirib boynumu vurmağa qəti qərar verib. Odur ki, mən 5-6 martda – hadisələr artıq kulminasiya nöqtəsinə çatanda da ətrafımda bəzilərinin güc işlətmək barədə təkliflərini rədd edib sakitcə getdim… Onda düşünürdüm ki, mən bu gün parlament binasından çıxıb Prezident Aparatındakı kabinetimdə oturub işimə davam etsəm də, bir gün, iki gün, bir həftə sonra yenidən hansısa faciənin törədiləcəyinə qarant yoxdur…

-Deməli, vertolyot faciəsində hansı qüvvələrin sifarişçi olduğunu qəti söyləmək mümkün deyil hələ?

-Xeyr, xeyr… Mən yenə deyirəm, o günlər mən sanki transda idim, şokda idim… Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev kimi oğulların son mənzilə yola salındığı, dəfn edildiyi matəm mərasiminə, o xalq kütlələrinə, sonra özümə baxır, öz-özümlə nəsə danışırdım… Və o qərara gəlirdim ki, bu -20 Noyabr teraktından sonra mənin məsələm bitəcək, həll ediləcək…
20 Noyabrın birbaşa ermənilərin əməli olduğunu da qəti deyə bilmirəm… Əvvəla, o vertolyotun qara qutularını ruslar Moskvaya aparıb. Azərbaycanlılar, eləcə də şəxsən mən o qara qutularla məşğul olmamışıq… Yəni, dediyim kimi, mən günlərlə şokda qaldığımdan konkret o işlə maraqlana bilməmişəm… Sonrakı aylarda isə həm daxildən, həm də Qarabağda ermənilər tərəfindən o qədər ziddiyyətli hadisələr törədildi ki, mən 20 Noyabr faciəsini sistematik araşdırmağa imkan tapa bilmədim… Ancaq mənim aparatım var idi, komissiya var idi, onlar bilməli idi ki, o qara qutuları hara yoxa çıxarıblar… Həmin qutuları Moskvaya kim yola salıb, kim aparıb, onlar hansı vəziyyətdə olub, necə oxunublar?.. Bunlar istintaqın işləri idi… Amma bildiyimə görə, nə Azərbaycan, nə Rusiya tərəfi qara qutu məsələsini hüquqi cəhətdən rəsmiləşdirməyib…

-Dəqiqdir ki, indi həmin qutular Moskvadadır?..

-Belə deyirlər… Təəssüf ki, dəqiq deyil… Sonda onu deyirəm ki, qoy faciələrin, o cümlədən vertolyot faciəsinin günahı onları törədənlərin və necə törədilməsi barədə dəqiq bilənlərin boynunda, vicanında qalsın…Belə adamlar var, yəqin ki, var və hardasa gəzirlər….

Söhbətləşdi: Sultan Laçın

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …