Baş səhifə / Cəmiyyət / “Rəhmətlik Tofiq İsmayılov Tamerlan Qarayevə dedi ki, sən bizimlə gəlmə…”

“Rəhmətlik Tofiq İsmayılov Tamerlan Qarayevə dedi ki, sən bizimlə gəlmə…”

Sadir Məmmədov: “ Məni vertolyota minməyə rəhmətlik general Məhəmməd Əsədov qoymadı…”

1988-1989-cu illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1989-1991-ci illərdə isə Şuşa rayon polis idarəsinin rəisi kimi çalışmış, istefada olan polkovnik Sadir Məmmədovla bu dəfə əsasən 20 Noyabr 1991-ci il Qarakənd-vertolyot faciəsi ətrafında söhbətləşdik.
(Əvvəli bu linkdə: http://www.moderator.az/news/247940.html)

 

“Mən geri qayıdanda rəhmətlik İsmət müəllim qaça-qaça vertolyota tərəf gəlirdi və məni görəndə dedi ki…”

-Sadir müəllim, şəhid dövlət katibi Tofiq İsmayılov başda olmaqla nümayəndə heyəti aeroporta yollananda Tamerlan Qarayev hansı səbəbdən qaldı Ağdamda, bilmədiniz ki?
-Yadımdadır ki, Tofiq İsmayılov əlini masaya çırpıb “Getdik” dediyi vaxt Tamerlan müəllim nəsə yazırdı. Hamı ayağa qalxanda o da durub çıxmaq istədi. Ancaq Tofiq müəllim ona dedi ki, sən bizimlə gəlmə, qal, verilmiş tapşırığı tamamla. Tamerlana verilmiş tapşırığın konkret nədən ibarət olduğunu bilmədim…

-Sizin özünüzün də həmin vertolyota minməməyiniz haqqında müxtəlif fikirlər səslənir. Halbuki, bildiyimizə görə, siz Qaradağlı kəndi camaatını ermənilər tərəfindən qovulmasıyla bağlı yaradılmış komissiyanın sədr müavini olmusuz?

-Bəli, doğrudur, dediyiniz məqsədlə yaradılmış komissiyanın sədri rəhmətlik Zülfü Hacıyev, müavinləri isə mərhum Qurban Namazəliyev və mən idik. Aeroprta getdiyimiz vaxt sürücüm nədənsə ləngidi və mən vertolyotun yanına çatanda artıq şəhid generalımız Məhəmməd Əsədov sonuncu adamları yerləşdirirdi. Məni görən kimi qolumdan yapışdı ki, Sadir, sən qal, onsuz da yer yoxdur. Gerçəkdən eşitdim ki, komandir-pilot Kotov və heyət üzvü Domov vertolyotun 14 nəfər üçün nəzərdə tutulduğu, lakin sərnişinlərin sayının həddindən artıq çox olmasından gileylənirdilər. Məhəmməd müəllimin göstərişindən sonra mən geri qayıdanda rəhmətlik İsmət müəllim qaça-qaça gəlirdi və məni görəndə dedi ki, Sadir, hara gedirsən, gəl görək. Mən rəhmətliyə izah etdim ki, Məhəmməd Əsədov getməyimi məsləhət görmədi. O isə “Yaxşı, qal. Biz də tez qayıdacağıq, axşam birlikdə Bakıya uçub danışdığımız məsələni həll edərik…”

Yeri gəlmişkən, qeyd edim ki, son illərdə 20 Noyabr vertolyot faciəsi ilə bağlı kim necə gəldi, danışır və media da belələri üçün meydana çevrilir. Bir çoxları şəxsi, qərəzli məqsədlər güdərək ayrı-ayrı tanınmış şəxsləri ləkələməyə çalışırlar. Xahiş edirəm, təvəqqe edirəm ki, kimsə özünü reklam etmək xatirinə 20 Noyabrdan danışır, yazırsa, ehtiyatlı olsun. Çünki söhbət həm də o faciədə həlak olmuş neçə-neçə insanın ailələrindən, övladlarından, doğmalarından gedir.Vertolyot faciəsinin KİV-də qeyri-peşəkar müzakirəsi həlak olanların ruhuna sayğısızlıq, onların əzizlərinin, qohum-əqrəbalarının onsuz da unudulmayan dərdlərinin, qaysaq bağlamış yaralarının qoparılmasından başqa bir şey deyil…

-Vertolyot havaya qalxandan sonra siz hara getdiniz və faciə haqda nə vaxt xəbər tutdunuz?

-Yadımdadır ki, vertolyot havaya qalxanda artıq saat 13:48 idi. Özü də həmin günü səma çox təmiz, günəş parlaq idi. Hətta Qarabağın uzaqda görünən dağ yamacları açıq-aydın görünürdü. Vertolyot uzaqlaşandan sonra biz şəhərə qayıtdıq. İki saata yaxın vaxt keçdi. Rəhmətlik Xuraman Abbasova bərk narahat idi və tez-tez məndən “Bəs vertolyot niyə qayıtmadı, Sadir” deyə soruşurdu. Özü də rəhmətlik nümayəndə heyəti üçün süfrə-filan hazırlatmışdı. Artıq saat 16 radələri idi. Mən Xuraman xanımla Ağdam rayon partiya komitəsi binasının qarşısında dayanmışdıq. Elə bu vaxt vilayət hərbi komendantı V.İ. Kuşnarikin Vidadi adlı sürücüsü məni kənara çəkib dedi ki, Kuşnarik ratsiya ilə hərbi hissəyə təcili tapşırıq yollayıb. Tapşırıq verib ki, Sadir Məmmədova deyin ki, bütün təcili yardım maşınlarını Martuni(yəni Mərziliyə) postuna yığsın. Deyəsən, nümayəndə heyəti gedən vertolyot vurulub…

(Davamı var)

Söhbətləşdi: Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …