Baş səhifə / Cəmiyyət / “Yetmiş ildən sonra ilk dəfə idi bayrağımızı gəzdirirdik…”-Bayrağımıza görə gözünü itirən adam…

“Yetmiş ildən sonra ilk dəfə idi bayrağımızı gəzdirirdik…”-Bayrağımıza görə gözünü itirən adam…

Azərbaycan Milli-Azadlıq Hərəkatının əfsanəvi isimlərindən biri də Yaşar Türk-Azərdir. O, gənclik illərini milli davanın təmənasız, fədakar əsgəri olaraq sovetin ən güclü vaxtından üzü bəri tarixi proseslərə, saysız-hesabsız hadisələrə şahidlik edib. Həmçinin həmin proseslərin, hadisələrin iştirakçısı, bayraqdarı olub.

Beləliklə, Moderator.az Yaşar Türk-Azərlə bağlı yazını təqdim edir.

Yaşar Türk-Azər Maştağa qəsəbəsində yaşayır. Elə onunla söhbət etmək üçün zəngləşib əlaqə saxladıq və bizi evinə dəvət etdi. Onunla dediyi avtobus dayanacağında görüşdük və elə birlikdə evinə qədər yolu piyada gedərkən söhbət etdik. Deyir ki, o, indi dünyanın ən xoşbəxt insanıdır. Gənclik illərində etdiyi bu xidmətlərinə görə bu gün də ona hörmətlə yanaşırlar. Onunla bu mövzuda danışan həmkarlarımız da az deyil. Evə daxil olub masa arxasında oturduqdan sonra Yaşar Türk-Azər özü haqda danışmağa başladı:

“Bu peşə məni cəlb etmədi və gördüm ki…”

“Mən 1956-cı il aprelin 17-də Sabunçu qəsəbəsində anadan olmuşam. Atam Cənubi Azərbaycandandır, anam isə Göyçay rayonundandır. Ailədə iki bacı və bir qardaş olmuşuq. Atam neftçi olub, anam isə müəllimədir. Bakıxanovda orta məktəbdə və sonra peşə məktəbində oxudum. Elektrik ixtisası üzrə təhsil alsam da, sonradan bu peşənin mənə aid olmadığını gördüm. Bu peşə məni cəlb etmədi və gördüm ki, humanitar fənlər daha çox cəlb edir. Əslində aktyor olmaq istəyirdim və 13 yaşında dram dərnəyində dərs aldım”.

“Məhəmməd Hatəmi Tantəkinlə tanış oldum…”

“Hərbi xidmətə gedə bilmədim, səhhətimdə problemlərin olduğunu dedilər. Sonra uzun müddət müxtəlif zavodlarda işlədim. 1979-cu ildə isə ailə həyatı qurdum. 1987-ci il dekabrın 27-də Çənlibel ədəbi birliyinə gəldim. Orda ilk dəfə Bütöv Azərbaycan haqqında çıxış etdim. Məhəmməd Hatəmi Tantəkinlə tanış oldum və o, insanı özüm üçün mənəvi ata hesab edirəm 1988-ci ildə Elektron Hesablama maşınları zavodunda işləyirdim. Fəhlələrin əksəriyyəti M.Hatəminin, Əbülfəz Elçibəyin ətrafına isə daha çox ziyalıları toplaşırdı. Mənim inkişafımda M.Hatəminin, şair İsfəndiyar Coşqunun, Əbülfəz Elçibəyin, Xəlil Rza Ulutürkün çox böyük rolu olub. Bu insanlar əvəzolunmaz insanlar idi”.

“Nemət Pənahlı çıxışında insanlara müraciət edib dedi ki…”

“Fevralın 19-da olan mitinqi saymasaq, 1988-ci ildən 1991-ci ilə qədər bütün mitinqlərdə iştirak etmişəm. İlk dəfə Azərbaycan bayrağını meydana Salman Hüseynovla, Elşad Ziyadov gətirib. Noyabrın 19-da bayraq kağız üzərində idi. Noyabrın 20-də bayrağı parça üzərində gətirdilər. Meydanda həm biz, həm də nümayiş komitəsi bayraq tikdirmək üçün pul yığırdı. O yığılan pullardan M.Hatəmi Bəxtiyar Tuncaya verdi ki, bayraq tikdirsin. Noyabrın 21-də Bəxtiyar Tuncay 14-dənə bayraq tikdirib gətirdi və o bayraqlardan birini də meydanda mən qaldırmışam. Nemət Pənahlı çıxışında insanlara müraciət edib dedi ki, “Azərbaycanın bayraqları qalsın və qalan bayraqlar yığışdırılsın!”. Qalan bayraqlar milli bayraqlarımız idi. Dekabrın 5-də bayraqlar meydandan rus əsgərləri tərəfindən yığışdırıldı. 16 gün, 14 gecə meydanda olmuşam. Dekabrın 5-də səhərə yaxın bizi rus əsgərləri mühasirəyə aldılar. Birinci dəfə müraciət etdilər ki, dağılışın. Sonra rus əsgərləri bizi hər tərəfdən sıxışdırmağa başladılar. Bir qadın uşağını qaldırıb dedi ki, “Burda uşaq var, dayanın!”. Əsgərlər uşağı da vurdular. Bizim sənədlərimizi yoxlayanda məni bir rus zabiti itələdi və mən də onun cavabını verdim. Onda mənə otuz sutka həbs verib Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasına göndərdilər. Otuz sutka həbsdə yatdım. Dekabrın 12-dən, 21-nə qədər Nemət Pənahlıya bir kamerada qalmışıq. Sonra onu Bayıla apardılar”.

“Yetmiş ildən sonra birinci dəfə idi bayrağımızı gəzdirirdik…”

“1989-cu il mayın 28-də Həsən Merac və digər yoldaşlar nümayiş təşkil etdilər və orda bayrağı götürmək mənə qismət oldu. Yetmiş ildən sonra birinci dəfə idi bayrağımızı gəzdirirdik. Mitinqə otuz beş adamla başlamışdıq on min adamla sona çatdırdıq. İyunun 4-də və 11-də Spartak stadionunda olduq. İyulun 8-də biz “Birlik” cəmiyyəti olaraq yürüş təşkil etdik və filarmoniyanın yanında bizə polislər hücum etdi. Orda bir neçə polislə əlbəyaxa oldum. Polislər məni dizimdən vurub yerə yıxdılar və polis mayoru İnşallah Babayev sol gözümdən yumruq zərbəsi vurdu. Heç səsimi də çıxarmadım. İndiyə qədər sol gözüm görmür. Onda da otuz sutka inzibati və polisə müqavimət göstərdiyimə görə cinayət işi açıldı. Məni on beş sutka həbsdə saxladılar və iyulun 12-də Nərimanov polis idarəsinə gətirdilər və bir gün orda saxladıqdan sonra Bayıla apardılar səkkiz sutka da orda qaldım. Bayıldan sonra Şüvəlana apardılar orda da 25 sutka qaldım. Əgər hərəkat başlamasa idi, məni azadlığa buraxmayacaqdılar”.

“Azərbaycanən iyirmi beş şəhərində qəzet yaymışam…”

“1991-ci ildə Qarabağ müharibəsinə getdim. Mart ayından sentyabr ayına kimi Milli Qəhrəmanımız Allahverdi Bağırovun batalyonunda döyüşdüm. Döyüşdən qayıtdıqdan sonra Azərbaycanda ilk dəfə mən əllə qəzet yayımını dirçəltdim. Azərbaycanən iyirmi beş şəhərində qəzet yaymışam. Bu gün artıq yazılarımla mətbuatda çıxış edirəm. Düşünürəm ki, dünyanın ən xoşbəxt insanıyam. Türk-Azər” adını mənə Xalq şairimiz Xəlil Rza Ulutürk verib”

Vasif Əlihüseyn

Buna da bax...

Ziyafət Əsgərov: “Biz dövlət himninə farağat halda, yoxsa əlimiz ürəyimizin başında qulaq asmalıyıq?”

Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi geniş müzakirə olundu. Deputat Tahir Kərimli …