Baş səhifə / Cəmiyyət / “Milyon da versələr, buna razı olmaram” – Amerikada işləyən azərbaycanlı cərrah

“Milyon da versələr, buna razı olmaram” – Amerikada işləyən azərbaycanlı cərrah

Rauf Şahbazov Azərbaycan Tibb Universitetinin məzunu, Böyük Britaniya Birləşmiş Krallıq Cərrahiyyə Cəmiyyətinin üzvüdür. MD,PHD,MRCS Ed, FEBS, qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir. Müxtəlif illərdə Türkiyədə və ABŞ-ın Virciniya Universitetində transplantoloq cərrah kimi çalışıb. Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər alıb.

Hazırda Nyu-York şəhərində UPSTATE Tibb Universitetinin transplant cərrahı, professor assistenti və pankreatik hüceyrə translpantasiya proqramının direktorudur.

BakuPost xəbər verir ki, 7 ildir, Amerikada transplantoloq cərrah kimi çalışan həmyerlimiz bu günlərdə Vətənə qısamüddətli səfəri zamanı Medicina.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

– Rauf doktor, Amerikaya getməzdən öncə, Azərbaycanda hansı klinikalarda çalışmısız? Və sizin Vətəndən okeanın o tayına getməyinizə nə səbəb oldu?

– Türkiyədə təhsil alıb qayıtdıqdan sonra Mərkəzi Neftçilər xəstəxanasında işlədim. Orada bir qrup həkimlə Orqan transplantalogiyası bölməsini yaratdıq və 22 əməliyyat etdik. Sonradan transplantasiya işlərini daha yüksək səviyyədə davam etdirmək üçün Elmi Tədqiqat Cərrahiyyə Mərkəzində fəaliyyət göstərdim.

Amerikaya getməyimin başlıca səbəbi, mənim təhsil aldığım, təcrübə qazandığım və görmək istədiyim transplantasiya prinsiplərinin Azərbaycan reallığına uyğun gəlməməsi oldu. Fikrimcə, bizim ölkədə transplantasiya işi dünyanın qabaqcıl ölkələrinin ən son transplantasiya proqramlarına, protokollarına, qanunlarına uyğun şəkildə qurulmalı idi.

Transplantasiya müxtəlif hər ölkənin ictimai vəziyyətinə uyğun olsa da, hamının qəbul etməli olduğu vacib dəyərlər və prinsiplər var. Mən transplantasiya cərrahiyyəsi təhsilini və təlimlərini bu prinsiplərin dünya standartları səviyyəsində qorunduğu ölkələrdə olarkən görürdüm ki, onlar daim elmi işlər üzərində işləyir, bir tərəfdən xəstələri əməliyyat edir, digər tərəfdən yeniliklər edir, tələbələri öyrədirlər. Lakin dünyada elə ölkələr və proqramlar da var ki, onlar hətta orqan mafiyası, kriminal aləmlə bağlıdır. Transplantasiya turizmi var, bura cərrahlar da istər-istəməz qoşulmuş olur. Təəssüf ki zaman-zaman bu haqda xəbərlər mətbuata belə çıxır.

Mən isə də bu işdə daim inkişaf etmək, Azərbaycanın gələcəyi üçün kadr yetişdirmək arzusunda idim. Fikrimcə, transplantasiya təkcə kimdənsə orqan çıxarıb, xəstəyə köçürməkdən ibarət olmamalıdır. Bir çox sahələrdə olduğu kimi tibbdə də monopoliya başgicəllənmələrə səbəb olur. Eyni zamanda sonu da xoş olmur.

– Yəqin ki, uzaqda olsanız da Azərbaycan səhiyyəsini izləyirsiniz. Bu 7 ildə transplantalogiya sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

– Xeyli müddət keçib, bu zaman ərzində çox işlər görmək olardı. Xüsusən meyit materialından orqan bankı yaratmaq, köçürmək hələ də tətbiq olunmur. Halbuki, Azərbaycan dünyəvi ölkədir, qanunlar da var. Beyin ölümü keçirmiş meyitdən qaraciyər, böyrək, ürək kimi orqanların köçürülməsi işinin təşkilində bu qədər gecikmək olmazdı. Dinimiz də buna imkan verir. Sadəcə təşkilatçılıq lazımdır, niyyət lazımdır. Həm də elə etmək lazımdır ki, ictimaiyyət bu işə inansın, bu işi edənlərə etibar etsin.

– Bizdə canlı insandan orqan köçürmək daha asandır. Yəni donor var, xəstə var, belə deyək, bu işə tələbat, qazanc kimi baxılır bəlkə də.

– Təbii ki, həkimlərin tələbatı ödənməlidir, bunlar da var. Mən heç bir transplantoloq cərrahı qınaya bilmərəm. Hər mütəxəssisin öz yolu var. Amma məncə, öndə maddiyyat durmamalıdır.
Transplantoloq cərrahların bir vəzifəsi də bu işin ölkədə gələcəyinin düzgün qurulmasına nail olmaqdır. Orqan transplantasiyası yeni sahədir, həyati vacib sahədir.

Burada şəxsi maraqlar, planlar öndə durmamalıdır. Gələcəyin cərrahlarını yetişdirmək, elmi araşdırmalar aparmaq, ölkədə bu işi yüksək səviyyədə təşkil etmək lazımdır. Cərrah bu gün var, sabah yoxdur. Amma görülən işlər qalır.

– Mən əməliyyatları izləyirəm. Daha çox xəstələrə ata-anadan böyrək, qaraciyər köçürülməsini görürük. Amma bildiyimə görə, orqan bağışlayan insan da zərər görür. Hər adam böyrək, qaraciyər donoru ola bilərmi, hətta xəstə doğma övladı olsa belə. Bu donor olan insanın gələcəkdə sağlamlığı necə olur? Bu işlər Amerikada necədir?

– Amerikada meyitdən alınan orqanlardan transplantsiyası daha geniş yayılıb. Maksimum çalışılır ki, canlı insandan orqan çıxarılmasın. Gözləmə növbəsi mövcuddur, kimin ehtiyacı var, siyahıya alırlar. Digər tərəfdən həm dövlət nəzarətində olan, həm də dövlətdən kənar müstəqil təşkilatlar var. Onlar orqan donorlarını tənzimləyir. Ölkənin hansı xəstəxanasında beyin ölümü faktı baş verirsə, onu araşdırır ki, orqan nə dərəcə uyğundur, kimin tələbatına yararlıdır. Dərhal xəbər verir, o orqanın transplantasiyaya uyğun şəkildə çıxarılması, saxlanması, daşınması həyata keçirilir. Bu da ciddi işdir. Orqan uyğun gəlirsə, xəstə gəlir, hazırlıq aparılır, orqan xüsusi məhlulda gətirilərək köçürülür.

Amerikada canlı insandan transplantasiya bu gün çox azdır. Əgər meyitdən alınan orqan varsa, niyə kiminsə orqanizminə ziyan vurulsun? Ümumiyyətlə, canlıdan orqan transplantasiyası alternativ yoldur.

Statistik olaraq, canlı insandan orqan donorluğunun ziyanının olmadığı deyilsə də, bu, düzgün deyil. Canlı insanın bir böyrəyini çıxarmaq, qaraciyərindən bir hissə çıxarmaq özü də bir riskdir, ağır əməliyyatdır. Sonradan müəyyən ağırlaşmalar ola bilər, hətta bir neçə il sonra həmin insan ölə bilər. Kim zəmanət verir ki, bir böyrəyi çıxarılmış insanın bir neçə il sonra qalan tək böyrəyi sıradan çıxmayacaq? Yazırlar ki, anadan böyrək götürdük, ata qaraciyərindən verdi, sonradan həmin insanların həyatı, sağlamlığı, necə olmaları ilə kim maraqlanır, hesabat varmı, cəmiyyətə məlumat verilirmi?

– Amerikada yəqin ki, ölümündən sonra orqanlarını könüllü bağışlayanlar da çoxdur. Məsələn, sizin belə bir razılıq sənədiniz varmı?

– Bəli, var. Mən də orqanlarımı bağışlamaq haqqında qanuna uyğun razılıq sənədi imzalamışam. Amerikada, Avropada həm insanlar vəsiyyət edir, həm də ölümündən sonra müraciət olarsa, yaxınları buna icazə verə bilər.

– Beyin ölümü nədir? İnsult, infarkt nəzərdə tutulur?

– Beyin ölümü, qısa şəkildə desək, beyinin bütün funksiyalarının geriyədönməz və tam olaraq sıradan çıxmasıdır. Klinik olaraq beyin ölümü diaqnozu qoyulduqdan sonra bir sıra testlər aparılır və sübut olunur ki, bu insanda beyin həqiqətən ölüb. Amma beyin öldükdən sonra ürək fəaliyyətini hələ bir müddət davam etdirir. Bu da imkan verir ki, orqanlar qanla təchiz olunsun, transplantasiyaya uyğun olsun və orqanlar götürülərkən çalışsın. Beyin ölümü, beyinə qansızması olan, insult keçirən xəstələr, qəza zamanı beyini zədələnən insanlarda ola bilər. İnsanın beyni geriyədönməz şəkildə sıradan çıxıbsa, onlar potensial olaraq donor ola bilər və onlardan orqanlar götürülərək istifadə oluna bilər. Bu iş professionallar tərəfindən həyata keçirilir.Yəni hər meyitdən orqan götürmək olmaz.

Bu zaman şəxsin vəfatından keçən müddətin böyük əhəmiyyəti var. Hər bir toxuma və ya orqanın qan dövranı pozulduqdan sonra həyat qabiliyyətini saxlama müddətinin müəyyən həddi var. Bundan əlavə, vəfat etmiş şəxsin orqanizmində müəyyən infeksion xəstəliklər və bədxassəli şişlər ola bilər ki, bu da meyitdən donor kimi istifadə üçün əks-göstərişdir.

– Bir qədər kasıb ölkələrdə insanları ölümündən sonra orqanlarını bağışlamağa həvəsləndirmək üçün müəyyən qədər pul verilməsinə necə baxırsız? Yəni, heç olmasa, pula görə öləndən sonra orqanını bağışlayar.

– Elə ölkələr var, amma Amerikada bu yoxdur. Baxmayaraq ki, kapitalist ölkəsidir, insanları üçün pul vacibdir. Amma onlar belə bu işə gəlir məqsədilə baxmırlar. Orda donora pul verilmir. Bu etik normalardan uzaqdır. Bu işi bazara, alverə çevirmək olmaz.

Olmaz ki, insanları maarifləndirək? Bu çox böyük savabdır, müsəlmançılıqdır, bunu böyük savab kimi qəbul etmək olar. Kim istəməz ki, yaxını, övladı cənnətə getsin? Onsuz da orqanlar torpaqda çürüyüb gedəcək. Avropa Transplantasiya Cəmiyyətinin şüarı belədir ki, “siz orqanlarınızı özünüzlə cənnətə aparmayacaqsınız, orda onlara ehtiyac yoxdur”.

– Siz qaraciyər, mədəaltı vəzi və böyrək transplantasiyası edirsiniz. Bizdə mədəaltı vəzi – pankreas transplantasiyası yoxdur. Halbuki bu orqanı sıradan çıxan xəstələrimiz çoxdur.

– Mədəaltı vəz dəyişilmir, şəkərli diabeti, böyrək çatışmazlığı olan insanlara mədəaltı vəzi köçürülür. Yəni o xəstənin mədəaltı vəzi tam çıxarılmır. Ona əlavə sağlam mədəaltı vəzi qoyulur, hər ikisi fəaliyyət göstərir. Məqsəd odur ki, insulin hormonu sintez edən orqan olsun. Azərbaycanda ona görə yoxdur ki, canlı adamdan mədəaltı vəzin bir hissəsini götürmək olmaz, həmin adam ölər. Yalnız meyitdən götürülmüş orqan köçürülməlidir, bu da Azərbaycanda yoxdur. Amerikada son zamanlar daha çox diabet xəstələrinə insulin hasil edən hissənin, hüceyrələrin köçürülməsi tətbiq olunur.

– Bəs sirroz, hepatitdən qaraciyər sıradan çıxanda, xərçəng qaraciyərə metastaz verdikdə qaraciyər köçürülməsi icra olunurmu?

– Bəli, olunur. Bu mövzularda təcrübələr, elmi tədqiqatlar aparılır. Təbi ki, qaraciyərdə şiş varsa, ölçüsünə görə, sayına görə, şişin təbiətinə, metastaz verib-verməməsinə, bir çox şərtlərə uyğun qərar qəbul olunur. Məsələn, Stiv Cobsda şiş mədəaltı vəzidən qaraciyərinə metastaz vermişdi. Ona qaraciyər köçürülmüşdü. Qaraciyər sirrozu və şişlərində qaraciyər çıxarılmalıdırsa, orqan köçürülür.

Eləcə də mədəaltı vəzidə şiş olarsa, yayılmayıbsa, şiş bədxassəlidirsə, mədəaltı vəzi ilə birgə o şiş götürülməlidir, sonra orqan transplantasiyası edilir. Bu kimi əməliyyatlara Amerikada multidistiplinar qrup qərar verir. Təkcə mən transplantoloq kimi qərar verə bilmərəm, buna hüququm da yoxdur.Hər qaraciyər sirrozunu da əməliyyat etmək olmaz. Dərman müalicəsi effekt vermirsə, oluna bilər. Elə qaraciyər sirrozları var ki, yaxşılaşa bilir. Müalicələr də xeyli effekt verir.Amerikada Hepatit B və C də dərman müalicəsi ilə tam sağaldılır. Amma kifayət qədər bahalı müalicədir.

– Dərman demişkən, siz burda da işləmisiz. Bizim dərmanlarla ordakıların fərqi var?

– Dərmanlar çox fərqlidir. Söhbət dərmandan da getmir. Sistem düzgün qurulmalıdır. Birincisi dərman bazarı fərqlidir. Orda çox dərmanlar var ki, məsələn, antibiotiklər, hepatit dərmanları nəzarətdədir. Həkimin nömrəsi, imzası olmadan xəstəyə satılmaz. Apteklərdə xəstə ürəyi istədiyi dərmanı ala bilməz. Azərbaycanda isə hətta onkoloji dərmanlar belə xəstələrə açıq satılır. İkinci məsələ keyfiyyətdir. Amerikada ən ucuz, sadə dərmandan tutmuş ən bahalısına kimi hamısı effektivdir, keyfiyyətlidir. Orda həkimin yazdığı dərman saxta olsa, protokola uyğun olmasa, müalicə effekt verməsə iş məhkəməyə qədər uzanır, o dərman şirkəti milyonlarla dollar cərimələnir. Orda ictimai qınaq və güclü nəzarət var. Müxtəlif təşkilatlar, jurnalistlər araşdırmalar aparır. İnsanlar öz sağlamlığının qeydinə qalır.

Azərbaycana postsovet ölkələrindən çox dərmanlar gəlir. Heç bilinmir harda hazırlanır. Çox məşhur dərmanların belə saxtasını hazırlayırlar. Bunlara nəzarət yoxdur. Bu böyük bir faciədir. Təəssüf ki, lazımsız dərmanlar çox təyin olunur. Bizə düşmən ölkələr də var, onlar da bu dərman bazarında çox şeylər edə bilərlər. Dərman böyük bir qazanc biznesinə çevrilib. İnsanlarımız özləri də gərək sağlamlıqlarına diqqətlə yanaşsınlar.Amerikada FDA deyilən bir təşkilat var, onun icazəsi olmadan bir aparat, bir dərman ölkəyə daxil ola bilməz.

– Amerikada azərbaycanlı həkimlər çoxdur?

– Azdır, bunun da səbəbləri var. Əsas səbəb Amerikanın səhiyyə sisteminə həkim və cərrah kimi qatılmağın çox çətin olmasıdır. Dünyada çox həkimlər istəyir ki, Amerikada çalışsın. Yarış çox gərgin olur. Bunun üçün o sistemə uyğun silsilə testlər, imtahanlar var. Bu imtahandan keçmək adamın illərini alır. Amerika sistemi yaxşının yaxşısını seçmək istəyir.

Özünü təsdiq etmək istəyən hər bir peşə sahibinə açıq ölkədir. Baxır həmin insan Amerika cəmiyyətinə nə qədər faydalı olacaq. Amerikada super viza deyilən bir sistem var. Amerikanın ən böyük silahı elə xüsusi vizadır ki, seçilmiş adamlara verilir. Amerikanın aparıcı alimləri, beyinləri elə digər ölkələrdən gələnlərdir.

– Orda həkimin gəliri necə tənzimlənir? Cərrahın nə qədər xəstə əməliyyat etməsinə görə maaş ayrılır?

– Xeyr, orda belə şeylər yoxdur. Maliyyə departamenti həll edir. Xəstəylə həkim arasında maddi bağlılıq olmamalıdır. Cərrah çox qazansın deyə, daha çox adamı əməliyyat edə bilməz. İstər Transplantoloq cərrah, adi cərrah, istər terapevt olsun, kifayət qədər maaş verirlər ki, normal həyat tərzi keçirə bilsin. Elə həkimlər var ki, kəşflər, yenilikllər edirlər, patentləşdiribondan da pul qazanırlar.
Yaxşı mütəxəssisin gəliri də yaxşı olur təbii ki. Sistem özü də nəzarət edir. Baxır ki, ümumi cərrahların sayı azalıb, tələbat var, onların maaşını qaldırırlar. Ürək cərrahlarının maaşını artırdılar ki, rezidenturaya tələbələr çox gəlsin.

– Bəs sizin ildə bir neçə dəfə Azərbaycana gələrək, xəstə qəbul edib, əməliyyatlar etmək fikriniz varmı?

– Mən Amerikada olsam da, işimlə bağlı heç boş vaxtım olmasa belə, bir azərbaycanlı kimi həmvətənlərimə hər hansı bir yolla köməyimi edirəm. Müraciət edirlər, telefonla danışırlar, onlayn məsləhətlər verirəm. Əgər vaxtım olsa, fikrimdə də var ki, Azərbaycanda xəstələri əməliyyat edim. Burda da dostlar, xəstəxanalar var. Mən təkliflərə açığam, köməklik etməyə hazıram.

Məni düşündürən digər məsələ azərbaycanlı tələbələrə kömək etməkdir. Ona görə ABŞ-da məsləkdaşlarla Azərbaycan-Amerika Tibb Assosiasiyasını yaratdıq. Məqsədimiz həm amerikalı tibb işçiləri ilə azərbaycanlı tibb işçilərini bir platformada birləşdirmək, həm də Azərbaycandan olan gənc həkimlərin Amerikada təhsil alması, rezidenturası üçün dəstək verməkdir. Müxtəlif tədbirlər keçiririk. Azərbaycandan Amerikada rezidentura keçmək istəyən tələbələr üçün proqram hazırlayırıq. Orda rezidentura keçən şəxsə ildə 50.000 dollar maaş verilir və bu da Amerikada yaşamaq üçün kifayətdir.

Azərbaycanda tibbi oxuyan bir insan üçün Amerikaya getmək şansı var, imtahanlardan keçmək çətin olsa da mümkündür. Ona görə burda kurslar təşkil etmək istəyirik. Hətta, biz Amerikada olan azərbaycanlılara təqaüd ayırdıq, bir ən yaxşı tələbəni pulsuz seçib Amerikaya getməsini təşkil etdik. İmtahanlar pulladır, təxminən 1000-1500 dollar arası dəyişir. Total olaraq 5 imtahandır. Ən qısa olaraq 2-3 ilə keçə bilər. Bir xanım tələbə bu şansı qazandı. Məqsədimiz imkansız, amma savadlı gənc həkimləri seçməkdir.

-Azərbaycan Tibb Universitetində 6 il oxuyan tələbə üçün o imtahanlardan keçmək niyə çətindir? Yəni təhsil sistemi bu qədər fərqlidir?

– Bəli, Azərbaycanda postsovet səhiyyə sisteminə aid proqramlar tədris olduğu üçün tamam fərqlidir. Təəssüf ki, burda hələ də çoxdan əhəmiyyətini itirmiş rus kitablarından istifadə edirlər. Bu illər ərzində oxuduqları demək olar ki, orada yoxdur.

– Deməli, tələbənin 6 il ATU-da təhsilə, 2-3 il Amerikaya rezidenturaya imtahana vaxtı gedir, sonra orda 2 il rezidentura. 30 yaşına çatdı, hələ həkim deyil. Amma bizdə 28 yaşında baş həkim, 30 yaşında estetik cərrahlar var ki, günə 3-5 əməliyyat edir. Həkim olmaq Amerikada bu qədər çətin ikən bizdə niyə bu qədər asandır?

– Ona görə də keyfiyyət olmur. Amerikada 28 yaşında hələ tibbi oxuyurlar. Orda tibb universitetinə daxil olmaq ikincili təhsildir. Bakalavr təhsilini bitirir, sonra tibbi seçir. 17-18 yaşında tibbə daxil olmurlar. Ən yaxşı halda 25 yaşından başlayır və 33 yaşında rezidentura oxuyurlar. 35 yaşından artıq normal xəstə qəbul edib əməliyyatlar etməyə icazə verilir. Orda tibb universitetini bitirənə nəinki əməliyyat, heç xəstəni müayinə etməyə belə icazə verməzlər. Tibb təhsili bu qədər çətindir və belə də olmalıdır. Tibbə təsadüfi adamlar gələ bilməz.

Məsələn, bir faktı deyim, bizim klinikalarda dəhlizdə və klinikada divara vurulan dezinfeksiya edici məhluldan az istifadə edilir. Ancaq o tələb qoyulur ki, ayağınıza baxıl geyinin. Xaricdə baxıl yoxdur. Xəstəxana daxili infeksiyalar daha çox əllə yayılır, ayaqqabı ilə yox. Həkim hətta öz həmkarı ilə görüşsə də xəstəyə baxmazdan əvvəl əllərini dezinfeksiya etməlidir. Müayinədən dərhal sonra da əllərini dezinfeksiya etməlisən. Adi bu qaydaya əməl etməsən, bu, artıq nöqsandır. Bizdə heç xəstə fikir vermir ki, həkim əllərini yudu ya yox. Həkim xəstəyə baxır, zəng gəlir, telefona əl vurur, sonra yenə müayinəyə davam edir. Artıq telefondan mikrob, infeksiya keçə bilər.

O imtahanlar ona görə çətindir ki, bu kimi məqamlar çoxdur. Adi xəstəyə neçə dəqiqə vaxt ayırmalısan, necə söhbət etməlisən. Xəstə ilə necə salamlaşmalısan.

Həkim xəstəyə ən azı 25 dəqiqə vaxt ayırmalıdır. Xəstədən anamnez toplanmalıdır. Xəstə ilə mümkün qədər çox danışmalı, izah etməlisən. Əgər xəstəyə 25 dəqiqədən az vaxt ayırmırsansa, xəstə şikayət edə bilər. Deməli, xəstəyə yaxşı baxmamısan.

– Belə çıxır ki, burda artıq bir klinikada işləyən həkim, hətta yaxşı əməliyyatlar edən bir cərrah Amerikaya getsə, həkim kimi işləyə bilməz?

– Xeyr, heç vaxt. Nəinki həkim, heç tibb bacısı da işləyə bilməz. Amerika tibb sisteminin qanunlarını öyrənməlisən. Amerika öz xəstə vətəndaşını asanlıqla hər “mənən-mənəm” deyən cərraha etibar edə bilməz. Hətta ən məşhur, adlı-sanlı cərrah olsun, uzman olsun, Amerkada ona xəstə verməyəcək. Sistemin standartlarına cavab verməlisən, bu da imtahanlardan başlayır.

– İmkanınız olsa, Azərbaycan səhiyyəsində nələri dəyişmək istərdiniz? Amerika səhiyyəsinə çatmağa şansımız varmı?

– Mənim yadıma düşür, sovet səhiyyəsi lap bərbad idi. İndiki neqativlərin çoxu sovetdən qalıb. Dəyişmək lazımdır. Sovetdə xəstədən həkimin pul almasının səbəbi nə idi? Həkimin maaşı. Bu gün də eyni vəziyyətdir. İstər baş həkim, istər adi tibb bacısı kifayət qədər maaş almır. Pul xəstədən gəlir. Həkimin maaşını artırmaq barədə illərdir bir addım atılmır. Həkim ələ baxmamalıdır. Çox əməliyyat edim qazanım, az əməliyyat etsəm ac qalacam düşünməməlidir. Təbii ki, o zaman yeri gəldi gəlmədi hər xəstəni əməliyyata salmaq istəyəcək.

Bu səbəblər ölkənin bu sistemə alışa bilməyən, düşünən beyinlərinin xaricə axın etməsinə səbəb olur. Mənim tanıdığım çox istedadlı insanlar, hətta bir məktəbdə oxuduğum intellektual, savadlı kadrlar bu gün Azərbaycanda deyillər. Kimya, fiziki biologiya üzrə olimpiadaların qalibi olan beyinlər ölkədə qalmayıb. Azərbaycan seçilmişlərini itirir. Bu məni çox incidir. Bu beyinlərə ölkədə mühit yaratmaq lazımdır. Sistem uyğun olsa, onların hamısı qayıdar. Niyə mən həyatımın ən məhsuldar dövrünü vətənim üçün sərf etməyim? Niyə Azərbaycanın gələcək cərrahlarını yetişdirməyim? Bizim indi Amerika, Almaniyada işləyən vaxtımız deyil.

– Rauf doktor, orqan köçürmə dedikdə filmlərdə, seriallarda rast gəldiyimiz qorxulu səhnələr yada düşür. Bir mafiya qrupu uşaqları oğurlayır, ya kimisə öldürüb orqanlarını çıxarır, satır. Bəzən bir uşaq yoxa çıxanda valideynlər qorxur ki, birdən orqanlarını satarlar. Yəni bunlar realdırmı? Bu qədər orqan kimlərə satılır, necə aparılır?

– Amerika və Avropada belə bir şey yoxdur. Orda orqanın kimdən, harda necə çıxarılmasından köçürülməsinə qədər keçdiyi yol ciddi sənədləşdirilir. Orda belə bir işlə məşğul olan həkimi dərhal cinayətkar kimi həbs edərlər. Amma belə hadisələr olur, inkar etmirəm. Üçüncü dərəcəli, postsovet ölkələrində ola bilər. Adamı oğurlayıb zirzəmidə orqanını çıxarıb, buzun içinə qoyub daşımaq kimi fikirlər uydurmadır. Çünki, orqanı da cərrah çıxarıb, xüsusi şərtlərlə, qaydalarla hazırlayıb, daşımalıdır.

1-2 il əvvəl mətbuatda informasiya yayıldı. Afrikadan, ərəb ölkələrindən qaçqınlar Avropaya gedirdilər. Kipr və İtaliyada bir mafiya var idi, onlar qaçqınlardan orqanlar alırmışlar. Müəyyən bir məbləğ ödəyir və ya Avropaya keçirtmək vədi verirdilər. Çox qaçqın da buna razılaşmışdı. Təbii ki, öldürməmişdilər, insanlar özləri razı olmuşdu. Misirdən cərrahlar da cəlb etmişdilər. Orda gizli klinika yaratmışdılar. Sonradan o orqanları satıblar.
Dünyanın transplantasiya cəmiyyətlərinin rəhbərləri birgə bəyanat verərək, cərrahları bu işlərdən çəkinməyə çağırdılar. Cərrahın kriminal proseslərə qoşulması ağır cinayətdir.

Bir neçə il əvvəl Azərbaycan, Türkiyə, Ukrayna və İsrail daxil olmaqla Transplansitasiya turizmi deyilən bir işin də üstü açılmışdı. Donorları Azərbaycana gətirmişdilər, resipiyentlər də Azərbaycana gəlmişdilər. Cərrahlar da Ukrayna və Türkiyədən gəlib burada əməliyyat etmişdilər. Bu işin üstü açıldı, cərrahlar tutuldu. Daha o həkimlər ömür boyu cərrah kimi çalışa bilməz. Gürcüstanda da belə hadisələr olub. Kriminalın sonu yoxdur. Hətta milyonlar verilsə də, bir cərrah kimi buna razı olmaram.

Son 8 ildə Azərbaycanda doğulan uşaqların sayının azalması narahatlıq doğurmaya bilməz. 2011-ci illə 2017-ci ili müqayisə etsək, doğulan uşaqların sayı 18 faizə qədər azalıb. Bu ilin 9 ayının statistikası da azalma tendensiyasının davam etdiyini göstərir. Hələlik əhalinin ümumi sayında təbii artım olsa da, doğulan uşaqların sayında azalma növbəti illərdə də davam edərsə, demoqrafik böhran qaçılmaz olacaq. Bəs demoqrafik böhranla üzləşməməyimiz üçün hökumət və müvafiq qurumlar hansı addımları atır? BakuPost məsələ ilə əlaqədar bu sahə ilə bilavasitə məşğul olan, tədqiqatlar aparan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Suallarımızı cavablandıran Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova demoqrafik böhran təhlükəsinin aradan qaldırılması üçün görülən və görüləcək işlərdən danışır…

– Son illərə nəzər salsaq, Azərbaycanda doğulan uşaqların sayı necə dəyişir?

– Demoqrafik proseslərin 3 əsas sütunu var. Bunlar ölüm, doğum və miqrasiyadır. Bu amillərin hər biri bu və ya digər ölkənin, cəmiyyətin demoqrafiya proseslərinin yüksəlişə, yaxud tənəzzülə doğru getdiyini bizə əyani şəkildə göstərir. Hər bir ölkə, dövlət çalışır ki, ölüm, doğum və miqrasiya məsələlərini diqqətdə saxlasın, cəmiyyətdə disbalans yaranmasın. Bu gün dünyanın bir çox ölkələrində doğulan uşaqların sayının azalması aktual məsələ kimi diqqətdədir. Təəssüflər olsun ki, Azərbaycan da bu proseslərdən kənarda deyil. Son 8 ilin statistikasına nəzər yetirsək, doğulan uşaqların sayı azalma dinamikası üzrə gedir. Əgər 2011-ci ildə 176 mindən çox uşaq doğulmuşdusa, 2017-ci ildə doğulan uşaqların sayı 144 min 41 nəfər olub. Bu ilin 9 ayında isə 103 min uşaq dünyaya gəlib. Bu rəqəmlərin özü də deməyə əsas verir ki, ölkədə doğulan uşaqların sayında azalma dinamikası müşahidə olunur.

– Doğulan uşaqların sayında müşahidə olunan azalma dinamikasının səbəbləri nədir?

– Hər şeydən əvvəl öncə onu demək istəyirəm ki, hazırda demoqrafik nöqteyi-nəzərdən əhalinin sayında müsbət tendensiya müşahidə olunur. Çünki ölüm və doğum faktlarının biri digərini izləməsi və müşayiət etməsi təbii artımın hələ də qaldığını göstərir. Yəni doğum halının azalması müşayiət olunsa da, bu, orta səviyyədədir. Ona görə də bütövlükdə əhalinin sayında artım müşahidə olunur. Hələ ki, Azərbaycanda demoqrafik proseslərdə bir gərginlik yaşanmır.

Doğulan uşaqların sayının azalması səbəblərinə gəlincə, Dövlət Komitəsi bu sahədə araşdırmalar aparıb. Hansı nəticələrə gəlmişik? Bunun müxtəlif səbəbləri var. İlk öncə zamanın gətirdiyi yeni dəyərləri, insanların ailəyə və ailədə uşaqların sayına münasibətinin dəyişməsini qeyd etməliyik. Yəni valideynlərin neçə uşaq dünyaya gətirə bilməsi və o uşaqları böyüdə bilməsi məsələsinə yanaşmadan söhbət gedir.

İkinci səbəb həm qadınlar, həm də kişilər arasında sağlam yaşama mədəniyyətinə, öz sağlamlığına xüsusi diqqət yetirməyə bir qədər məsuliyyətsiz yanaşma ilə bağlıdır. Bu da sonda reproduktiv sağlamlığa ciddi zərbələr vurur, nəticədə ailələrin nəsil artırma qabiliyyəti zəifləyir. Elə faktlar olur ki, ailədə bir, yaxud iki uşaq dünyaya gəlir, sonra valideynlər istəsə də belə, onların reproduktiv sağlamlıqları növbəti uşaq dünyaya gətirməyə imkan vermir. Digər məqam odur ki, qadın uşaq dünyaya gətirəndən sonra elə psixoloji sarsıntı yaşayır, yaxud orqanizmi, sağlamlığı elə zərbələr alır ki, həkimlər tibbi göstərişlərə əsasən onun yenidən ana olmasına qadağa qoyur.

Başqa bir səbəb ekoloji, qida təhlükəsizliyi ilə bağlıdır. Bu gün qidalanma mədəniyyəti, təmiz hava problemi də insan sağlamlığına təsirsiz ötüşmür. Bu da insanların nəsilartıma qabiliyyətinə təsir göstərir. O amillərin həmin anda sağlamlığımıza təsirini görmürük. Amma bu amillərin təsiri ilə ildən ilə orqanizmdə gedən dəyişikliklər reproduktiv sağlamlığa öz təsirini göstərir.

Ancaq biz ilk növbədə insanların ailə qurmağa münasibətinin dəyişməsi məsələsini qeyd etməliyik. İstər qadın, istər kişi olsun, bu gün cəmiyyətdə özünü təsdiq etmək istiqamətində bir mübarizə var. İnsanlar karyera qurmaq, təhsil almaq, daha yaxşı işlə təmin olunmaq istəyirlər. Digər tərəfdən, zaman tələb edir ki, bu gün doğulan uşağa təhsil, sağlam inkişaf nöqteyi-nəzərdən böyük kapital qoyulsun. Valideynlər fikirləşir ki, üç, dörd uşağa yox, bir, yaxud iki uşağa daha çox vaxt ayıra, keyfiyyətli təhsil və yaşayış şəraiti təmin edə bilər. Bu, əslində, ailə planlaşdırması ilə bağlı olan məsələdir. Bu gün insanların yanaşması dəyişib. Bu ailə planlaşdırması da dünyaya gələn uşaqların sayına təsir göstərir.

Biz heç bir ailəyə hökm verə, nəzarət həyata keçirə bilmərik. Sadəcə, dövlət ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində siyasət aparır, bu istiqamətdə müxtəlif sosial proqramlar həyata keçirir, kifayət qədər sosial müavinətlər verilir. Məsələn, 5-dən çox uşağı olanlara, 1 yaşlı uşaqlara və müxtəlif təbəqələrə aid ailələrə sosial müavinətlər verilir. Bu gün doğuma təsir edən amillər sırasında insanların məşğulluğunu qeyd edirlər. Amma bu gün Azərbaycanda özünəməşğulluq və “ABAD” proqramları var, bir neçə gün əvvəl DOST layihəsinin də təqdimatı keçirildi. Çoxlu sayda ailələr özünəməşğulluq və ABAD proqramları nəticəsində işlə təmin olunub, gəlirləri çoxalıb. Bunlar hamısı iqtisadi cəhətdən insanlara çox böyük kömək, dəstəkdir. Biz apardığımız araşdırmalar nəticəsində görürük ki, iqtisadi amil ailədə uşaqların sayına təsir edən əsas amil deyil. Baxırıq ki, iqtisadi cəhətdən çox yüksək təmin olunmuş ailələr var ki, 1, yaxud 2 uşaqları var. Amma iqtisadi cəhətdən orta səviyyədə, yaxud zəif təmin olunmuş kasıb ailələrdə əksinə, uşaqların sayı daha çoxdur. Başqa sözlə, iqtisadi amilin bu və ya digər formada təsiri olsa da, əsas amil deyil. Dünyaya gələn uşağa münasibət, qayğı, valideyn üzərində hansı məsuliyyəti hiss edir, bunlar əsas amillərdir.

Sosial müavinətlərin hər il artırılması istiqamətində də addımlar atılır. Bu yaxınlarda da 2019-cu il büdcə müzakirələri zamanı həm Dövlət Komitəsi, həm millət vəkilləri, həm də digər dövlət qurumları tərəfindən məsələ qaldırıldı ki, doğuşa görə analara verilən birdəfəlik müavinətin məbləği, uşaq pulları artırılsın. Bu məsələlər həllini tapacaq və insanlar bu istiqamətlərdə artımı da artıq hiss edirlər. Amma bununla yanaşı, uşaqların sayına əsas təsir göstərən amil insanların, ailənin, valideynin öz yanaşmasıdır.

– Komitə bu yanaşmanın aradan qaldırılması istiqamətində hansı işləri görür?

– Biz Komitə olaraq insanları maarifləndiririk. Hətta psixoloqlarımızı dəvət edirik ki, valideynlərə təkuşaqlı ailələrdə uşaqların eqoist böyüdüyünü, paylaşmağı, başqalarının sevincinə şərik olmağı bacarmadığını, zəif, kompleksli olduqlarını izah etsinlər.

KİV-in maarifləndirmə istiqamətində rolu çox vacibdir. Biz tərəfdarıyıq ki, hər bir jurnalist bu və digər məsələni bir alov kimi yox, bir problem kimi versin, insanları düşündürsün. İnsanları fikirləşməyə məcbur etsin ki, nə üçün uşaqlarımın sayı azdır, niyə qız övladlarıma belə tərbiyə vermişəm. Təəssüflər olsun ki, elə xəbərlərə, verilişlərə rast gəlirik ki, insanlar ailədə çox uşağın olmasından diksinir, qorxurlar. Düşünürlər ki, nə yaxşı ki, bir uşağı var, bir uşaq bəs edir. Tutaq ki, verilişdə 3-4 uşağı olan ailə göstərilir, uşaqların hərəsinin də bir xəstəliyi, problemi var. Amma o qədər nümunəvi çoxuşaqlı ailələrimiz var ki! Uşaqlarının hamısı ali təhsil alıb, hansısa peşə sahibləridir, bu gün cəmiyyətdə yüksək mövqelərdədirlər. Belə ailələrin təbliği ailələrdə daha çox uşağın dünyaya gətirilməsi yönündə stimullaşdırıcı rol oynayır. Biz bu istiqamətdə maarifləndirmə aparırıq, ən yaxın dostumuz da KİV-dir.

– Ölkədə doğuş hansı səviyyəyə düşsə, bu, kritik hədd olacaq?

– Bu gün biz nəsilvermə əmsalına baxsaq, azalma dinamikası var. Təbii artım olsa da, bu artımda da azalma dinamikasını müşahidə edirik. Araşdırma nəticəsində bununla bağlı çoxlu sayda səbəbləri də üzə çıxarırıq. Aidiyyəti üzrə çoxlu sayda layihələr, təkliflər paketi hazırlanaraq hökumətə təklif olunur ki, növbəti 10, 20 il üçün müəyyən işlər görülməsə, hansı demoqrafik çətinliklərlə üz-üzə qala bilərik. Həm dövlət başçısı, həm hökumət bütün bu təkliflər paketini, hazırladığımız hesabatları nəzərdən keçirir və bunlar yeni qəbul olunmuş sənədlərdə öz əksini tapır. Məsələn, “Azərbaycan 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında bir sıra sənədlərin hazırlanması tapşırıq kimi qarşıya qoyulub. Məsələn, bu sırada Azərbaycan Ailəsi Strategiyası, Uşaq Strategiyası var. Bunlar həm də birbaşa həmin məsələlərə hesablanmış sənədlərdir. Bu sənədlərdə də tədbirlər planı əksini tapıb.

Biz oktyabr ayında doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının ictimai təqdimatını keçirdik. Bu da vacib bir sənəddir. Yaxud 12 istiqamət üzrə strateji yol xəritəsi təsdiqlənib. Burada da əhalinin məşğulluğu, sağlamlığı öz əksini tapıb. Azərbaycan 193 ölkə kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də qoşulub, 2016-cı ildən 2030-cu ilə qədər, yəni 15 il ərzində bizim qarşımızda bir sıra vəzifələr qoyulub. Bunlardan biri yoxsulluğun azalması ilə bağlıdır. Bu, Azərbaycan üçün problem deyil, amma biz yenə də o istiqamətdə iş aparırıq. Qidalanma, təmiz hava, gender bərabərliyi, ana və uşaq sağlamlığı, təhsilə əlçatanlıq da daxil olmaqla, qarşımızda 17 məqsəd var. Azərbaycan hökuməti bu məqsədlərin məsuliyyətini daşıyır. Bununla bağlı hər bir müvafiq dövlət qurumunun qarşısında vəzifələr var. Bu vəzifələri yerinə yetirməliyik ki, sonda dediyimiz məqsədlərə çataq.

Burada həm də aidiyyəti dövlət qurumlarının əməkdaşlığından, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıqdan söhbət gedir. Çünki inkişaf etmiş ölkələrin təcrübələrini öyrənmək və Azərbaycan mühitinə uyğun təcrübələrin seçilərək tətbiq olunması da çox vacib məsələlərdir. Biz bu istiqamətdə beynəlxalq təşkilatlarla və vətəndaş cəmiyyəti ilə böyük işlər görürük. Artıq kommersiya müəssisələri də bu məsələdə çox böyük fəallıq göstərirlər. Bu yaxınlarda Dövlət Komitəsi və “Kapital Bank” arasında bir memorandum imzalandı və uşaqların zərərli informasiyalardan qorumaq, internet təhlükəsizliyini qorumaqla bağlı bir layihəyə start verdik. Digər qurumları ilə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq memorandumlarımız, birgə tədbirlər planımız var. Bütün bunlar ona görədir ki, vətəndaşların problemlərini zamanında aşkarlayaq, hökumətə zamanında düzgün təklif layihələri təqdim edək. Beləliklə, qanunvericilikdə müvafiq dəyişikliklərə nail olaq ki, onların əsasında icra mexanizmləri hazırlansın.

Həm Prezident, həm Birinci Vitse-Prezidentin bu məsələyə xüsusi diqqəti var. Ümid edirik ki, 2030-cu ilə qədər həm demoqrafik, həm də insan hüquqları nöqteyi-nəzərindən öz hədəflərimizə çatmağı bacaracağıq.

– Əgər bu səylər nəticə verməsə, doğuşun səviyyəsinin azalması tendensiyası davam etsə, bu gedişatla hansı illərdə demoqrafik böhranla üzləşə bilərik?

– Bizim məqsədimiz 2030-u ilə qədər bizim üçün kritik məsələləri aradan qaldırmaqdır. Biz 2013- 2014-cü illərdən bu problemi görür, araşdırırdıq, müəyyən təhlillərimiz vardı, hökumət qarşısında məsələlər qoyurduq. 2012-2013-cü illərdə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birlikdə doğulan uşaqlar arasında cins nisbətinin pozulması ilə bağlı ilk dəfə tədqiqat həyata keçirdi, nəticələrini ictimaiyyətə təqdim etdik. Ana və uşağın sağlamlığı və mühafizəsinə dair yeni Dövlət Proqramı qəbul edildi. Eyni zamanda irsi xəstəliklərin qarşısının alınması, talassemiya və hemofiliya ilə mübarizə dair Dövlət Proqramı qəbul edildi. Qanunvericilikdə bu xəstəliklərin qarşısının alınması və insanların maarifləndirilməsi üçün nikahdan öncə cütlüklərin məcburi qaydada tibbi müayinədən keçməsi əksini tapdı. Nikahdan əvvəl hər qız, həm də oğlana izah edilir ki, əgər hansısa xəstəlikləri varsa, bu müalicələri keçdikdən sonra uşaqları xəstə doğulmaz.

İnanıram ki, yaxın zamanlarda qəbul edəcəyimiz sənədlər və əhalinin məşğulluğunun artırılması, təhsilə əlçatanlığın daha da gücləndirilməsi, insanların maarifləndirilməsi müsbət nəticələr verəcək. Bu nəticələr həmin o kritik anı yaşamamağımıza gətirib çıxaracaq. Bizim gözləntilərimiz pozitivdir. Bir məqamı da qeyd edim. 2019-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq. Əhalinin siyahıya alınması bizə əsas verəcək ki, növbəti 10 il üçün qarşımızda duran prioritetləri, vəzifələri müəyyənləşdirək, hansı proqramların, sənədlərin qəbul edilməli olduğunu dəqiqləşdirək. Çünki bir prosesi həyata keçirmək üçün ilk növbədə qanunvericilik bazası olmalıdır. Hədəf 2030-cu il, növbəti hədəf isə 2050-ci ildir. 2030-cu ilə qədər bəlkə də 1, yaxud 2 dəfə demoqrafiya sahəsində böhranlı vəziyyətlər ola bilər, amma bütövlükdə 2030-cu ilə müsbət nəticələrin daha çox olacağına inanıram.

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …