Baş səhifə / Cəmiyyət / Türkiyənin səfiri: “Sizə rəsmi məlumat verirəm: Ermənistandan Türkiyəyə TİR keçməsi mümkün deyil”

Türkiyənin səfiri: “Sizə rəsmi məlumat verirəm: Ermənistandan Türkiyəyə TİR keçməsi mümkün deyil”

Erkan Özoral: “Bu cür xəbərlər, məlumatlar yayılırsa, mütləq hansısa məqsəd güdür”

Ermənistana məxsus yük maşınlarının Türkiyə ərazisinə daxil olması barədə mətbuatda yayılan məlumatlar bir neçə gündür müzakirə olunmaqdadır. Türkiyənin Azərbaycandakı səfirliyi bununla bağlı təkzib versə də, mövzuya nöqtə qoyulmayıb.

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey “Yeni Müsavat”a açıqlamasında da deyib ki, Trabzondakı mənbələri ona bununla bağlı məlumatlar veriblər və hətta onlardan foto-video faktlar da gözləyir.

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoral “Yeni Müsavat”ın suallarını cavablandırdı.

-Erkan bəy, Ermənistana məxsus TIR-ların Trabzon limanına daxil olması barədə xəbərləri təkzib etsəniz də, iddialara son qoyulmur. Yəqin ki, məsələ ilə bağlı siz də araşdırmalarınızı davam etdirirsiniz. Bu barədə nə deyə bilərsiniz?

-Ermənistan TIR-larının indiki vaxtda Türkiyədən keçməsi mümkün deyil. Bu, müzakirə mövzusu belə ola bilməz. Yayılan xəbərdə deyilir ki, Tiflisdəki Türkiyə səfirliyindən yük maşınlarının işləməsi üçün icazə alıblar. Tiflisdəki Türkiyə səfirliyindən Ermənistan vətəndaşlarına çalışma icazəsinin verilməsi məsələsi müzakirə mövzusu deyil. Belə bir şey mümkünsüzdür. Bu mövzuda söylənilən ifadələrin hamısı yalandır.

-Biz bu barədə məlumatı ictimailəşdirən ASİMDER rəhbəri Göksel Gülbeylə də danışdıq. O bildirdi ki, Trabzondakı dostları ona Ermənistan nömrəli yük maşınların ölkə ərazisinə keçdiyini deyiblər…

-Yalan deyir! Hansı dostlar, hansı arkadaşlarla danışıb? Mən sizə rəsmi məlumat verirəm.

-Bəs, Türkiyə ərazisindən tranzit kimi istifadə oluna bilərmi?

-Mümkün deyil!

-Yeri gəlmişkən, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın növbəti dəfə bəyan etdi ki, Ermənistan Azərbaycan torrpaqlarını işğaldan azad etməlidir.

-Əlbəttə. Azərbaycan torpaqları azad edilməlidir. Mən də bu barədə xəbərləri gördüm. Çox doğru söyləyir, Türkiyənin mövqeyi budur.

-Sizə elə gəlmirmi ki, hansısa qüvvələr Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək, bu münasibətləri pozmaq istəyirlər?

-Bizim mövqeyimiz açıqdır. Heç kəs bizim münasibətlərimizə xələl gətirə bilməz. Rəsmi səviyyədən kənar açıqlamalara, bəyanatlara kimsə etibar etməz.

-Hörmətli səfir, fürsət düşmüşkən, sizdən bir sıra digər məsələlərə də münasibət soruşum. Türkiyə-Rusiya əlaqələrinin getdikcə yaxşılaşması Qarabağ məsələsinin həllinə nə dərəcədə yardım edə bilər?

-Əlbəttə, Türkiyə ilə Rusiya arasındakı təmaslarda bu mövzu müzakirə olunur. Bununla bağlı görüşlər keçirilir. Bizim bütün məqsədimiz Qarabağ məsələsində əlimizdən gələnləri edib, bu mövzuda artıq addım atılmasına nail olmaqdır. Rusiya ilə təmaslarımızda da bu istiqamətdə çalışırıq. Mütləq bu çalışmaların nəticəsi olacaq deyə, gözləyirik.

-Səhv etmirəmsə, Türkiyə və Rusiya prezidentlərinin bu günlərdə keçirilən görüşündə Qarabağ məsələsinə toxunulmadı. Yoxsa müzakirələr olub, sadəcə media məlumatsız qalıb?

-O mövzuda mənə bir məlumat gəlmədi ki, doğrudan danışıldı, ya danışılmadı. Amma Qarabağ bizim hər zaman gündəmimizdədir. Rusiya ilə münasibətlərimizdə də hər zaman gündəmimizdə olan bir mövzudur. Çünki Azərbaycanın yarası bizim də yaramızdır. Ona görə də bu yaranın sağalması üçün biz əlimizdən gələni hər zaman edirik.

-Görünən budur ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında çox maraqlıdır. Xüsusilə də İran ətrafında yaşanan vəziyyət erməniləri ciddi narahat edib, onlar İran nəfəsliyinin qapanacağından ehtiyatlanıb alternativlər axtarırlar…

-Təbii ki, ermənilər sərhədlərin açılmasını istəyirlər. Zatən bunu bəyan da edirlər. Biz də istəyirik. Yaxşı qonşuluq, dostluq bunu tələb edir. Amma qardaşımızın torpaqları işğal altındaykən biz sərhədimizi açmarıq, kimsə qüsura baxmasın!

-Erkan bəy, 2009-cu ilin Sürix protokolları hər birimizi narahat etmişdi. Necə bilirsiniz, hansısa güc mərkəzləri o protokolları yenidən masa üzərinə qoya bilərlərmi?

-Elşad bəy, o, 2009-da qalmış məsələdir. Artıq bizim bu məsələlərə necə geri dönəcəyimizi, sərhədlərimizi hansı şərtlərlə açacağımızı hörmətli cümhurbaşqanımız da açıqladı. Bundan başqa bir şey düşünmək doğru deyil.

-Bu ilin əvvəlində belə məlumatlar yayılmışdı ki, Türkiyə Ermənistanla sərhədlərini möhkəmləndirir. Həmin günlərdə PKK-çıların Ermənistandan Türkiyəyə keçidi ilə bağlı da xəbərlər var idi. Ermənistanın öz ərazisində, həmçinin işğal altındakı Azərbaycan ərazilərində PKK-çıların təlim bazalarını yaratdıqları barədə uxun illərdir xəbərlər yayılır. Bu məsələyə Türkiyənin cavabı nə olacaq?

-Əlbəttə, bu cür fəaliyyətlər Türkiyəni narahat edəcək. Harada olursa-olsun, Ermənistanda olmasın, Argentinada olsun, biz bundan təbii ki, narahatlıq duyacağıq. Bu, bizə narahatlıq yaradır. Odur ki, bu təhlükələri önləmək üçün mümkün olan hər şeyi xərclərik. Baxın, Türkiyə bu gün Suriyanın şimalında əməliyyatlar həyata keçirir, terrorla mücadiləni Türkiyənin daxilində və xaricində israrla davam etdirir. Ona görə də terrorçular harada olursa-olsun, aşkarlandıqları hər yerdə onlara qarşı mübarizə aparacağıq.

-Türkiyə dövləti günün birində Ermınistanda kök salmış, yaxud Qarabağda yerləşdirilmiş PKK-çılara qarşı əməliyyatlar keçirə bilərmi?

-İndi ehtimallar üzərində danışmaq doğru olmaz. Zamanı gələndə terrorla mücadilədə nə tələb olunacaqsa, o addımlar atılacaq. Bu addımlar atılır, siz də bunu görürsünüz. Mən sadəcə bunu deyim ki, Türkiyə qonşuları ilə barış içində, dostcasına yaşamaq istəyən bir ölkədir. Azərbaycan da eyni şəkildə. Azərbaycan da bizim qardaşımızdır. Bu iki ölkə bölgədə barışa hakim olmaq üçün səy göstərir.

-Erkan bəy, Qarabağ separatçısı Bako Saakyanın Fransa və ABŞ-a viza almasını, bu ölkələrdə görüşlər keçirməsinə Türkiyə dövlətinin münasibəti necədir?

-Birincisi, bilirsiniz ki, Türkiyə Dağıq Qarabağda elan edilmiş bu saxta, qanunsuz “dövlət”i tanımır. Bununla bağlı da biz üzərimizə düşəni edirik. Azərbaycanla Türkiyənin baxışı eynidir. Azərbaycan nə düşünürsə, Türkiyə də onu düşünür.

-Erkan bəy, yəqin siz də yaxşı bilirsiniz ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən ölkədir…

-Əlbəttə. Ermənistanın gerbində Ağrı dağının əksi var. Bundan əlavə, konstitusiyanın giriş bölümündə Türkiyə torpaqlarına “Qərbi Ermənistan” yazıblar. Odur ki, “Qərbi Ermənistan”ı da istəyirlər.

-Elə bu yaxınlarda rusiyalı ekspertlərdən biri Ermənistanın adının dəyişdirilməsini təklif etmişdi. İddia olunmuşdu ki, Ermənistan ərazilərinin böyük hissəsi Türkiyə ərazisindədir. Türkiyə bu məsələnin fərqindədirmi?

-Əlbəttə, fərqindədir. Eyni zamanda Türkiyəyə qarşı saxta “erməni soyqırımı” iddiaları da davam edir.

-Deməli, bütün bunlar Azərbaycan və Türkiyənin erməni iddialarına qarşı birgə fəaliyyətini daha da zəruri edir, elə deyilmi?

-Təbii ki.

-Söhbətimizin yekununda sərhəd məsələsi ilə bağlı Azərbaycan vətəndaşlarına demək istədiyiniz əlavə sözlər varmı?

-Bizim prezidentimiz ən yüksək səviyyədə açıqladı. Hətta 15 sentyabrda, sonuncu səfərində “qardaşlarımızın torpaqları işğal altındaykən heç kimsə bizdən belə bir şey gözləməsin”- deyə, açıq şəkildə bəyan etdi. Ona görə də rəsmi olmayan heç bir sözə, fikrə, söyləntiyə heç kim qulaq asmasın! Bu cür xəbərlər, məlumatlar yayılırsa, mütləq hansısa məqsəd güdür. Bilin ki, bunlar doğru deyil.

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …