Baş səhifə / Cəmiyyət / Girov ailələri: “Onlardan nə qalıb ki, nə də geri qaytaralar?!”

Girov ailələri: “Onlardan nə qalıb ki, nə də geri qaytaralar?!”

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan mətbuata açıqlamasında bildirib ki, Azərbaycan tərəfi erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb edir. Paşinyan bu etirafı Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı aksiyasına münasibət bildirərkən edib.

Modern.az məsələ ilə bağlı girov ailələrinin də mövqeyini öyrənib.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Azərbaycan tərəfindən edilən təklifdən xəbərdar olduğunu bildirib:

“Məndə olan məlumata görə, Azərbaycan “hamını hamıya” prinsipilə bütün əsir və girovların dəyişdirilməsi təklifini irəli sürüb. Mətbuatdan oxudum ki, Paşinyan onların əlində olan azərbaycanlıları geri qaytarmaq istəmir.

Amma mən inanıram və əminəm ki, ölkə başçımızın apardığı uğurlu siyasət nəticəsində atam gec-tez erməni girovluğundan azad ediləcək”.

K.Əsgərov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi mütəmadi olaraq saxlanılan şəxslərə baş çəkir:

“Onlar atama və digərlərinə baş çəkirlər. Bu barədə bizə verilən məlumat əsasında xəbər tuturuq. Amma əfsuslar olsun ki, bir ildir atamdan rəsmi şəkildə məlumat ala bilmirəm. Komitənin əməkdaşları şifahi şəkildə onun yaxşı olduğunu bildirirlər. Onların bildirdiyinə görə, atamın səhhəti normaldır. Mən özüm atama məktub yazıram, amma ondan cavab gəlmir. Qırmızı Xaç Komitəsinin prinsiplərinə görə, məktubda yalnız ailə məlumatları ilə bağlı qeydlər ola bilər. Ona görə də hazırda müzakirə olunan məsələ ilə bağlı məktubda yazmamışam.

2017-ci ilin noyabrından indiyədək atamdan məktub almıram. Həm də düşünürəm ki, nə yazsın. Biz ailə haqqında məlumatı yazırıq, o nə yazsın?… Onsuz da yazdıqlarının çoxunu qaralayırlar”.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev də sözügedən məsələ ilə bağlı mətbuatdan oxuduğunu bildirib:

“Ümumiyyətlə, uzun müddətdir sizdən başqa heç kim əlaqə saxlamır. Girovlarımızın qaytarılması ilə bağlı xəbərləri mətbuatdan oxuyuram. Bildiyim odur ki, bizimkilər təklif verib, amma ermənilər razılaşmır. Onsuz da ömür boyu belə olub”.

Ş.Quliyevin qardaşı deyib ki, bir neçə dəfə məktub yazmalarına baxmayaraq, cavab ala bilmirlər:

“Son 5-6 aydır ki, heç bir məlumat ala bilmirik. Qırmızı Xaç Komitəsi deyir ki, nümayəndərlər baş çəkib, görüşüb, amma Şahbaz məktub yazmaq istəməyib”.

Müsahibimiz 5 ilə yaxındır Şuşa türməsində saxlanılan qardaşının geri qaytarılacağına inamının qalmadığını bildirib:

“Onlardan nə qalıb ki, nə də geri qaytaralar?! Onları məhv ediblər. Ona görə də geri qayatarılacaqlarına da inanmıram”.

2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurulub.

“Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı – Elnur Hüseynzadə də girov saxlanılır.

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …