Baş səhifə / Cəmiyyət / Qarabağ separatçılarını tərəf kimi tanımağa hazırlıq gedir – iddia

Qarabağ separatçılarını tərəf kimi tanımağa hazırlıq gedir – iddia

Elxan Şahinoğlu: “Qarabağın azərbaycanlı icmasından qrup formalaşdırıb eyni ölkələrə göndərməliyik”

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlarda qanunsuz rejimin tərəf kimi tanınmasına hazırlığın getdiyi barədə iddialar meydana çıxıb. Separatçı rejimin “rəhbəri” Bako Saakyanın ATƏT Minsk Qrupunun üç həmsədr ölkəsinə – Amerika, Fransa və Rusiyaya son səfərlərinin bu xüsusda təsadüf olmadığı bildirilir.

Saakyanın bu səfərlərinə beynəlxalq aləmin sərgilədiyi susqun mövqe ciddi suallar doğurur. Əslində Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın bu ilin iyununda Dağlıq Qarabağın danışıqlarda tamhüquqlu tərəf kimi iştirakı məsələsini qaldırmasından sonra bu istiqamətdə gedən müzakirələr artmışdı.

Dünən Paşinyan bir daha konfliktə yanaşmada özünün populist, reallıqdan xeyli uzaq olan istəyini ortaya qoyub. “Yeni Müsavat”ın Azadlıq Radiosunun erməni redaksiyasına istinadən verdiyi məlumata görə, seçki kampaniyası çərçivəsində seçicilərlə görüşdə baş nazir əvəzi bəyan edib Dağlıq Qarabağdakı separatçı rejim müstəqil tərəf kimi mütləq birbaşa danışıqlara qoşulmalıdır. Guya bunsuz konfliktin həlli mümkün deyil.

“İndiki məqamda Dağlıq Qarabağın statusunun dəqiqləşməsi vacibdir. Biz Qarabağın danışıqlar stoluna qayıtması məsələsində ardıcıl olacağıq. Dağlıq Qarabağın statusu dəqiqləşmədən nizamlama mümkün deyil, ola bilməz. Və biz deyirik ki, bu məsələdə xalqla hökumətin mövqeyində bir millimetr də fərq yoxdur”, – deyə erməni baş nazir əvəzi yenə özündən razı şəkildə bildirib. Azərbaycan tərəfi isə təbii ki, buna heç vaxt razı olmayacaq.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, erməni separatçılarının lideri Bako Saakyanın ard-arda 3 həmsədr dövlətə (Fransa, ABŞ və Rusiya) səfərə dəvət edilməsi təsadüfi deyil: “Bu 3 dövlətin həmsədrləri bir müddət əvvəl bölgədə olmuşdular. Xankəndində Bako Saakyanla da görüşmüşdülər. Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri barədə fikir mübadiləsi aparılıb. Sadəcə, Bako Saakyanın 3 dövlətə dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır? Söhbət Bako Saakyanın mövqeyinin öyrənilməsindən gedirsə, onsuz da Xankəndində onunla görüşüb istəklərini dinləyirlər. Bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir. Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə, həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın da məqsədi budur. Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın hər 3 səfəri ilə bağlı etiraz bəyanatı ilə çıxış etdi. Əlbəttə, bu bəyanatlar verilməli idi. Ancaq biz yalnız nəticə ilə mübarizə aparmamalıyıq. Separatçıların liderini yenidən harasa dəvət edə bilərlər. Ona viza verib, görüşlərini təşkil edəcəklər. Bu səfərlərdə dünyadakı erməni lobbisinin də rolu böyükdür. Bunun qarşısının alınması yolları barədə düşünməliyik. Erməni separatçılarının lideri böyük ehtimalla həmsədr dövlətlərdəki görüşlərində iki böyük yalandan danışıb. Birincisi, yəqin deyib ki, guya onlar sülh istəyirlər, ancaq Azərbaycan sülhə razı deyil. İkinci yalanı da odur ki, guya o, Dağlıq Qarabağı təmsil edir. Qərbdə buna inananlar tapıla bilər.

Biz Qərb ölkələrinin paytaxtlarında səslənən bu iki yalanla mübarizə aparmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icmasından qrup formalaşdırmalıyıq və həmin qrupu eyni ölkələrə göndərməliyik. Daha sonra başqa dövlətlərə də səfərlər təşkil edilə bilər. Bunun üçün ilk növbədə həmsədr dövlətlərdəki səfirlərimiz Dağlıq Qarabağın azərbaycanlı icmasından formalaşan heyətin görüşlərini planlamalı və təşkil etməlidirlər. Bununla biz bir neçə məqsədə nail olarıq. Birincisi, həm separatçıların liderinin bu ölkələrə səfərlərinin effektini azaltmış olarıq, həm də beynəlxalq aləmə Dağlıq Qarabağda azərbaycanlı icmanın da var olduğunu göstərərik. İkincisi, Qərbin siyasi mərkəzlərinə anladarıq ki, azərbaycanlılar geri qayıtmadan və hüquqları bərpa olunmadan sülh mümkün deyil. Bunu biz edə bilərik. Biri var bunu azərbaycanlı rəsmilər və diplomatlar deyir, biri də var ki, Dağlıq Qarabağdan köçkün düşən, evini və yaxın qohumlarını itirən şəxslər deyir. İkincinin effekti daha böyükdür. Erməni separatçıları ilə üçüncü ölkələrdə polemikadan da çəkinməməliyik. Bizim icmanın nümayəndələri daim onlara sual verməlidirlər ki, onları niyə Qarabağdan didərgin salıblar, qohumlarını qətl ediblər və Dağlıq Qarabağdakı rayonları boşaltmırlar?”

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …