Baş səhifə / Cəmiyyət / Yaxşı qərarları ilin hansı mövsümündə qəbul etmək olar?

Yaxşı qərarları ilin hansı mövsümündə qəbul etmək olar?

Biz böyük qərarlar qəbul etməyə çalışanda bir çoxlarımız bu seçimin üzərində baş sındırırıq.

Əgər həqiqətən də analitik düşüncəyə malikiksə, onda yəqin ki, qərarvermə prosesinin özü barədə də düşünməliyik.

Məsələn, qərarın leyhinə və əleyhinə mülahizələrin siyahısını tutmalıyıq, yoxsa, özümüzü bu qədər əlavə informasiyanın əsiri etməməliyik?

Lakin qərar seçimi ilə yanaşı, biz həm də bu qərarı qəbul etməyin vaxtı barədə düşünürük.

İstər ev almaq olsun, istərsə də karyeranı dəyişmək – yanvar həmişə yeni başlanğıc üçün münasib vaxt kimi görünür.

Bu vaxt bir çoxlarımız məzuniyyətdən qayıtmış olur. Həmin məzuniyyət dövründə sevdiklərimiz və yaxınlarımızla da bu qərarlar barədə danışırıq.

Amma görək yanvar böyük qərarlar qəbul etmək üçün doğrudanmı yaxşı aydır?


Bir çoxlarımız bu qənaətdəyik ki, qışda kefimiz bir az aşağı olur.

Bəzi adamlarda bu hal kəskin forma ala bilər. Mövsümi depressiya (Seasonal affective disorder – SAD) deyilən əhval və ruhi pozuntu şimal ölkələrində xüsusilə geniş yayılıb.

Bir hesabata görə şimal yarımkürəsindəki adamların 10 faizi mövsümi depressiya keçirir.

Bu yaxınlarda İsveçrədə maraqlı bir araşdırmaya yekun vurulub. Eksperimentdə iştirak edən könüllüləri 20 il müddətində müşahidə ediblər. Nəticədə məlum olub ki, ölkə əhalisinin 7, 5 faizi mövsümi depressiyaya mübtəladır.

Simptomlar bizim təsəvvür etdiyimizdən daha uzun müddətdə davam edə bilər.

ABŞ-da aparılmış bir tədqiqatın nəticələrinə görə SAD pozuntusu olanlar bundan ilin 40 faizi ərzində əzab çəkirlər.

Hətta SAD diaqnozu qoyulmayan bir çox adamlar da əmindirlər ki, qış aylarında onların kefi o qədər də kök olmur.


Əhvalınız təkcə özünüzü necə hiss etmənizə yox, həm də qərar qəbul etmək qabiliyyətinizə təsir göstərir.

Digər tərəfdən kefinizin olmaması o demək deyildir ki, qəbul etdiyiniz qərarlar mütləq düzgün olmayacaq.

Mükafat üçün risk

Depressiv əhval-ruhiyyə bizim risklərdən çəkinməyimizə səbəb olur.

Alimlər düşünürlər ki, bu bədbin adamların yaxşı nəticələrə nikbin adamlarla müqayisədə daha az inanmasından irəli gəlir.

Yəni bədbin insanlarda yaxşı əhvalla mükafatlanacaqlarına ümid daha az olur. Bu xüsusilə də söhbət uduşlu oyunlardan gedəndə doğrudur.


Kart oyunları ilə aparılan təcrübələrdə bədbin adamlar hansı variantın uduş gətirəcəyini yadda saxlamaqda daha çox çətinlik çəkirlər.

Buna görə də belə oyunları nikbin adamlar bədbinlərdən daha yaxşı oynayırlar.

Depressiv simptomları olan oyunçular həm də nikbinlərlə müqayisədə riskə girmək məsələsində daha mühafizəkar olurlar.

Buna görə də onlar qələbə və ya uduş şansı çox da yüksək olmayan risksiz variantları seçir, daha riskli, lakin daha böyük mükafat potensialı olan variantlara getmirlər.

Bütün bunlar laboratoriya tapıntılarıdır, amma təcrübə göstərir ki, bu nəticələr real həyatda da eyni rolu oynayır.

SAD sindromu olan adamlar xüsusilə də qış aylarında belə sindromu olmayanlarla müqayisədə yaxşı maliyyə qərarları qəbul edə bilmirlər.

Amma digər tərəfdən qərar qəbulunda risklərdən çəkinmə heç də həmişə pis xüsusiyyət deyil.


Bu xüsusilə doğrudur, çünki əksər sağlam insanların əks-problemi – “aşırı optimizmi” olur. Əksər adamlar yaxşı şeylərə inanmağa meyllidirlər. Məsələn çox az adam xərçəngə tutula və ya avtomobil qəzasına uğraya biləcəyini düşünür.

Halbuki statistika tamam başqa şey deyir. Bundan başqa biz həyatımıza nəzarət etdiyimizə əslində olduğundan daha artıq inana bilirik.

Gözləndiyi kimi pessimist insanlar bu sayaq tələlələrə düşmürlər. Onların “depressiv realizmi” o deməkdir ki, onlar vaxt fasilələrini qiymətləndirməkdə və başqa adamların qərarlarının onları necə təsirləndirə biləcəyini görməkdə daha dəqiq olurlar.

Bundan başqa onlar optimistlərdən fərqli olaraq risklərə daha çevik cavab verə bilirlər.

Bütün bunlar o mənaya gəlməməlidir ki, bədbin adamlar ümumiyyətlə gələcəyi görməkdə ustadırlar. Məsələn Dünya Kuboku matçlarının proqnozlarını nikbinlər bədbinlərdən daha dəqiq verə bilirlər.

Burada başqa bir ifratçılıq da var. Optimistlər gələcəyi yalnız çəhrayı rənglərdə görə bilərlər. Amma onlar həm də arzuladıqları gələcəyin gerçəkləşməsində daha əzmkardırlar.

Əslində daha böyük nikbinlik daha çox karyera uğurlarına, daha yaxşı sağlamlığa, daha yaxşı münasibətlərə təkan verə bilir.

Bir araşdırmada 97 min qadın nəzərdən keçirilib. Eksperiment başlananda onların heç birində xərçəng və yaxud ürək-damar xəstəlikləri yox idi.

Səkkiz ildən sonra məlum olub ki, pessimistlər və ya bədbinlər, optimistlər və nikbinlərlə müqayisədə ürək xəstəliklərinə daha tez tutulublar.

Bu mənada əgər həyati bir qərar qəbul etmək istəyirsinizsə, əhvalınızın daha yaxşı olacağı günləri gözləmək olar.

Axı depressiv simptomlar qərar qəbuletmə prosesinə müdaxilə edə, bəlkə də qərarın qəbul edilməsini imkansız edə bilər.


Uzun yay günləri bizi daha qətiyyətli edir.

Beləliklə əhval və qərar qəbul etmək arasındakı münasibət sadə deyil.

Bu o deməkdir ki, siz qərarı nə vaxt qəbul etmək barədə düşünəndə bunun necə bir qərar olacağı barədə düşünürsünüz.

Bu qərar fəlakətli itkilərə səbəb ola bilərmi? Bu halda ehtiyatlı olmaq, realist baxışa malik olmaq lazımdır.

Onda qış vaxtı qərar qəbulu üçün daha yaxşı ola bilər? Hər bir şeyin oyuna qoyulduğu qərarlarda biz nəticənin qeyri-müəyyənliyi dərəcəsini də qəbul etməliyik. Elə isə bəlkə də əhval-ruhiyyənin daha yüksək olduğu yayda qərar vermək lazımdır?

Əgər qərar qəbul etmək məsələsində çıxış yolu görmürsünüzsə, bəlkə də günəş parıltısının qayıdacağı günləri gözləmək lazımdır.

Kim bilir, bəlkə də bu təkcə əhvalınızı yox, həm də qərarsızlığınızı düzəldər.

İstinad

Buna da bax...

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi – VİDEO

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan …