Baş səhifə / Cəmiyyət / “Vidalaşacağımı bilməsəm də, bilən kimi idim” – Qurban Qurbanov

“Vidalaşacağımı bilməsəm də, bilən kimi idim” – Qurban Qurbanov

Azərbaycan millisinin baş məşqçi postundan gedən Qurban Qurbanov brifinq keçirib.

Moderator.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

“Açığı, iclasda az iştirak etdim. çünki mənim məsələm çox müzakirə olunurdu. Ona görə kənarda durmalı idim. İcraiyyə Komitəsinin üzvlərinin hər birinə təşəkkür etdim ki, bu 1 ildə millidə oldum. İşimizi vicdanla yerinə yetirməyə çalışdıq. Futbolda nəticələr alına da bilər, alınmaya da. Əlbəttə, uzunmüddətli proqram əsasında çalışmaq danışığımız olmuşdu. Ancaq hər bir halda, işimiz elədir ki, nə qədər uzun müddətə müqavilə bağlasaq da, çemodanımız yanımızda olmalıdır. Çünki fikirlər dəyişə, üst-üstə düşməyə bilər”.

– Bəs aşağı yaş qruplarındakı baş məşqçilər necə olacaq?

– Hələ dünəndən məlumat verilmişdi ki, hamı istefaya göndəriləcək. Həmin müzakirə hissəsində mən olmadım. Sonra iclasa daxil oldum, onda Hakimlər Komitəsinin tərkibi müzakirə olunurdu. Məşqim olduğu üçün 10-15 dəqiqə oturdum və çıxdım.

– Nəzərdə tutulan proqramla qalsaydı, millini yeni mərhələ çıxa bilərdinizmi?

– İndi durub hər hansı fikir bildirməyim düzgün olmazdı ki, qalsaydım, belə olardı. Artıq yollarımızı ayırmışıq. Ümumiyyətlə, kollektiv oyunda təməli möhkəm etməlisən ki, sonra nəticə olsun.

– “Sıfırdan başlamışıq” fikrinizi ifadə edəndən sonra sizə qarşı münasibət dəyişdi…

– Yox, inanmıram. Bu gün də deyirəm ki, həqiqətən sıfırdan başlamalıyıq. Ümumiyyətlə, bu gün futbolumuzun çatışmayan cəhətləri çoxdur. Hələlik fakt budur.

– Hər halda, 6 illik müqavilənin qarşılığında müəyyən plan irəli sürmüşdünüz. Niyə buna imkan vermədilər?

– Onlara 6 illik plan verməmişdik. Bu, elə bir şeydir ki, mərhələ-mərhələ bunu etməliyik. Sonda belə oldu.

– Üzərinizdən böyük bir yük qalxdığını düşünürsünüzmü?

– Bilmirəm, ola bilər. Mənə sual verilmişdi ki, iki yerdə işləyəndə necə etmək olar? Mən “Qarabağ”la millini bir-birindən ayırmamışdım. Hər biri böyük məsuliyyət tələb edir və hər birində çox vicdanla çalışmalıyıq. Bunu elədim. Rahatam. Bu işlərdə daha diqqətli olmalıyıq.

– Azərbaycan məşqçiləri arasında uğurlarınıza görə ən elitada siz idiniz. Onda belə çıxır ki, yaxın bir neçə ildə millinin “sükanı arxası”nda yerli mütəxəsssis gözləməyək?

– Bilmirəm ki, bu suala mənə vermək olar, ya yox.

– Artıq millidən getmisiniz və kənardan baxırsınız…

– Cavan məşqçilərimiz gəlir və hələ ki, federasiyanın üzərinə buraxmaq lazımdır. Dəfərlərlə demişəm ki, cavabdeh AFFA-dır və daha düzgününü axtarıb tapacaqlar.

– Düşünmürüsünüz ki, sizə qarşı haqsızlıq oldu?

– Ümumiyyətlə heç vaxt belə fikirdə olmamışam. Dəfələrlə belə təcrübənin şahidi olmuşuq.

– İclasa gələndə, artıq bilirdinizmi ki, milliylə vidalaşaqsınız?

– Bilməsəm də, belə deyək bilən kimi idim.

– Qurban Qurbanov millidən göndərildi, yoxsa özü getdi?

– Qarşılıqlı oldu. İK üzvləri belə qərara gəldilər ki, iki yerdə işləməklə bağlı səhv addım atıblar.

– Nəyi düz, nəyi səhv etdiniz? Qalsaydınız, nəyi aradan qaldırmaq istərdiniz ki, məhz bu səhvə göər işiniz düz getmədi?

– Gəlin, qalsaydıq deyə düşünməyək. Ancaq olduğum müddətdə çalışdım ki, hər şeyi düz edim. Əlbəttə, düşüncələrim belə idi ki, nəticə olsun. Bəlkə bilmədən, düşünmədən hər hansı səhvə yol verə bilərik. Ancaq inanın ki, hər bir şeyi düz etməyə çalışdım.

Buna da bax...

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi – VİDEO

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan …