Baş səhifə / Cəmiyyət / “Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi”

“Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi”

“İnsanlarımızın teatra və gəzməyə getməyə imkanı yoxdursa, onlar televiziyaya baxırlar. Telekanallarımızda isə xoruz döyüşdürürlər”

Bunu Moderator.az -a açıqlamasında xalq artisti Afaq Bəşirqızı efirlərimizlə bağlı problemlərə münasibət bildirərkən deyib. A.Bəşirqızı bildirib ki, bu istiqamətdə ciddi tədbirlər görülməlidir:

“Mənə elə gəlir ki, qadın zorakılığının baş verməsində insanların teatrdan uzaq düşməsinin çox az təsiri var. Siz cəmiyyətdəki vəhişiliklərə, telekanallarımızdakı biabırçı verilişlərə nəzər salın. Telekanallarımız oyansın. İnsanlarımızın teatra və gəzməyə getməyə imkanı yoxdursa, onlar televiziyaya baxırlar. Telekanallarımızda isə xoruz döyüşdürürlər. Bu sənətkar adını qazananlar da o xoruz döyüşlərinə gedirlər. Məəttəl qalmışam ki, bu adamlar nə fikirləşirlər. Bunlara çox lazımdır ki, o biabırçı verilişlərə çıxalar. Bütün bunlar hamısı ümumi cəmiyyətin tərbiyəsi deməkdir. Qadına qarşı zorakılıq da, sevgi də, nifrət də cəmiyyətdə baş verən cərəyandan doğur. Ona görə də təkcə biz bunu teatrla əlaqələndirə bilmərik. Əvvəllər belə bir əhvalat danışırdılar: “Bir adam cinayət törətməyə hazırlaşır və cinayəti törədəciyi vaxtın çatmasını gözləmək üçün teatra gedir və tamaşaya baxdıqdan sonra bu fikrindən daşınır”. Belə yazılara dəfələrlə rast gəlmişik. Amma bütün bunlarla bərabər bu bir nəfərin deyil, ümumi cəmiyyətin təqsiridir”.

A.Bəşirqızı insanların teatra getməməsinə də münasibət bildirib:

“Səməd Vurğun deyirdi ki, “Çörək bol olarsa, basılmaz vətən”, gərək bütün işlərin yolunda getsin ki, qalan vaxtını teatrda istirahətinə həsr edəsən. Amma şükürlər olsun ki, tamaşaçı cəhətdən şikayət etmirəm, yəni oynadığım tamaşalarda zal dolu olur. Tamaşaçılarıma öz təşəkkürümü bildirirəm və Allahımdan razıyam ki, mənə bu sənəti verib. Mən vicdanım qarşısında həmişə təmiz olmuşam, heç vaxt tamaşaçıya fərq qoymamışam, zalda oturanların kimliyindən asılı olmayaraq onlara bərabər şəkildə xidmət etmişəm”.

A.Bəşirqızı baş verən hadisələrin bu qədər ictimailəşdirilməsinin də yolverilməz olduğunu deyib:

Bu gün kompüterdə baş verən biabırçılıqlara, saytlarımızda qoyulan yazılara görə, xəcalət çəkirəm. Mənim 16 və 14 yaşlarında nəvələrim var, istər-istəməz onlar telefonla saytlara girib baxırlar. Ayıb deyilmi?! Qadının başının qırxılması məsələsi bu qədər müzakirəyə səbəb oldu. Guya əvvəllər belə şeylər yox idi, bundan da dəhşətliləri var idi, amma bu qədər ictimailəşmirdi. Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi, çünki “Yaxşı çaparın altında, at axsamaz”. Böyüklərimiz çox səhvə yol verirlər, Rusiyanın 3-5 manatının dərdindən övladlarını yaşlı kişilərə verib bədbəxt edirlər. Qadınlar uşaqlarını qoyub evdən qaçırlar. Nənəm rəhmətlik deyirdi ki, “Dünyanın axırı bəs necə olur ki?”. Nə abır, nə həya, nə böyüyə hörmət qalıb. Metroda bir-birilərini döyürlər, öpüşürlər. Bütün bunların hamısına bir çarə fikirləşmək lazımdır. Nənəm demişkən, “Artıq tumanbağı əldən gedib”, bundan sonra belə bir cəmiyyətdə nə fikirləşəcksən. Mənim siz gənclərə yazığım gəlir. Siz, övladlarınızı nəylə aldadacaqsınız? Sovetin cizgi filmlərini porno şəklində saytlara qoyurlar. Belə şey olmaz axı, biz onlara sevə-sevə baxmışıq, onunla böyümüşük. “Uzaq sahillərdə” filmi veriləndə həmin gün sevincimizdən bilmirdik ki, neyləyək. İndi bizim təmiz hisslərimizə gülünc kimi baxırlar ki, hansı eradan qalıb. Uşaq cizgi filmləri hamısı vəhşiliklərlə doludur, uşaqlar stresə düşürlər, qorxurlar. Bu gün Kinostudiyamızın günündən danışın. Kinostudiya deyilən bir şey yoxdur. Ədil İsgəndərovun vaxtında onun ətrafında bir ağac əkməyə heç kimin ixtiyarı yox idi, amma indi pəncərələri yoxdur”.

Vasif Əlihüseyn

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …